Payızda ətin qiyməti bahalaşacaq?

Çünki heyvandarlıq üçün gərək olan örüş yerləri pambıq sahələri ilə əvəzlənib

  Payızda yeni qiymət artımı gözlənilir. Bu barədə “Şərq”ə iqtisadçı Pərviz Heydərov bildirib. İqtisadçı qeyd edib ki, payızda ətin qiyməti qalxacaq: “Bunun səbəbləri var. Ölkədə pambıqçılığa üstünlük verildi, bu sahəyə diqqət ayrıldı. Heyvandarlıq üçün gərək olan örüş yerlərini pambıq sahələri əvəzlədi. Kənd yerlərində insanlar heyvandarlıqla məşğul ola bilmir, çünki örüş sahələri azdır. Mal-qara, ətlik heyvanların sayı azaldıqca, ətin qiymətinin qalxması da labüdləşir. Pambıqçılıq da lazımlı sahədir. 

Lakin bir sahəni dirçəltmək üçün başqa birini məhv etməklə kənd təsərrüfatında inkişafa nail olmaq mümkün deyil”. İqtisadçı qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərimiz kənd təsərrüfatının, o cümlədən taxılçılıq və heyvandarlığın inkişafı üçün münbit şərait yaradır: “Amma burada risklərin minimuma endirilməsi vacibdir. Müharibə ehtimalının tamamilə aradan qalxacağı və minalanmış ərazilər tamamilə təmizlənəcəyi təqdirdə, bəli, Qarabağ zonasında kənd təsərrüfatının inkişafı üçün əsl perspektiv açılacaq. Qarabağ torpağı münbitdir, verimlidir. Amma o torpaqlardan planlı şəkildə, ciddi proqramlar işlənərək istifadə edilməlidir”.