Beynəlxalq məhkəməyə müraciət olunmalıdır

Ermənilər tarixi abidələrimizə qarşı vandalizm hərəkətlər törədiblər


“Ermənistan tərəfdən işğal altında olan ərazilərdə yerləşən muzeylərə aid olan əlyazmalar və digər nümunələr dağıdılıb, yandırılıb. Hətta qarət edilərək bazarda da satılıb”.
Bu fikirlər  Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova məxsusdur. O, sözügedən məsələ haqqında  ADA Universitetində keçirilən tədbirdə danışıb: “Biz bəzilərini tapa bilmişik. İmkan olan kimi mədəni irsə aid olan nümunələrin qaytarılması üçün hüquqi məsuliyyət məsələsini qaldıracağıq.
Bəzi hərraclarda işğal altında olan torpaqlara aid olmayan, amma Azərbaycana məxsus olan mədəni irs nümunələri var.
Biz onları vətənimizə qaytarmağa çalışacağıq. Muzeylər açılandan sonra onlar ictimaiyyətə təqdim olunacaq”.


Məsələni “Sherg.az”a dəyərləndiərn tarixçi-alim Dilavər Əzimli həmin mövzu ətrafında bir neçə dəfə işlər aparıldığını söyləyib:

“Milli Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutu səviyyəsində işlər gedirdi. Hətta Tarix İnstitutu tarixi abidələrin siyahısı və erməni vəhşilikləri barədə  beynəlxalq məhkəməyə müraciətə qədər hazırlamışdı. Demək olar təqdim etmək üzrədir. Həmin müraciətdə bütün bunlar öz əskini tapıb. Xüsusi olaraq deyim ki, Mədəniyyət Nazirliyi tərəfindən yerində qaldırılmış məsələdir. Çünki Qarabağ  qədim Oğuz diyarıdır, babalarımızın yurdudur. Orada 3-4 mədəniyyət vəhdət şəkildə özünü tapıb. 

Xristian məbədləri, islam dininə məxsus məscidlər və sair abidələr var. Onların hamısını məhv ediblər. Məsələn, qədim alban xristian abidələrimizi tamamilə dəyişdirib, üzərindəki yazıları çıxarıblar. Onlar belə vandalizmi Sovet dönəmində gizli aparırdılar. Amma indi açıq şəkildə edirlər. 
 Onu da qeyd edim ki, orada qədim daş babalar var. Bütün dünyada bilirlər ki, həmin daşlar türklərə məxsusdur. Onların hamısını məhv ediblər. Hansı ki, tariximizi əks etdirən yadigarlar idi. Məsələn, qəbiristanlıqlarımıza qarşı da vandalizm törədiblər”.
 
Dilavər Əzimli həmçinin mənfur düşmənlərimizin Şuşada, Ağdamda, Qubadlıda, Zəngilanda, Laçında qədim abidələri taladıqlarını deyib:

“Bütün bu ərazilərdə həm də tanrıçılıq məbədləri yerləşir. Onları məhv edirlər. Qarabağda həm də arxeoloji cəhətdən zəngin olan abidələrimiz dağıdılır.  Azıx Mağarasında  qeyri-qanuni qazıntılar aparıblar.

Ağdam ətrafında arxeoloji abidələrimizə böyük ziyanlar vurublar. Vurduqları zərərin həcmi çox böyükdür. Bütün bunlar yenidən hesablanmalıdır. Beynəlxalq məhkəməyə müraciət olunmalıdır. Bunlar nə qədər ziyanlar vururlar. Vandalizmlər, dünya tarixində görülməmiş vəhşiliklər törədiblər.

Ona görə artıq həmin abidələrin hesabını sormağın vaxtı çatıb. Azərbaycanın elmi ictimaiyyəti də bu məsələdə Mədəniyyət Nazirliyi ilə birgə iştirak etməlidir”.