Faydasını görəcəyik

Avropa İttifaqı Azərbaycanda aqrar sektorun inkişafına xüsusi dəstək verən qurumlardandır

Azərbaycanda kənd inkişaf proqramı pilot olaraq Lənkəran və İsmayıllıda tətbiq ediləcək. Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA)nın Layihələr və Proqramlar şöbəsinin müdiri Fərid Əmirov deyib. O bildirib ki, Avropa İttifaqının (Aİ) Azərbaycanda mövcud kənd təsərrüfatı yerlərinin inkişafı ilə bağlı qiymətləndirilməsi hesabatı hazırlanıb. Burada Avropa İttifaqının kənd yerlərinin inkişaf proqramlarının çərçivə elementlərinin Azərbaycanda necə istifadə ediləcəyi göstərilib. Pilot kənd yerləri olaraq Lənkəran və İsmayıllı seçilib. Kənd inkişaf tədbirlərinə aqroturizm, kiçik fermerlər arasında əməkdaşlıq, kənd yerləri üçün əsas xidmətlər, təsərrüfatların məsləhət xidmətləri, kəndlərdə texniki baxımın bərpası və mədəni irsin yaxşılaşdırılması aiddir. O əlavə edib ki, bu tədbirlər çərçivəsində əsas hədəf kiçik və orta fermerlik təsərrüfatlarının inkişafına nail olmaq və onların iqtisadiyyata töhfəsini artırmaqdır.

Millət vəkili Vüqar Bayramov “Şərq”ə açıqlamasında deyib ki, bütövlükdə Avropa İttifaqı Azərbaycanda aqrar sektorun inkişafına xüsusi dəstək verən qurumlardandır. Deputat vurğulayıb ki, Aİ-nin bu istiqamətdə bir sıra layihələri var: 

“Kənd təsərrüfatının inkişaf etdirilməsi, kəndlərin müasir tələb və çağırışlara uyğunlaşdırılması prioritet məsələdir. Pilot rayon və kəndlərin seçilməsi də məhz bu təcrübənin istifadə olunması, xüsusən Avropada tətbiq edilən təcrübənin daha geniş istifadəsi baxımından vacibdir. Həmçinin, bölgələrin tərəqqisi fonunda mühüm addımdır. Mərkəz və bölgələr, rayon və kənd arasında fərqi minimuma endirmək nöqteyi-nəzərindən zəruri sayılır.

  Layihələrin sayında artımlar var. Sadəcə beynəlxalq təşkilatların deyil, eyni zamanda Azərbaycan hökumətinin də dəstəyi ilə kənd təsərrüfatı sahəsinə önəmli layihələr reallaşdırılır. Qısa müddət ərzində bunun faydasını görəcəyimizə şübhə olmasın”.