Azərbaycanda heç kim pul ehtiyatlarını rubulla saxlamır


Banklar da ona görə ehtiyat edirlər ki, uduzmasınlar

Bəzi banklar internet-bankinqdə rublla (nağd və nağdsız) əməliyyatların aparılmasına müvəqqəti məhdudiyyətlər qoyur. Sonradan bank bu məlumatı təsdiqləyib. Qeyd olunub ki, bu qərar maliyyə bazarında Rusiya valyutasının vəziyyəti ilə bağlıdır. 
Bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, rubl onsuz da Azərbaycanda çox istifadə olunan valyuta deyil:
"Heç kəs pul ehtiyatlarını, rublla saxlamır. Ölkə vətəndaşları kapitallarını daha çox dollar, avroya, ingilis funt-sterlinqinə etibar edir. Əgər kimsə Rusiyadan nəsə alırsa, yaxud ora gedirsə, rubl əldə edir. Hazırda heç kim rublun son dəqiqəyə olan məzənnəsini bilmir. Ona görə də banklarımız rubl əməliyyatından çəkinirlər ki, uduzmasınlar. Amma kiməsə rubl lazım olsa, düşünmürəm ki, banklar bu əməliyyatı yerinə yetirməsin. Lakin o məzənnə yəqin ki, onu alana sərf etməyəcək. Rublun taleyi dünyada acınacaqlı vəziyyətdədir. Günah da elə Rusiya dövlətinin rəhbərliyindədir".