Bayramqabağı ətin qiyməti bahalaşacaq? -AÇIQLAMA

Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyvanların sayı təxminən 7 milyondan bir az artıq olub. Bölgələrdə 3-4 aylıq quzuların kəsimə verilməsi, damazlıq genofondunun azalmasına səbəb olur.
Oxu.Az "İTV Xəbər"ə istinadən məlumat verir ki, alıcılar da daha çox yaşı az olan quzuların ətini almağa üstünlük verdiklərini deyirlər. Onlar seçimlərini aşağı çəkili quzuların ətinin daha dadlı olması və tez bişməsi ilə əlaqələndirirlər.
Fermerlər isə bildirirlər ki, heyvanlar kiçik yaşda kəsildikdə onların maya dəyəri iqtisadi baxımdan çox baha başa gəlir.
Qəssablar isə deyirlər ki, bazarın tələblərinə uyğun davranmağa məcburdurlar:
"Quzularımız Beyləqan, Ağcabədi və Bərdədən gəlir. Balaca quzulara çox tələb var. Onların çəkisinə, dadına, tamına görə balaca quzular üstünlük təşkil edir".


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda xırdabuynuzlu maldarlıq təsərrüfatlarının sayının kəskin azalmasının bir sıra səbəbləri var:

“Birincisi, örüş əraziləri getdikcə azalması və son illərdə iqlim dəyişikliyi ilə bağlı örüş sahələrindəki ot örtüyünün kifayət qədər olmamasıdır. Yəni ot örtüyü demək olar ki, azalmaqdadır. Bu da xırdabuynuzlu maldarlıq təsərrüfatları üçün bəslənmə çətinlikləri yaradır. Əlavə olaraq yataq və örüş ərazilərinə təsərrüfat suyunun çatdırılmamasıdır. Su təminatı ilə bağlı örüş sahələrinin ciddi problemləri var. Bu problemlərin ortadan qaldırılması istiqamətində müvafiq dövlət proqramı qəbul olunub. Düşünürəm ki, yaxın illərdə icrasına başlanacaq. Digər tərəfdən isə örüş sahələrinin təyinatı üzrə istifadə edilməməsi halları mövcuddur. Belə olan təqdirdə xırdabuynuzlu maldarlıq təsərrüfatlarını inkişaf etdirmək çətinləşir. Məsələn, biz 2020-ci  ildə Azərbaycanda 8 milyon 308 min baş qoyun var idisə, bu rəqəm 2024-cü  ildə yeddi milyona qədər azalıb. Təxminən 1 milyon 300  başdan çox qoyun sayında azalma müşahidə edilib. Qoyunçuluq təsərrüfatlarının inkişaf etməsi üçün müvafiq olaraq dövlət dəstəyi proqramları da hazırlanmalıdır. Xüsusilə burada əsasən yüngül sənaye sahələrinin birbaşa qoyun əsərrüfatları ilə  əlaqələndirilməsinə diqqət etməliyik. Azərbaycanda qoyun yununun dövlət sifarişi ilə alınması həyata keçirilməlidir. Bu gün Azərbaycanda qoyunçuluq təsərrüfatları olan fermerlər yunu çox ucuz qiymətə satırlar. Türkiyədə, Belarusiyada və bir sıra Azərbaycanla müqayisə edilə biləcək ölkələrdə qoyun yununun dövlət tərəfindən normal qiymətə alınmasının şahidi oluruq. Bununla bağlı sifarişlər mövcuddur. Bu, sənayenin inkişafına səbəb olan ən başlıca amillərdən biridir”. 

Ekspertin sözlərinə  görə qoyunçuluq təsərrüfatlarında süd və süd məhsullarından istifadə Azərbaycanda azdır:
“Xüsusilə də yeni sortların yaradılması, məhsuldarlığın inkişaf etdirilməsi, istiqamətində də çox az iş görülüb. İribuynuzlu maldarlıq təsərrüfatlarının yaranması, süni mayalanma, yeni sortların əldə olunması istiqamətində bir sıra dövlət proqramları icra olunub və kifayət qədər uğurla həyata keçirilməkdədir. Amma biz bunu qoyunçuluq təsərrüfatlarında müşahidə etmirik. Yəni qoyunçuluq təsərrüfatlarında nəsli qocalmış cinslərin yeni, daha məhsuldar cinslərlə əvəz edilməsi və yeni sortların yaradılması istiqamətində də mühüm addımlar atılmalıdır. Lakin bunun da şahidi olmuruq. Bu səbəbdən də qoyunların sayında ciddi şəkildə azalma müşahidə olunur. Digər bir tərəfdən baytarlıq təminatı problemi də var. Məsələn, qoyunların infeksiya və yaxud da digər xəstəliklərdən kütləvi tələf olma halları baş verir. Bu zaman fermerlər baytarlara müraciət edərkən çətinliklə üzləşirlər. Dərman təminatında,  dərmanların keyfiyyətsiz olması ilə bağlı bir sıra çətinliklər mövcuddur. Eyni zamanda, yemin qiymətinin baha olması və bu kimi kifayət qədər problemlər var ki, bu da qoyunçuluq təsərrüfatlarının zəifləməsinə gətirib çıxarır. Bayram qabağı ətlərin qiymətinin qalxması müşahidə oluna bilər. Hesab edirəm ki, keçici bir dövr üçün az da olsa, bahalaşma olacaq. Lakin adətən Yeni il bayramı ərəfəsində ətin qiyməti bahalaşmır. Əsasən ətin qiymətində Novruz bayramında və Qurban bayramı dönəmlərində bahalaşma baş verir. Qış aylarında bazara qoyun daha çox təklif olunur. Çünki qışda kənd fermerlərinin gəlirləri azalır. Bu zaman onlar qoyunların bir qismini satmaq üçün bazara çıxarırlar və bazarda təklif çoxalır. Tələb isə dəyişmir, əvvəlki səviyyədə qalır. Bu baxımdan da qiymətlərin bahalaşacağını gözləmək doğru olmaz. Düşünürəmki, ciddi bahalaşma baş verməyəcək”.