Şairəni hədələdilər, polisə müraciət etdi


Tanınmış şair, saytımızın əməkdaşı, “El bizim, sirr bizim” verilişinin aparıcısı Səhər Əhməd təhdid olunduğunu açıqlayıb.

O, Kulis.az a bildirib ki, bununla bağlı polisə müraciət edib:

“Aparıcısı olduğum verilişdə qadınları təhqir edənlərə qarşı kəskin irad tutduğuma görə neçə gündür təhdidə məruz qalıram. Adıma saxta profillər açılır. Dünən axır ki, təhdidlərin birində ipucu verilib. Şəklim paylaşılaraq altına: "Sən filankəsi verilişdə incitmisən" yazıblar. Axşam 102 xidmətinə zəng etdim, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron poçtuna şikayət məktubu ünvanladım.”

Səhər Əhməd daha sonra əlavə edib:

“Səhhətimlə bağlı çox həssas durumda olduğum üçün vəziyyətim pisləşib. Gərgin və əsəbi durumdayam. Həyatım üçün ciddi təhlükə olduğunu düşünürəm.

Övladlarının mənəvi zərbə aldığını qeyd edən şairə məsələni hələlik mətbuat üçün konkretləşdirmək istəmədiyini bildirib:

“Şərəf və ləyaqətimi alçaldan insanın cəzalanmasını istəyirəm. İşlə hüquq-mühafizə orqanları məşğul olur deyə, konkretləşdirmirəm. Təkcə onu deyim ki, mən Azərbaycan qadınlarını təhqir edən biriylə mübahisə edəndən sonra bu proses başlayıb.”