Himayədar ailələrə aylıq müavinətlər ödəniləcək


Hər ay yoxlama olmalıdır ki, ayrılan vəsait himayəyə götürülmüş uşağa həqiqətənmi xərclənir

  “Sosial müavinətlər haqqında” qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunaraq plenar iclasa təklif olunub. Bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov  bildirib ki, dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək: 

“Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləği dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək. Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir”. Deputat qeyd edib ki, dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır.

  Sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, aylıq, eləcə də birdəfəlik müavinətlərin ödənilməsi müsbətdir. Lakin burada bir sıra diqqət edilməli məqamlar var: 

- İlk növbədə müavinətlərin xərclənməsində şəffaflıq təmin edilməlidir. Müavinətlərin aidiyyəti üzrə xərclənməsinə ciddi nəzarət olmalıdır. Bu iş ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində konkret hansısa şöbəyə, yaxud hər rayon üzrə icra hakimiyyətləri nəzdindəki xüsusi şöbələrə tapşırılmalıdır. Əməkdaşlar hər ay yoxlamalıdır ki, ayrılan vəsait himayəyə götürülmüş uşağa həqiqətənmi xərclənir və nəyə xərclənir; geyiməmi, qidalanmayamı, məktəb ləvazimatlarına, təhsiləmi? Ərazi üzrə tibb müəssisəsiylə əlaqə saxlanmalıdır ki,uşaq vaxtlı-vaxtında tibbi müayinədən keçirilirmi, müalicə lazımdırsa, edilirmi və sair. Bu işə məsul əməkdaşlar himayəyə götürülmüş uşağın yaşadığı mənzilə qəfil səfərlər etməlidir. Baxmalıdırlar ki, uşağın qidası necədir, özünü necə hiss edir, ona basqı varmı, yoxsa mehriban ortamda böyüyür. Bu məsələdə ciddi yanaşılmalı məqamlar çoxdur. Bir sıra ölkələrdə himayədar ailədən ödənilən vəsaitlərin xərclənməsi üzrə ödəniş çekləri tələb olunur. Bununla vəsaitin hara xərcləndiyini müəyyənləşdirirlər. Bizdə də belə qayda tətbiq edilməlidir. Və ödəniş çekləri aidiyyəti quruma təqdim olunmalıdır. Ya fərdi, ya da elektron qaydada. Uşaqlardan sorğu vasitəsilə də yaşayışları haqqında bilgi əldə etmək olar.  Amma nəzərə alaq ki, uşaq azyaşlı, fikrini ifadə edə biləcək yaşda olmaya da bilər. Yaxud müəyyən fiziki qüsurlu uşaqdan suallara dolğun cavab almaq mümkün olmaya da bilər. Ona görə də himayədar ailələrə ciddi nəzarət önəmlidir. Nəzarət olmalıdır ki, dövlətin ayırdığı vəsait itib-batmasın, ünvanlı olsun.  
E.Bayramlı ödəniləcək müavinətin miqdarı məsələsinə də toxundu: 
- Hesab edirəm ki, müavinətlərin miqdarı yaşayış minimumundan aşağı olmamalı, hətta yüksək olmalıdır. Ölkədə yaşayış minimumu 246 manat təyin edilib. Hərçənd, bu, istehlak səbətini təşkil edən məhsulların hazırda müşahidə olunan qiymətləriylə tərs-mütənasibdir. Bütün hallarda himayədar ailələrə ayrılacaq müavinətlərin miqdarı, heç olmasa, bu civarda təyin edilməlidir. Himayədar ailələrin də tipi müəyyənləşməlidir. Bilinməlidir, himayəyə götürmə məcburidir, yoxsa könüllü. Məcburi deyiləndə belə anlaşılmasın ki, kimisə buna məcbur edirlər, uşaq himayəyə götürsün. Bəzən elə hallar olur ki, valideynlərini itirmiş uşaq yaxın qohumlar tərəfindən himayəyə alınır. Baba, nənə, digər yaxın qohumlar uşağa sahib çıxırlar, başqa ailəyə verilməsinə razı olmurlar. Bunu vəziyyət tələb edir. Bir də var, könüllü şəkildə kimlərsə uşaq övladlığa götürmək üçün müraciət edir. Hər iki halda ailələrin maddi durumu dəqiqləşməli və müavinətlər buna görə təyin edilməlidir. Hətta ola bilər, himayədar ailənin uşağı himayəyə götürdüyü zaman maddi vəziyyəti yaxşı olsun, lakin sonra pisləşsin. Dövlət orqanları belə fərqlilikləri də nəzərı almalı və mövcud vəziyyətə uyğun davranmalıdırlar.