İnflyasiyanın qarşısını almaq çətin olacaq

Çünki rəqabətli mühitin yaradılması ilə bağlı ciddi addımlar görmürük

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayıb.

Həmin göstərişdə deyilir ki, ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun qaydalarla - ticarət əlavələri hesabına sabitləşdirilməsi nəzərdə tutulur. Əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır. 

REAL Partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, sərəncamda on beş gün müddətində təkliflərin verilməsi ilə bağlı vaxt müəyyənləşdirilib:

"Bu sərəncamların passiv tərəfləri də var. Gömrük və vergi rüsumları ilə də bağlı hansısa dəyişikliklərin olması gözlənilir. Amma hələ ki konkretlik yoxdur. Ötən gün imzalanan sənədlərə bənzər sərəncamlar olub. Amma bu heç də inflyasiyanın qarşısını kəsən sənədlərə çevrilməyib. İnflyasiya ilə mübarizənin əsas metodlarından biri rəqabətli mühitdir. Təəssüf ki, bu rəqabətli mühitlə əlaqəli ciddi addımların atılmasını görmürük. Hətta rəqabət məcəlləsinin özü belə hələ qəbul olunmayıb. On beş gündən sonra daha geniş şərh etmək olar".