Proqnoz:“...Neftin qiyməti 120-130 dollara qədər yüksələ bilər”

Azərbaycan neftinin qiyməti 100 ABŞ dollarını keçdi. “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,13 ABŞ dolları və ya 3,20 faiz artıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 100,76 ABŞ dolları təşkil edib.Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Neftin qiymətinin yüksəlməsinə təsir edən amilləri açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli "sherg.az"a bildirib ki, hazırki situasiyada geosiyasi məsələlər nəzərə alınmalıdır:

“Neftin qiyməti fundamental iqtisadi səbəblərə görə artmır. Dəyərinin yüksəlməsinə Ukrayna-Rusiya münaqişəsi təsir göstərir. Toqquşmaların olması ilə bağlı ehtimallar qiymətin qalxmasına səbəb olur. Ona görə Azərbaycan nefti bu səviyyəyə çatdı. Hətta Ukrayna-Rusiya arasında toqquşmalar baş verərsə, neftin qiyməti 120-130 dollara qədər qalxa bilər. Amma gərginlik azalsa, qiymətin aşağı düşməsi ehtimalı var. Müharibə riski Rusiyanın enerji mənbələri təhdid altında olacaq. Həmçinin Qərb ölkələri şimal qonşumuza sanksiyalar tətbiq edə bilər. 

Brent markalı neftin dəyəri 1 barelə görə 94 dollara qədər azalıb. Bu da göstərir ki, yüksələn qiymətlərin bir müddətdən sonra azalması da mümkündür. Artım üçün iqtisadi əsaslar var. Lakin indiki geosiyasi proseslərdə iqtisadi əsaslar çox rol oynamır”.

Xanlar ƏLİBƏY