Azad sahibkarlığın dəstəklənməsi prioritetdir

Yeni qanunla regionda yaşayan sahibkarların da kreditlərə çıxış imkanları genişlənəcək

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

  Azərbaycanda sahibkarlıqla bağlı yeni hazırlanmış qanun layihəsi Milli Məclisin dünənki plenar iclasında müzakirəyə çıxarılıb. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir. 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir. Ümumən, sözügedən layihə sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, dəstəyin formalarını və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyənləşdirir. Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda təsdiq edilib. 

Qeyd etmək lazımdır ki, hər bir ölkənin iqtisadi tərəqqisində onun azad sahibkarlıq və biznes mühitinin vəziyyəti vacib rol oynayır. 

Təbii ki, dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir. Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq olar. Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır. 

  Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Belə hesab edilir ki, qarşıdakı onillikdə dünyada hər 10 iş yerindən 7-si kiçik və orta sahibkarlar tərəfindən yaradılacaq. Ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizinin kiçik, orta biznes subyektləri (KOB) olması kiçik və orta sahibkarlığın böyük potensiala malik olduğunu göstərir. KOB-ların ölkə iqtisadiyyatında rolunun və çəkisinin artırılması davamlı iqtisadi artımın təmin edilməsi baxımından prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin sistemli islahatları nəticəsində xüsusilə son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının artırılması, aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi, eləcə də kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi, müxtəlif iqtisadi xidmətlərin "bir pəncərələr" vasitəsilə həyata keçirilməsi, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların azaldılması, icazələrin asanlaşdırılması istiqamətində xeyli işlər görülüb. 

Bütün bunların hər birinin əsasında dövlət başçısının tapşırıqları, müəyyən etdiyi vəzifələr, iqtisadi siyasət dayanır. Bu sahədə görülən işlər olduqca təqdirəlayiqdir. Bütün bunlarla yanaşı, kiçik və orta biznesin inkişafının stimullaşdırılmasına, iş adamlarının biznes layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə təkmil və çevik dövlət dəstəyi mexanizminin yaradılmasına ehtiyac var. Məsələn, təcrübə göstərir ki, bəzən iş adamlarının daxili bazarı araşdırmadan iş qurması sonda istənilən nəticəni vermir. O cümlədən, sahibkarların öz hüquqlarını, ölkə qanunvericiliyinin tələblərini, vergi inzibatçılığını bilməmələri də müəyyən neqativ hallara səbəb olan amillərdir. Əlbəttə, bürokratik əngəllərin mövcudluğunu da inkar etmək olmaz. Başqa bir reallıq ondan ibarətdir ki, kiçik və orta sahibkarlığın potensialından tam istifadə olunmur. Bunun da əsas səbəblərindən biri əvvəldə qeyd etdiyim problemlərin müxtəlif səviyyələrdə özünü göstərməsidir. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə fəaliyyətlərinin düzgün təşkili ilə şərtlənir.

  Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, Azərbaycanda liberal iqtisadiyyatın formalaşması, azad sahibkarlığın daha yaxından dəstəklənməsi prioritet məsələdir. Deputat vurğulayıb ki, “mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi bütövlükdə sahibkarlığın inkişafının dəstəklənməsi, stimullaşdırılması və eyni zamanda dövlət dəstəyinin artırılmasını nəzərdə tutur:

 "Nəzərə alaq ki, maliyyələşmə mənbələrinin genişləndirilməsi, dövlət dəstəyinin artırılması yeni mexanizmin tətbiq olunması həssas istiqamətlərdəndir. Xüsusən, son dövrlər sahibkarlığın inkişafı bütövlükdə iqtisadi siyasətin əsas prioritetləri sırasındadır. Eyni zamanda kiçik, orta sahibkarlığın inkişafı ilə bağlı bir sıra məqamlar var. Məsələn, sahibkarların maliyyə imkanlarına çıxışının artırılması və bu yöndə dövlət dəstəyinin gücləndirilməsi aktual məsələlərdən biridir. Kommersiya banklarının təklif etdiyi kreditlərin cəmi 17 faizi regionlarda yaşayan vətəndaşlarımız tərəfindən götürülür. Bu da ondan xəbər verir ki, regionlarda yaşayan sahibkarların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır. Yeni qanun layihəsi bu kimi problemlərin aradan qalxmasına şərait yaradacaq".