Əldə qalan özəlləşdirmə çeklərindən istifadə oluna bilər

Əliməmməd Nuriyev: "Özəlləşdirmə çeklərinin yenidən tədavülə qaytarılması ilə bağlı məsələ mürəkkəb olsa da, imkansız deyil"

Nazim Baydəmirli: "Milyonlarla vətəndaşın, əmlakın dövlətsizləşdirilməsi prosesinə cəlb olunması vacib idi"

Son dövrlərdə özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı ictimaiyyət arasında fikir formalaşıb. Bir sıra millət vəkilləri də çıxışlarında bu məsələni gündəmə gətirərək, çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər. Hətta mövzu ilə bağlı mediaya fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılması məsələsi müzakirəyə çıxarılıb: “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirələrində sözügedən məsələyə toxunulub. Lakin qeyd etməliyəm ki, özəlləşdirmə çeklərinin yenidən istifadə edilməsi ilə bağlı fikir yoxdur. Şəxsən mən təklif etmişəm ki, özəlləşdirmə çeklərindən istifadə etmək lazımdır. 

Çünki bu, onların payıdır. Ailələr vaxtında müəyyən səbəblərdən dolayı onlardan istifadə etməyiblər, lakin indi istifadə etməyə ehtiyac var”. Millət vəkili qeyd edib ki, təklif olunmasına rəğmən məsələ ilə bağlı son qərar hökumətindir: “Buna hökumət qərar verəcək ki, həmin çeklərdən istifadə etmək olar, ya olmaz. Çünki investisiya layihələrindən başqa bəzi şirkətlər arasında özəlləşdirmə prosesi də gedəcək. Ola bilsin ki, bununla bağlı o zaman qərar verilsin. Lakin sözügedən məsələ artıq bizim yox, hökumətin verəcəyi qərardır”. Qeyd edək ki, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 1 yanvar 2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. 

“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev vurğulayıb ki, problemin həlli üçün müəyyən addımlar atmaq olar. Ekspertin sözlərinə görə, məsələ ümidsiz deyil: 

"Özəlləşdirmə çeklərinin hansısa formada bərpası, yəni vətəndaşların özəlləşdirmə prosesində iştirakı ilə bağlı addımlar atmaq olar. Qiymətli kağızların vaxtı bir neçə dəfə uzadılıb. Fiziki şəxslərə imkan verilib ki, əllərində olan qiymətli kağızları dövriyyəyə buraxsınlar. Əfsuslar olsun ki, bəzi vətəndaşlarımız buna laqeyd münasibət bəsləmişdi. Çünki inamsızlıq var idi. Bir sıra şəxslər isə gözləmə mövqeyi tutmuşdular ki, vauçerlərin qiyməti bahalaşsın. Yəni vətəndaşlar müxtəlif səbəblərdən bu imkandan zamanında istifadə etməyiblər. Özəlləşdirmə çeklərinin yenidən tədavülə qaytarılması ilə bağlı məsələ mürəkkəb olsa da, imkansız deyil. Bəlkə hansısa formada problemin həlli mümkündür. Hökumətin hesabatı zamanı, yaxud Milli Məclisdə məsələ qaldırıla bilər. Yenidən gündəmə qaytarılma ehtimalı o qədər böyük olmasa da, var. Əldə nə qədər çeklərin qalması ilə bağlı da dəqiq məlumat olmalıdır. Özəlləşdirmə prosesi davam edir. Hər gün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əmlakların özəlləşdirilməsi ilə bağlı auksionlar keçirilir. Həm Prezidentin, həm də İqtisadiyyat Nazirliyinin qərarları ilə müxtəlif dövlət əmlakları özəlləşdirməyə çıxarılır”. 

Tanınmış iqtisadçı-alim, iş adamı Nazim Bəydəmirli də qeyd edib ki, milyonlarla vətəndaşın, o cümlədən büdcə təşkilatlarında çalışan müəllimlərin, həkimlərin, hərbçilərin və digər özəlləşdirilməyən müəssisələrdə fəaliyyət göstərən şəxslərin əmlakının dövlətsizləşdirilməsi prosesinə cəlb olunması vacib idi. Amma əfsuslar ki, bu, baş vermədi:

 “Ümumiyyətlə, Azərbaycanda vaxtı ilə özəlləşdirmə korrupsiya mexanizmi ilə müşahidə olundu. Qonşu ölkələrin təcrübəsi öyrənilmədi. Azərbaycanda özəlləşdirmə bir qrup məmurun əlinə keçdi. İndi bu məsələnin yenidən gündəmə gəlməsi ədalətli pay bölgüsü baxımından maraqlı və cəlbedicidir. 1990-cı ilin əvvəlində Azərbaycanın özəlləşməyə açıq olan 32 milyard dollarlıq dövlət əmlakı var idi. Hər vətəndaşa da ortalama 4 min dollarlıq dövlət əmlakının düşəcəyi barədə fikirlər var idi. Buna görə də müxtəlif müəssisələr, fabrik və zavodlar özəlləşdirməyə açılmışdı və onlardan istifadə olundu. Amma onlardan daha çox müəyyən məmurların faydalanması vətəndaşları narazı saldı. Həm də savadsızlıqdan dolayı iştirakçılıq təmin olunmurdu. Təsəvvür edin, əmək kollektivləri 15 faiz güzəştli özəlləşdirmə ilə verilməliydi, amma elə yerlər var idi, heç 1-2 faiz çek, yəni payçı olmurdu. Əgər vaxtında investisiya fondları yaradılsaydı, özəlləşmə prosesini daha ədalətli həyata keçirmək mümkün olardı. 

Aydın