"Döyüş bölgəsində deyiləm"

İlkin Əhmədov hərbi xidmətdə olduğu barədə yayılan xəbərləri yalanlayıb

“Əzizlərim, artıq 5 gündür ki, sosial şəbəkələrdən istifadə edə bilmirdim. Çünki düşmənin atəşkəsi pozaraq başladığı təxribata layiqli cavab verən şanlı ordumuzun əks hücumunu və torpaqlarımızın bir hissəsinin azad olunduğunu eşitdiyim günün səhəri  fərdi və könüllü olaraq döyüşlər gedən bölgələrə, ordumuza, əsgərlərimizə, cəbhə boyu yaşayan həmvətənlərimizə dəstək üçün yola düşdüm. Bu ərazilərdəyəm. Əlimdən gələni edirəm, sona qədər də edəcəm”.

“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış xanəndə İlkin Əhmədov deyib. O, instaqramda paylaşım edərək hərbi xidmətdə olduğu barədə yayılan xəbərləri yalanlayıb:

“Buradan sözüm bəzi saytlaradır. Dəqiq bilmədiyiniz informasiyanı (nə mənim haqqımda, nə də ümumi olaraq) mövcud vəziyyətlə bağlı qətiyyən verməyin. Bir çox sənət dostlarım kimi könüllü qeydiyyatdan keçmişəm.

Həm hərbi komissarlıqdan, həm də  yazılı şəkildə. Ancaq sözügedən bölgədə və yaxud başqa döyüş bölgəsində deyiləm. Bir daha saytlarımızdan xahiş edirəm.

Bölgə, ərazi  və sair adları çəkməyin. Ümumiyyətlə, Müdafiə Nazirliyinin tez-tez və dəqiq  verdiyi xəbərləri gözləyin”.