Əsas odur ki, sərfiyyat qaydasında olsun


İnsanlar üçün sayğacın smart və ya mexaniki olmasının heç bir fərqi yoxdur

Ombudsman təbii qaz və içməli su sərfiyyatı üzrə son zamanlarda tətbiq edilən mexaniki sayğacların əvvəlki qaydada, “smart” tipli sayğaclarla əvəz edilməsini təklif edib.
Bu məsələ parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, informasiya texnologiyalarının sürətlə inkişaf və inteqrasiya etdiyi bir dövrdə təbii qaz və içməli su sərfiyyatı üzrə hesablamalar daha operativ və şəffaf qaydada həyata keçirilsin. Bu məqsədlə son zamanlarda tətbiq edilən mexaniki sayğacların əvvəlki qaydada “smart” tipli sayğaclarla əvəz edilməsi tövsiyə edilir.

Doğrudan da, əhali arasında yeni quraşdırılan sayğaclarla bağlı narazılıqlar gözdən qaçmır. Sakinlər mexaniki sayğacların sərfiyyatı çox hesablamasından şikayət edirlər. Aidiyyəti qurumlara problemin həlli mövzusunda müraciətlər müşahidə olunur. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlamasında bildirib ki, kommunal xidmətlər insanlara rahat, təhlükəsiz, əlverişli və əlçatan olmalıdır: 

"İlk növbədə mexaniki sayğaclarda sərfiyyat üzrə hesablamaların çox olması məsələsi araşdırılmalıdır. Müxtəlif ərazilərdən həm "smart" tipli, həm də mexaniki sayğaclarla bağlı olan funksionallıq ölçülməlidir. Hansının daha əlverişli, problemlərə az rast gəlinən olduğu müşahidə olunub, əvəzlənməyə qərar verilməlidir. Narazılıq smart sayğacların funksionallığında da var. İnsanlar üçün sayğacın smart və ya mexaniki olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, sərfiyyat qaydasında olsun. Hesab edirəm ki, monitorinq keçirilməlidir və kim hansı sayğacı münasib bilirsə, ondan istifadə etsin".