Rəssamların onlayn satış sərgisi təşkil ediləcək


Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgidə respublikanın istənilən şəhər və rayonlarında yaşayan rəssamlar iştirak edə bilərlər.

İştirak etmək istəyən yaradıcı şəxslərdən 2 əsərin fotosunu, əsər və özü haqda məlumatı, əlaqə nömrəsi ilə birlikdə [email protected] mail adresinə göndərməyi xahiş olunur. Son müraciət tarixi avqustun 30-dəkdir.

Satış sərgisinə əsərlər peşəkar komissiya tərəfindən seçiləcək.

Azərbaycan rəssamlarının onlayn satış sərgisinin Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izlənilməsi nəzərdə tutulur.