“Pianoda ifa edəndə özümü xoşbəxt hiss edirəm” - Gənc musiqiçi

"Çalışıram, çox müraciət edilməyən və fortepianoda ifası olmayan əsərləri ifa edim"

Musiqi insan ruhunu qidalandıran sirli bir vasitədir. Səni başqa dünyaya aparır, sanki nağıllar aləminə çəkir. Amma ancaq istedadlı və əzmkar insanlar bu sehrli gücdən istifadə edə bilirlər. Onlardan biri də gənc musiqiçi Nərmin Abdullayevadır. 

- Özünüzü haqqından oxucularımıza məlumat verərdiniz, zəhmət olmasa...

-Mən Nərmin Abdullayeva, 20 yaşım var. 2006-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsil almağa başlamışam. Bəstəkarlığa  marağım olduğu üçün bu sahəyə gəldim. 2 il Bülbül adına orta ixtisas məktəbində bəstəkarlıq üzrə Əziz Qəmbərlinin sinfində təhsil almışam. Hazırda Bakı Musiqi Akademiyasında 3-cü kursda bəstəkarlıq ixtisası üzrə Ceyhun Allahverdiyevin sinfində təhsil alıram. 

- Bu sahəyə həvəsiniz necə yaranıb?

- Uşaq yaşlarından incəsənətin bir çox sahələrinə marağım olub. Pianoya  həvəsim isə daha çox idi. Evdə piano ilə məşğul olan yoxdu, amma həmişə  mənəvi cəhətdən mənə dəstək olublar. Musiqiyə bir qohumumun məsləhəti ilə gəlmişəm. Sonradan bu sahəyə marağım daha da böyüdü.

-Piano sizin üçün nədir?

-Necə ki, insanlar onları xoşbəxt hiss etdirən işlə məşğul olurlar, mən də piano ifa edəndə özümü xoşbəxt hiss edirəm. Hərdən düşünürəm ki, görəsən, pianoda sevdiyim musiqiləri ifa edə bilməsəydim, bu hissi nədən ala bilərdim? Pianonun ağ, qara dilləri insanı başqa bir dünyaya aparır. 

-Bu sahəni seçəndə ailənizin reaksiyası necə oldu?

-Anam həmişə həkim olmağımı istəyirdi. Amma bu sahəyə olan marağıma da hörmətlə yanaşıblar. Sadəcə çətin sahə olduğuna görə  bu mövzuda çox düşünməmi istəmişdilər. Ancaq ona qarşı olan sevgim bizi qovuşdurdu.  

-Nərmin xanım, pianoda ifa etmək üçün yaş amili nə qədər vacibdir?

- Yaşın nə fərqi var ki? Məsələn məşhur  pianoçu Raxmaninov musiqiyə gec yaşlarından başlayıb, amma  çox istedadlı olub. Sual verirlər ki, gələcəkdə istəyərdiniz ki, övladınız musiqiçi olsun? Həmişə bunun üçün xüsusi istedadın lazım  olduğunu deyirəm. Təkcə sıradan musiqiçi olmaq üçün yox, yeni mərhələlər kəşf etmək üçün daima çalışmalısan. Əgər doğuşdan istedadlısansa uğur qazanmaq asandır. Sonradan yaxşı musiqiçi olmaq üçün əzm, zəhmət labüddür. 

-Musiqi təhsilinizi davam etdirmək barədə nə düşünürsünüz? 

-Ola bilər, amma fərqli ixtisas-drijorluq ixtisası üzrə təhsil almaq istəyirəm. 

- Sosial şəbəkələrdə ifalarınızı izləyicilərinizlə bölüşürsünüz. İfalarınızı necə qarşılayırlar?

-İlk dəfə  “Bella Ciao” musiqisini paylaşmışdım və xoş qarşılanmışdı. Çalışıram, çox müraciət edilməyən və fortepianoda ifası olmayan əsərləri ifa edim. Hazırda məndən ifa etdiyim musiqilərin notlarını istəyirlər. Amma paylaşdığım musiqiləri notla deyil, eşidib ifa edirəm. Düşünürəm ki, gələcəkdə daha yararlı videolar bölüşüm. Onların həm notu, həm də videoları olacaq.

-İzləyicilərinizin ən çox bəyəndiyi ifalarınız hansı olub?

Daha çox Emin Sabitoğlunun “Ala gözlüm” musiqisi və “Nazəndə sevgilim” musiqiləri bəyənilib. 

-Necə düşünürsünüz, yaxşı bəstəkar necə olmalıdır?

-Yaxşı bəstəkar həm qəlbə, ruha toxunmağı bacarmalıdır, həm də düşündürücü olmalıdır.

-Azərbaycandan kənarda konsert vermisiniz?

- Bəli. 2013-cü ildə məşhur pianoçu  H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların Ümumşəhər festivalında diplomla təltif olunmuşam. 2014-cü ildə Gənc bəstəkarların XVII beynəlxalq    " Звездный проект" müsabiqəsində I yerə, 2016-cı il  Astana şəhərində keçirilən Gənc bəstəkarların III beynəlxalq  " Таланты XXI века" müsabiqəsində I yerə, 2017-ci ildə Astraxan Dövlət konservatoriyasının nəzdində  keçirilən bəstəkarların II beynəlxalq " Fructus Temporum " müsabiqəsində isə III yerə layiq görülmüşəm.
2019-cu ildə Moskvada keçirilən Elena Fabianovna Gnesinanın 145 illiyinə həsr olunmuş İfaçı və Bəstəkarların XI beynəlxalq «Романтизм: истокиигоризонты» müsabiqəsində "bəstəkar-ifaçı" nominasiyasında iştirak edərək Rusiyanın xalq artistləri, P.İ.Çaykovski adına Moskva dövlət konservatoriyasının fortepiano və bəstəkarlıq kafedrasının professorları V.P.Ovçinnikov, V.V.Belyayev və T.A.Çudova tərəfindən I yerə layiq görülmüşəm.

-Müasir Azərbaycan musiqisini necə qiymətləndirisiniz?

- Bizim Qara Qarayev, Niyazi, Tofiq Quluyev, Fikrət Əmirov kimi Azərbaycan musiqisinə böyük töhfə verən bəstəkarlarımız olub. Düşünürəmki, biz çox istedadlı xalqıq, sadəcə zaman-zaman təmbəl olmuşuq. Bəlkə də, təmbəl olmasaydıq, neçə xəzinənin qapısını açmışdıq. Onların davamçıları da milli musiqimizi dünyada layiqincə qiymətləndirilər.

-Son olaraq gənc musiqiçilərə nə demək istəyərdiniz ?

-Başqa sahələrdə olduğu kimi, bu sahədə davamlı çalışmaq tələb edir. Bunun üçün davamlı çalışmaq, əzmkar olmaq lazımdır. Məhz bunlar uğur əldə
etməyin əsas prinsipləridir.


Ayan Rzayeva