Bu il qiymət artımı qaçılmaz olacaq

Artıq yeni ildən marketlərdə şampun, sabun, dezodorant, ət bahalaşıb

Buna səbəb cari ildə maaş və pensiyaların artırılacağı xəbəridir

  Yeni ilin ilk günlərində ərzaq məhsullarının qiymətində müəyyən dəyişmələr nəzərə çarpır. Əsas ərzaq məhsulları hesab edilən unun qiyməti aşağı düşüb, dana ətinin qiymətində isə bahalaşma olduğu deyilir. Bəzi məlumatlara görə, ətin qiyməti 20 manata qalxıb. Satıcılarsa bu xəbəri təkzib edir. Ətin qiymətinin (sümüklü, sümüksüz) 2022-ci ildə olduğu kimi yenə də 13-16 manat arası dəyişdiyini bildirirlər. İlin sonu verilən iqtisadi proqnozlar diqqətə alınarsa, qiymət artımının labüdlüyü nəzərdən qaçmamalıdır. Köhnə ilin son günləri demək olar bütün marketlər endirim kampaniyaları həyata keçirdi. Doğrudur, endirimlər cüzi idi, lakin ümumi bazarlıqda fərqi hiss etmək olurdu. 

Hazırda isə qiymət artımı müşahidə edilir. Bunu isə ekspertlər market şəbəkələrinin endirim kampaniyalarını kompensasiya etmək cəhdi ilə izah edir. Köhnə ildə endirimlə satışa çıxarılan məhsulların əvəzinə digər məhsulların qiymətini artırmaqla ziyanı qapatmağa çalışırlar. Ət məhsulları da bu qəbildəndir. Bayramqabağı məhsulların qiymətində endirimə getməklə alıcı cəlb etməyə çalışanlar, bayram günləri arxada qalan kimi qiymətləri yeni ilə uyğunlaşdırır. Ətin qiymətinin qalxmasını isə bayramqabağı ət məhsullarına yaranan böyük tələbat səbəbindən bazara daha çox məhsulun çıxarılması, nəticədə bayramdan sonrakı mərhələ üçün məhsulun qıt olmasıyla izah edirlər. 

  İqtisadçı Rauf Qarayev hesab edir ki, ətin qiymətindəki dəyişiklik otlaq sahələrinin azlığı, yemin bahalaşmasıdır. Amma ən başlıca səbəb statistikamızda olan problemlər, düzgün olmayan proqnoz, kadrların yerində olmaması, inflyasiya, monopoliyadır:

 “2023-cü il bahalaşma ili olacaq. Artıq yeni ildən marketlərdə şampun, sabun, dezodorant, ət bahalaşıb. Yalnız un bir qədər ucuzlaşıb. Buna ucuzlaşma demək olarsa. 41 manatdan 38 manata düşüb və bu da çörəyin qiymətinə təsir etməyəcək”. İqtisadçı Pərviz Heydərov da hesab edir ki, qiymət artımı qaçılmaz olacaq: 

“Yeni ilin ilk günləri olsa da, artıq bir çox qiymətlərdə artım var və bahalaşma prosesində sanki yeni vüsət başlayıb. Hesab edirəm ki, buna səbəb, cari ildə maaş və pensiyaların artırılacağı xəbəridir. Hələ məlum deyil, artım hansı istiqamətlərdə və nə qədər olacaq, amma qiymətlər indidən hərəkətə keçib. 

Bu da birmənalı olaraq 2023-cü ilin dövlət büdcəsindən dövriyyəyə buraxılması nəzərdə tutulan əlavə vəsaitlərin qabaqcadan mənimsənilməsi deməkdir”.