Bloomberg: Rusiyanın ən varlı iş adamlarının sərvəti 32 milyard dollar azalıb


Ukraynada vəziyyətin gərginləşməsi fonunda Rusiyanın ən varlı 23 biznesmeninin varidatı 32 milyard dollar azalıb.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, “Sibura” və “Novateka” kompaniyalarının direktorlar şurasının sədri Gennadi Timçenko 2022-ci ildə sərvətinin demək olar ki, üçdə birini itirib. İlin əvvəlindən bəri “Novateka” kompaniyasının idarə heyətinin sədri Leonid Mixelsonun itkisi 6,2 milyard dollar, “Lukoil” kompaniyasının prezidenti Vahid Ələkbərovun itirdiyi sərvət isə 3,5 milyard dollar təşkil edib.

Ümumilikdə isə Bloomberg agentliyinin “Milyarderlər İndeksində” (Bloomberg Billionaires Index) yer alan Rusiyanın ən varlı 23 biznesmeninin sərvəti ötən ilin sonlarında qeydə alınan 375 milyard dollardan 343 milyard dollara enib. Agentliyin 2012-ci ildən dərc etdiyi reytinqdə dünyanın ən varlı 500 insanının sərvəti barədə məlumatlar əks olunur.

Qeyd edək ki, fevralın 22-də Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın bir sıra banklarının aktivlərinin dondurulduğunu elan edib. Həmçinin Gennadi Timçenko, Boris və İqor Rotenberq qardaşları Londonun fərdi sanksiyalarına məruz qalıblar.