Milyonlar qazanırlar...

Nə qədər maarifləndirici işlər aparılsa da, sosial çarxlar, sosial reklamlar işlənib hazırlansa da, yenə də siqaret çəkənlərin sayı azalmır, üstünə bir də narkomaniya əlavə olunur 

"Təbliğat, maarifləndirici işlərlə əhalini bu mənfi vərdişlərdən əl çəkməyə istənilən səviyyədə təşviq edə bilməyən hökumətlər çıxış yolunu qadağalarda görür"

İnsan siqaretə bir dəfə əl uzatdısa, ondan qurtulmağı çox çətindir. Hərçənd iradəsi, sağlam düşüncəsi sayəsində siqaretlə birdəfəlik vidalaşanlar da var. İndi hesaba vuraq, insan 18-20 yaşlarından siqaret çəkməyə başlayır

  Yeni Zelandiyada  gələn ildən tütün məmulatlarına tamamilə qadağa tətbiq ediləcək. Bu barədə məlumatı BBC yayıb. Qeyd olunub ki, ölkə parlamentinin qəbul etdiyi qanuna əsasən, 2008-ci ildən sonra doğulan hər kəs heç vaxt siqaret və ya tütün məmulatı ala bilməyəcək. Bu o deməkdir ki, tütün ala bilənlərin sayı ildən-ilə azalacaq. Məsələn, 2050-ci ilə qədər 40 yaşlı insanlar siqaret almaq üçün çox gənc olacaqlar.

Qanun layihəsini təqdim edən səhiyyə naziri Ayeşa Verrol bunun siqaretsiz gələcəyə doğru bir addım olduğunu bildirib: “Minlərlə insan daha uzun və sağlam ömür sürəcək, səhiyyə sistemi siqaretin səbəb olduğu xəstəliklərin müalicəsi ehtiyacını aradan qaldıraraq 3,2 milyard ABŞ dolları qazanacaq”.  Noyabr ayında açıqlanan hökumət statistikasına görə, Yeni Zelandiyada siqaret çəkmə nisbətləri artıq tarixi minimuma enib, keçən il 9,4 faiz ilə müqayisədə böyüklərin cəmi 8 faizi gündəlik siqaret çəkir.

  Siqaretin sağlamlığa ziyanı bəlli, tütün istehsalçılarına isə xeyri, zatən bəllidir. Bəlli olmayan siqaretdən istifadənin səbəb olduğu xəstəliklərin müalicəsinə sərf olunan vəsaitin siqaret satışından əldə edilən gəlirə nisbətidir. Məsələn, dövlət siqaret satışından əldə etdiyi gəlirdən imtina edə bilərmi, siqaretdən xəstələnənlərin müalicəsinə sərf olunan vəsaitin böyüklüyünü nəzərə alaraq?

  İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında narkotik maddələr kimi, siqaret, spirtli içkilərin satışından da dövlət büdcələrinin xeyli gəlir əldə etdiyini dedi: 

- Söhbət konkret hansısa dövlətdən getmir. Bütün dünyada hökumətlər siqaret satışından da, spirtli içkilərdən də, narkotik maddə satışından da (qeyri-qanuni olsa da) gəlir əldə edirlər. İstehsalçılar da həmçinin (o cümlədən narkotacirlər). Bunların hamısı sağlamlığa ziyan vuran, narkotik maddələr isə insanı insanlıqdan çıxaran zərərli vasitədir. Nə qədər maarifləndirici işlər aparılsa da, sosial çarxlar, sosial reklamlar işlənib hazırlansa da, yenə də siqaret çəkənlərin sayı azalmır, üstünə bir də narkomaniya əlavə olunur. Təbliğat, maarifləndirici işlərlə əhalini bu mənfi vərdişlərdən əl çəkməyə istənilən səviyyədə təşviq edə bilməyən hökumətlər çıxış yolunu qadağalarda görür.  Müxtəlif qanunlar qəbul edir, qaydaları, qadağaları sərtləşdirirlər. Azərbaycanda da “Tütün məmulatlarından istifadə”yə dair bir sıra qadağalar mövcuddur. Məsələn, ictimai yerlərdə, qapalı məkanlarda siqaret çəkilməsinə icazə verilmir, yetkinlik yaşına çatmayanlara siqaret satışına qadağa var və sair. Lakin bu qadağalar hədəfə çatmaq üçün yetərsiz görünür. Bu baxımdan Yeni Zelandiyada qəbul olunan qanun, əlbəttə, mütərəqqi hesab edilməlidir. Yəqin ki, orada mütəxəssislər, elm adamları cəmləşib siqaretin gətirdiyi bəlaların aradan qaldırılmasına sərf olunan xərclərin siqaret satışından əldə ediləcək gəlirlərlə müqayisədə böyük olduğunu müəyyənləşdiriblər və bu qərara gəliblər ki, siqaret satışına qadağa qoyulsun, əvəzində insanların sağlamlığı qorunsun, həkimlərə müraciət edənlərin və müalicə alanların sayı azalsın, nəticədə müalicə xərcləri də azalsın, bu xərclər səhiyyə sisteminin inkişafına yönəldilsin. Amma burada bir məqam var. Söhbət hansı səhiyyədən gedir? Dövlət tabeliyində olan səhiyyə müəssisələrindən, yoxsa özəl səhiyyə sektorundan. Dövlət səhiyyəsidirsə, bəli, müalicə xərclərinin azalması müsbətdir. Amma özəl sektora, bu, sərf etməyəcək. Müraciət edənlərin sayının azalması, özəl sektorun maliyyə itkisinə səbəb olacaq. Belədə dövlət özəl sektorun zərərini qarşılamalı olacaq. Əks halda özəl sektor böyük çəkidə maliyyə itkisi ilə üzləşə bilər. 
  Siqaret satışından əldə olunan gəlirlə, siqaretdən xəstələnənlərin müalicəsinə sərf edilən vəsaitin müqayisəsinə gəlincə, Ə.Həsənov bunları söylədi: 
- Əlbəttə, siqaret satışından əldə olunan gəlir çox böyükdür, nəinki siqaretdən xəstələnənlərin müalicəsinə sərf edilən vəsait. Baxın, siqaret çəkməyə insanlar, hesab edək ki, daha çox kişilər, hərçənd siqaret çəkənlər arasında qadınlar, hətta gənc qızlar da artıq bəlli bir çəkiyə malikdir, orta hesabla götürsək, gənc yaşlarında başlayır, hardasa yuxarı siniflərdən başlamış, qocalıb həyatdan köçənədək. 25-30 yaşdan sonra siqaret çəkməyə başlayanlar azdır, eləcə də yaşının ahıl çağında siqaretdən imtina edənlər də. İnsan siqaretə bir dəfə əl uzatdısa, ondan qurtulmağı çox çətindir. Hərçənd iradəsi, sağlam düşüncəsi sayəsində siqaretlə birdəfəlik vidalaşanlar da var. İndi hesaba vuraq, insan 18-20 yaşlarından siqaret çəkməyə başlayır, ta ki vəfat edənə qədər. Bir insanın siqaret istehsalçısına qazandırdığı qazancı hesablayıb qurtara bilmərik. Bəs siqaretdən xəstələnən insanların neçə faizi həkimə müraciət edir, müalicə olunur? Buna da dəqiq cavab tapmaq çətindir, çünki belə bir hesablama indiyədək aparılmayıb. Yalnız təxmin etmək olar, ətrafımızda baş verənləri nəzərə alaraq. İnsanlar hətta xəstələndikdə də siqaretdən əl çəkmirlər, onu “xilaskar” gözündə görməkdə davam edirlər. Nə qədər insan var ki, xəstələnir, amma müalicə almır. Siqaretdən imtina üçün həkimə müraciət edənlər məncə, çox azdır. Bir insan az qala ömrü boyu siqaret istehsalçısına xeyir verir, amma səhiyyəyə də “ziyan vermir”. Yəni müalicə almır. Dövlətin onun üçün ayırdığı səhiyyə xərclərindən istifadə etmir. Amma təbii ki, hər şey pulla ölçülmür. Sağlam vətəndaş dövlətə daha çox xeyir verə bilər, nəinki xəstə vətəndaş. Ona görə də hesab edirəm ki, bizdə də siqaret çəkənlərin sayında azalmaya tədricən nail olmaq üçün, ilk növbədə qanunlar sərtləşdirilməli, ikinci isə təbliğat işi gücləndirilməlidir. Elə etmək lazımdır ki, siqaret çəkənlər əhalinin az qismini təşkil etsin.