NONSENS! - “Ərzaq məhsullarının qiyməti kəskin bahalaşacaq”

Bir müddətdir ki, ərzaq məhsullarında qiymət artımı müşahidə edilir. Xüsusilə yağlarda bu artım daha çox nəzərə çarpır. Fərqi görmək üçün ötən ilin dekabr ayındakı qiymətlərlə mövcud qiymətləri müqayisə etmək yetərlidir. Türkiyədən idxal olunan duru yağın 1 litrində 2.50-3, Rusiyadan idxal edilən yağın 1 litrində isə 1.50-2 AZN-ə qədər bahalaşma müşahidə edilir.
Xammalı xaricdən gətirilməklə Azərbaycanda istehsal olunan duru yağın qiymətində isə 1 manata qədər qiymət artımı var.
Kərə yağında da vəziyyət fərqli deyil. İdxalçı şirkətlər növbəti aylarda qiymətlərin daha 30-50 faiz artacağını bildirir.
Ekspertlərin fikrincə, qısa müddətdə mümkün olmasa da, qarşıdakı dövrdə daxili istehsalı artırmadıqca, yağın qiyməti bahalaşmağa davam edəcək.
Qeyd edək ki, yanvar ayından bəri dünyada bahalaşma cərəyan edib. Daha sonra Rusiya və Ukrayna arasında müharibənin başlaması mövcud durumu daha da kritik vəziyyətə gətirib. Təbii ki, Azərbaycan da bu gərgin situasiyadan öz payını götürüb.

Bahalaşma ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı Ruslan Atakişiyev qiymət artımının səbəblərni izah edib:

“Məlumdur ki, son dövrlər ərzaq məhsullarının qiymətinə dair rəqəmlər getdikcə yüksəlir. Prosesin mahiyyəti onunla bağlıdır ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində şimal qonşumuzda, Qazaxıstanda və başqa dövlətlərdə məhsulun ixracı ilə bağlı məsuliyyətlər qoyurlar. 

Ümumiyyətlə,  karantin şəraitindən sonra tələbin artmasına görə qida məhsulları ilə əlaqədar təklifin, yəni pandemiyadan çıxan istehsalın tam cavab verə bilməməsi əsasında qiymət artımı gedirdi. Son dövrlərdə baş verənlər bunu sürətləndirdi”.

 İqtisadçı kənd təsərrüfatından başqa digər sahələrdə artımın kəskinləşəcəyini qeyd edib:

“Hesab edirik ki, Azərbaycanda qiymət artımı məsələsi kənd təsərrüfatı məhsulları ilə bağlı yayda yumşalma hiss oluna bilər. Amma digər məhsullarda bahalaşma davam edəcək. Xarici ekspertlər də dəyərlərin yüksəlməsi mövzuna nikbin yanaşmırlar. 

 Proses hər hansısa inzibati qaydada həll olunası məsələ deyil. Yəni sahibkarlara demək olmur ki, konkret olaraq filan qiymətdən artıq satmasınlar. Bu, bazar iqtisadiyyatına uyğun addım deyil. Nəticədə qıtlıq yaranar, məhsullarını satmaq istəyən olmaz. 

Ona görə də, sahibkar malın üstünə elə də yüksək rəqəm qoymur. Asılı olduğumuz xaricdəki məhsullarda qiymət artımı daha çox özünü büruzə verir. Türkiyədə də bahalaşma gedir. Oradan gətirilənlərdə bunu görmək olur. Xaricdən daxil olanlarda artım daha da qabaracaq”.