“Avropa istəyir ki, nə qədər mümkündürsə, o qədər qaz göndərək”

Avropa ölkələrində yeraltı qaz anbarlarında yay aylarında toplanmış qaz ehtiyatının 90,8 faizi istifadə olunub.
Trend-in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" təşkilatı bildirib.
Qeyd olunur ki, fevralın 12-ə olan vəziyyətə görə, yeraltı qaz anbarlarında aktiv qaz ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz və 9,9 milyard kubmetr azdır. Eyni zamanda "Gas Infrastructure Europe"un hesabatına əsasən Avropanın yeraltı qaz anbarlarında doluluq səviyyəsi 34 faizdən aşağı düşüb.

Ötən ayın sonunda doluluq səviyyəsi 40 faizə yaxın idi.

Avropada təbii qaz ehtiyatına tələbat genişlənir.  Rusiya və Ukrayna arasındakı gərginlik təhlükəni daha da artıra  bilər. Çünki Avropanı rəsmi Kiyev qaz ilə təchiz edir. Azərbaycanla  Qərbin qaz tədarükü ilə bağlı müzakirələr aparılır. Məsələn,  Trans-Adriatik (TAP) boru kəməri vasitəsilə hər il təxminən 8 milyard kubmetr Azərbaycan qazı İtaliyaya nəql olunur.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı Xalid Kərimli təkcə qaz qiymətlərində yox, əmtəə qiymətlərində də kəskin bahalaşmanın olduğunu vurğulayıb:

“Siyasi məsələlər və müharibə riskləri qazın tarifinə təsir edir və qiyməti sürətli şəkildə bahalaşdırır. Təbii ki, ölkələr də öz enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə ehtiyatlarını artırırlar. Hamı da bunu etmək istəyəndə qiymət yenidən yüksəlməyə başlayır. Məsələn, həmin ölkələr əvvəldən bilirdilər ki, problem olmayacaq, az ehtiyat götürürdülər. İndi problem ehtimalı var deyə daha çox tədarük almaq istəyirlər və nəticədə qiymətlər bahalaşır. Həm qış sezonu yekunlaşır, həm də Rusiya-Ukrayna gərginliyində bir az yumşalmalar müşahidə olunur. Bunlar qazın qiymətinin bir az aşağı düşməsinə gətirib çıxara bilər”.

 Ekspert Azərbaycan və Avropa əlaqələrindən də söz açıb:

“Azərbaycan Qərbin enerji təchizatında Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə iştirak edir. Ümumiyyətlə, TANAP qaz kəmərinin illik tutuculuğu 16 mlrd kub metrdir. 30 mlrd. kub metrə qədər artırıla bilər. TAP-ın ötürücülük qabiliyyəti isə, 10 mlrd. kub metrdir. 20 mlrd. kub metrə qədər qaldırıla bilər.

 2020-ci ildə Avropaya cəmi 4 mlrd. kub metr qaz ixrac etmişik. 2021-də bunu 7 mlrd. Kub metrə qədər yüksəltmişik. Bu il isə, 10 mlrd kub metrə çatdırıla bilər. Gələcəkdə daha da artırlması haqqında düşünürük. Bütün bu rəqəmlər Qərbin qaz tələbatının 1-2 faizini təşkil edir”.

İqtisadçının fikrincə, Azərbaycanın bu sahədə potensialı olmadığı üçün Rusiyanın yerini tuta bilməz:

“Azərbaycanın Rusiyanı Avropa bazarında əvəzləməsini fikirləşmək yalnız xəyaldır. Nə iri həcmdə qaz göndərə biləcək borumuz var, nə də ehtiyatımız. Bu, diversifikasiya üçün əhəmiyyətlidir. Avropa istəyir ki, biz nə qədər mümkündürsə, o qədər qaz göndərək. Yaponiya da öz ehtiyatından artıq qalan sıxılmış qazı Qərbə yönləndirir. Əslində, Rusiyanın "Qazprom" şirkəti Avropaya qaz göndərir. Hazırkı siyasi proseslər enerji bazarında gərginlik yaradır. Azərbaycanın nüfuzu güclənsə də, imkanlarımız məhduddur. Yalnız bağlanmış müqavilələrə əsasən qazla təchiz edirik”.

Cəmilə ƏZİM