Qarabağa qayıdışdan sonra ölkədə mal əti xeyli ucuzlaşacaq


Hazırda otlaq sahələri ilə bağlı ciddi problemlər mövcuddur

İnsan orqanizminin inkişafı, hüceyrələrin yenilənməsi, sinir sistemlərinin möhkəmlənməsi və dərinin sağlamlığında ətin mühüm rol oynadığı hər kəsə məlumdur. Doğrudur, ət yeməyən bir qrup insan var ki, onlara da vegetarian deyilir. Amma ölkəmizdə ət sevən, onu gündəlik yaşamında önəmli qidaya çevirən insanlar çoxluq təşkil edir. Bəzən at əti kimi qanunsuz satışla məşğul olan obyektlər aşkarlanır. Yaxud gigiyena qaydalarına riayət etmirlər. Köhnə ətləri satışa çıxarırlar. Elə bu səbəblərdən insanlar inanıb, güvəndikləri ət mağazalarına müraciət edir. Alışı tanıdıqları yerlərdən həyata keçirirlər. Lakin ət satışının qiymətlərindən əhali arasında narazılıqlar da mövcuddur. 

Bahalaşma ilə bağlı etirazlar olur. Bildiyimiz kimi, ətin satış qiyməti məkana görə dəyişir. Adətən rayonlarda şəhərə nisbətən daha ucuz satılır. Hətta şəhərin belə müxtəlif ərazilərində qiymətlər arasında fərqlər müşahidə olunur. Təbii ki, icarə haqqı faktorunu nəzərə almaq lazımdır. Aydın məsələdir ki, şəhərin mərkəzində açılan ət mağazasındakı qiymətlər şəhərətrafındakı ilə müqayisədə daha baha olmalıdır. Amma bu, yenə də qiymətlərin dəyişməsindən razı qalmayan əhali üçün tutarlı səbəb deyil. Ötən ay bu barədə informasiyalar da yayılıb. İddialara görə, mal ətinin bir kiloqramının qiyməti 10 manat 50 qəpik və ya 11 manatdan 13-14 manata yüksəlib. 14 manata satılan quzu ətinin bir kiloqramının qiyməti isə 16-17 manat olub. Satıcılar bildirib ki, mal ətinin qiyməti eyni qalsa da, quzu ətinin qiyməti 15 manata qədər yüksəlib. Mart ayı üçün də bahalaşmanın olacağı ilə bağlı fikirlərə rast gəlirik.  

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, ətin qiymətinin regionlarda ucuz olmasına səbəb yaşayış səviyyəsidir:

"Bakıda əhali sayı və gəlirləri bölgələrə nisbətdə çoxdur. Həmçinin yer pulu da yüksək məbləğdədir. Bu göstəricilər qiymətə təsir edən amillərdir. Eyni zamanda digər faktorlar da var. Ətin qiymətinin artıb, azalmasına nüfuz edən amillər kənd təsərrüfarı məhsullarıdır. İlk növbədə heyvana verilən yem ucuz satılmalıdır. Ölkədə ətə olan tələbat ödənməlidir. Otlaq sahələri geniş olmalıdır ki, kəndli öz heyvanını otara bilsin. Təəssüf ki, ölkədə otlaq sahələri baxımından problemlər mövcuddur. Yəni bir çox mal-qara otlaqları yerlər müxtəlif şəxslərə satılıb. Bu isə heyvanların saxlanmasına mane olur".

İqtisadçının qənaətincə, mart ayında ətin qiymətinin indiki amillə qalxma faizi cüzi ola bilər:

"Zənn edirəm ki, Qarabağa qayıdış tezliklə həll olunsa, ölkədə ət məhsullarının qiyməti düşəcək. Yəni əhali tezliklə öz yurdlarına qayıdacaq. Beləliklə, artıq bizim ətə olan tələbatımız tam ödənilmiş hesab ediləcək. Buna səbəb Qarabağ və ətraf ərazilərdə otlaq sahələrinin bolluğudur. Oradan geniş istifadə edilə bilər. Məsələn, qardaş Türkiyəyə baxdıqda ölkəmizdə kənd təsərrüfatındakı vəziyyət ürəkaçandır. Düzdür, gəlirlər nöqteyi-nəzərdən qardaş ölkə bizi üstələyir. Amma yenə də təşvişə düşməyə ehtiyac yoxdur. Hazırda bir çox insanlar quş əti yeməyə can atır. Çünki azacıq da olsa, qiymət fərqi var. Baxmayaraq ki, quş əti də əhalinin gəlirinə görə qiymət baxımından yüksəkdir".