Zibildən də pul qazanırlar


  Pandemiya həyat şərtlərini çox dəyişdi. Bəziləri üçün bu mərhələ qorxunc keçdisə də, bəziləri üçünsə yeni həyata başlamaq fürsəti oldu. “Şərq” şəhərdəki rahat yaşayışını kəndin gözəlliyinə, həm də çətinliklərinə dəyişən Kəsikbaş ailəsinin hekayəsini “Milliyet.com”a istinadən anladır. Kəndə köçmək qərarını əvvəlcə “1 həftədən artıq qala bilməyəcəyik”, tərəddüdü ilə qarşılayan Kəsikbaş ailəsi artıq 1 ildir Amasyadadırlar. Kənd həyatının özəlliklərini anladan Özləm Kəsikbaş köç səbəbini belə anladıb: “İstanbuldakı evimizi kirayə verərək ailəmizin yanına qaçdıq desəm, daha doğru olar. Böyük şəhərlər işləmək və təhsil almaq baxımından avantajlı görünsə də, kəndə köçdükdən sonra bu avantajın əslində illərdir bizi necə yorduğunu və bezdirdiyini hiss etdik. “Niyə də burada yeni bir həyata başlamayaq”, deyə özümüzə sual etdik və uşaqlarla birlikdə yeni evimizin sxemini çəkməyə başladıq. Və evimizi inşa etdik. Bir həftə dayana bilməyəcəyimizi düşündüyümüz kənddə 1 ildir çox rahat yaşayırıq. Artıq təbiətin və əllərimizlə inşa etdiyimiz evimizin dadını çıxarırıq”. Maraqlı budur ki, Kəsikbaş ailəsi 150 min türk lirəsi ilə yola çıxıb. Evin sadə inşaatına 100 min, içiqarışıq bütün təmirə isə 200 min  xərcləyiblər. Ö.Kəsikbaş evin təmirində ustalara bütün ailə üzvlərinin yardım etdiyini deyib: “Uşaqlar da evin tez təmir edilməsində maraqlıydılar deyə, hər işdə həm ustalara, həm də bizə yardım edirdilər. Evin divarlarını özüm boyadım. Tavan yüksək idi, hoppana-hoppana onu da özüm boyadım. Öz evimizi ərsəyə gətirirdik, bu, bizə böyük zövq verirdi”. Ö.Kəsikbaş deyib ki, kənd həyatının ən çətin dövrü qış aylarıdır, xüsusən də soba qalamaq: “Amma bu bizi təbiətlə iç-içə yaşamaqdan usandırmır. Ən çox təəccüb etdiyim kənd sakinlərinin soba qalamaq dərdindən qışda şəhər mərkəzinə köçmələridir. Kəndlilərdə qəribə bir şəhər həsrəti var. İlk fürsətdəcə şəhərə qaçırlar. Toxumluq meyvə-tərəvəz də tapılmır artıq. Mövsümə görə hazır şitillər alırlar, hibrit məhsul yetişdirməyə can atırlar. Xalqımız üçün vacib olan təbii yaşam şərtləri, təəəssüf ki, zaman-zaman beləcə yox olur”. Ö.Kəsikbaş deyib ki, həyat yoldaşı təqaüddədir. Valideynlərindən öyrəndiyi üsullarla hazırda tarlada çalışır: “Mən isə toxum yetişdirərək təbii məhsul becərməyimizə yardım edirəm. Öz məhsulumuzu becərməyimiz, qışa ərzaq tədarük etməyimiz bazardan alış-verişimizi yarıya qədər azaldıb. Şəhərdə hər gün nə qədər zibil çıxırdı evdən. Şəhərdə zibil hesab edilənlər burada gəlir mənbəyidir. Məsələn, meyvə, yemək artıqlarını, heyvanlara yem olaraq veririk, yandırıla bilən şeyləri soba üçün saxlayırıq, yumurta qabıqlarını da gübrə olsun deyə torpağa basdırırıq. Anlayacağınız, zibil hesab edilənlərdən də pul qazanırıq”. Ö.Kəsikbaş deyib ki, Günəşin doğuşu oyanıb, batışı ilə istirahət edirlər. Günəşli günlərdə bağçadan evə keçmək belə istəmirlər. Bağçada çalışmaq onlara çox xoşdur, bundan zövq alırlar. “Biz bura gələrkən, “heç İstanbulu buraxıb buralara gəlinirmi?” deyənlər də oldu, ancaq biz indi İstanbul haqqında düşünmək belə istəmirik”, söyləyən Özləm Kəsikbaş şəhər həyatının stresindən xilas olduqlarına sevinir və  deyir ki, “hər kəs bunu bacara bilər. Sadəcə, istək və çalışmaq lazımdır”.