Azərbaycanda: “Afrika bananı 2, Şəmkir pomidoru 4 manatdır” Haqlı etiraz

Rəşad Həsənov:“Sadəcə, bildiyim qədər bu bazarda inhisarçılıq var. Həmin amil şərait yaradır ki, tədarükçülər qiymətləri rahat şəkildə daha yüksək faizlə artıra bilsinlər”

Son ayyarım ərzində uşaq qidalarının qiyməti 2 dəfə artıb. “Xəzər Xəbər”in məlumatına görə, əvvəllər minimum 3 manata təklif olunan uşaq qidasının qiyməti hazırda 5-6 manat arasında dəyişir.
Əczaçıların sözlərinə görə, uşaq qidalarında ilk dəfə artım 1 ay bundan öncə baş verib. Son 2 həftədə isə qiymət bir az da bahalaşıb. Əczaçılar bildirir ki, qiymət  artımına müştərilər də sərt reaksiya verir. Bəzi əcçazılar isə qiymət artımına səbəb kimi uşaq qidalarının daha çox xaricdən gətirilməsini göstərir. Xərclərin artmasının qiymətələrə təsir göstərdiyi bildirilir. 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılacaq.

Qeyd edək ki, yanvar ayından bəri dünyada bahalaşma özünü göstərir. Rusiya və Ukrayna arasındakı müharibə bu vəziyyəti daha da ağır vəziyyətə gətirib. Bu da, Azərbaycan iqtisadiyyatına təsir edib.  Ölkədə günü-gündən qiymət artımı yüksəlir.

“Sherg.az” xəbər verir ki, bahalaşma ilə bağlı sosial mediada adı çəkilməyən xanım video paylaşıb. Paylaşımda deyilir: 
“Afrikadan gələn banan 1, Şəmkirdən gələn pomidor isə, 4 manata satılır. İş burasıdır ki, Şəmkirdə pomidoru 50 qəpiyə ala bilərsən. Afrikada isə bananı mənfi 10000-ə almalısan ki, Azərbaycanda yolpulunu, yerpulunu və s. üstünə qoyub 1 manata satasan”.

Bu video sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Bir sıra ictimaiyyət nümayəndəsi həmin görüntüləri paylaşaraq xanımın etiraz dolu çıxışına haqq qazandırıb. 

Bahalaşma ilə bağlı “Sherg.az”a münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanda bu istiqamətdə 100 faiz asılılıqla uşaq qidaları istehsal olunmadığını qeyd edib:

“Bu, özü də müəyyən mənada əsas yarardır. Dünya bazarlarında rəqəm yüksələndə onu ölkəyə də idxal etmiş oluruq. Sadəcə, bildiyim qədər bu bazarda inhisarçılıq var. Həmin amil şərait yaradır ki, tədarükçülər qiymətləri rahat şəkildə daha yüksək faizlə artıra bilsinlər. Çünki qiymətin formalaşmasına çoxlu faktorlar təsir göstərir. Tələb və təklif gücü əsasında qiymətin yaranmasını şərtləndirir. Amma inhisar olanda fərqli faktorların təsirlərini neytrallaşdırmaq asan olur. Çünki insanlar məcburdur”.

 İqtisadçı-ekspert bildirib ki, indiki dönəmdə uşaq qida məhsulları gündəlik tələbat malları kimi ləğv edilənlər kateqoriyasına daxil olub:

“Belə bir şəraitdə bazarda inhisar olanda qiymətlərin diqtə edilməsi asanlaşır. Daha yaxşı olar ki, bu istiqamətdə müəyyən metodlardan istifadə olunsun. Hesab edirəm ki, uşaq qida məhsulları ölkəmizdə əczaçılıq məhsullarına bərabər statusda bir məhsuldur. Ən azından yerli istehsalın formalaşması və s. istiqamətində proseslər effekt verənə qədər bu malların qiymətlərinə hansısa formada yuxarı limitlər tətbiq edilə bilər. 

Ya da vergi və rüsumlardan azad edilməsi bu sahənin təşviq edilməsi yolu ilə bazarda təklifin artırılması və  qiymət optimallığının təmin edilməsi mümkün ola bilər”.