“Professionallığa tərəf gedənlər, əsl musiqiyə qulaq asıb, peşəkar film izləyənlərin sayı azdır”
“Yalnız musiqili meyxana janrında oxuyanlar daim rayonda, kənddə toylardadırlar. Mən isə elə toylara getmirəm”
“Həmin mahnıların ifaçıları bir dənə professional mahnı oxuya bilməz, mümkün deyil!”
Son illər zövqləri korlayan, əsl musiqisevərlərin ürəyinə “od salan” ucuz, bayağı “musiqili meyxana” tipli mahnıların sayı çoxalıb. Sözlərində də, bəstəsində də istedad təravəti gəlməyən bu mahnılar gənclərin beynini zəhərləməyə, əsrarəngiz musiqi mədəniyyətimizə kölgə salmağa davam edirlər. Onlar yayıldıqca dinləyicinin seçimi dəyişir, artıq meyxana sayağı şərqilərə üstünlük verməyə başlayır. Həmin janrın müğənniləri də bu situasyanı görərək belə mahnıları daha çox oxuyur, sosial şəbəkələrdəki baxış sayı ilə az qala özlərini sənətkar adlandırırlar.
Bəs Üzeyir bəyin açdığı musiqi cığırı necə olacaq? Xan Şuşinskiləri, Bülbülləri, Şövkətləri, Rəşidləri yetişdirən torpağa belə şit, ucuz musiqi və ya mahnılar yaraşırmı?
Sualmıza cavab tapmaq məqsədilə tanınmış müğənni Vaqif Şıxəliyevlə danışdıq.
-Vaqif bəy, niyə belə oldu?
-“YouTube” ilə əlaqəlidir. “Youtube”də oxuyub, populyarlaşdılar. Cavan müğənnilərdir, əksəriyyətinin də səsi yoxdur. Rahat olduğuna görə o musiqili meyxananın arxasınca qaçdılar. Beləcə də çoxaldılar. Xalqa da həmin mahnıları göstərdilər. İnsanlar da nəyi görürürsə onu sevir. Yoxsa başqa cür ola bilməzdi. Həm də o mövzularda oxumaq üçün savada ehtiyac yoxdur. Müğənnilər meyxanaları götürüb avazla oxuyurlar. Fikrimcə, bu, ciddi sənət deyil.
- Bəs bunların qarşısını almaq olarmı?
-Mümkün deyil. Hətta vəziyyət indikindən də pis ola bilər. Çünki musiqi azaddır. Kim harada istəsə oxuyub, “YouTube”də paylaşır. Xalqın da 80 faizinin musiqidən başı çıxmır. Başqa sahədə çalışan insan musiqinin dərinliyini bilmir. Yalnız musiqi savadına malik, ailəsində musiqiçi olan, bu sahədə təhsil almış insanlar dərinliyə vara bilər. Anlayışı olmayan insan da başa düşmür. Fikirləşir ki, belə də olmalıdır.
-Ən ağrı məqam da əksər gəncin əsl musiqimizdən xəbərsiz olmasıdı...
-Bəli, yeni nəsil - 20-25 yaşa qədər olanlar- heç xalq artistlərimizi tanımır. Azərbaycan filmlərinin adını da bilmirlər. Musiqimiz tamamilə unudulub, gedir. Atalar düz deyib ki, “Hər aşığın öz dövranı var”. İndi başqa cürdür, 20-30 il sonra da tamamilə fərqli musiqilər olacaq.
- Sizcə, indiki dinləyici kütləsində günah yoxdurmu?
- Dövr belədir, kim nəyi görür, onu da sevir, bəyənir. Professionallığa tərəf gedənlər azdır. Əsl musiqiyə qulaq asıb, peşəkar bir film izləyənlərin sayı kifayət qədər deyil.
Ona görə də indi “musiqili meyxana” Azərbaycanda digər janrları üstələyib. Onu da qeyd edim ki, həm lirik, həm də toy mahnıları meyxanaçıların əlindən keçir. Meyxanaçı yaxşı şair ola bilər, amma yaxşı bəstəkar yox. Özü də hamısının musiqisi plagiatdır.
- Elə olurmu ki, toyda sizdən musiqili meyxana istəsinlər?
-Toyda ifa edirəm, amma sırf bayağı oxumuram. Öz repertuarıma görə dinləyicim, müştərim və sevənlərim var. Onlar oxuduğum mahnılar üçün dəvət edirlər. Amma yalnız musiqili meyxana janrında oxuyanlar daim rayonda, kənddə toylardadır. Mən elə toylara getmirəm. Onların repertuarı başqadır. Həmin mahnıların ifaçıları bir dənə professional mahnı oxuya bilməz. Mümkün deyil!