Qarabağda "dark turizm" də olacaq

Dünyanın bir çox ölkəsində bu təcrübə var

"Bu turizm ölkə ideologiyası üçün çox əhəmiyyətlidir. Burda iqtisadi, siyasi, tarixi əhəmiyyətdən ən öncül ideologiyadır"


Şuşada və Daşaltı kəndində turizm sahəsində görüləcək işlərə dair konsepsiya hazırlanır. Bunu  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O bildirib ki, yaxın müddətdə bu barədə ictimaiyyətə geniş məlumat verəcəyik. Sədr diqqətə çatdırıb ki, Qarabağda eyni zamanda "dark turizm" də olacaq. Bu turizm növü Azərbaycan üçün nə dərəcədə önəmlidir?

"Dark" turizm növünün ölkə ideologiyası üçün çox əhəmiyyətli olduğunu bildirən iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, dünyanın bir çox ölkəsində bu təcrübə var. Onun sözlərinə görə, bu, həm xarici turistlərin marağını cəlb edir, həm də gələcək nəsillər üçün bir xatırlatma məqsədi daşıyır:

"Dark" ingilis dilindən tərcümədə qaranlıq, qara deməkdir. Burada əsas məqsəd ölkənin tarixi əhəmiyyəti, yəni baş vermiş faciələrin həm gələcək nəsillərə, həm də turistlərə çatdırılmasıdır. Məcazi mənada turist müəyyən dağıntı sahəsinə gəldikdə, o, özünü həmin qaranlıq hadisənin şahidi kimi hiss edir. Yəni "qaranlıq turist"ə çevrilir. Nümunə olaraq, Romada olan Kolizeyi göstərə bilərik. Burada bilirsiniz ki, qladiator döyüşləri keçirilirdi. Bu məkana gələn insanda ilk olaraq döyüşlər barədə təəssüratlar yaranır və həmin şəxslər sonradan onun tarixi ilə bağlı maraqlanmağa başlayırlar. Həmçinin, İngiltərədə London Tauer, 1937-ci ildə ABŞ-ın Nyu Cersi ətrafında baş verən gəmi aşması ilə bağlı yer, Krımın Sevastopol şəhərində vətəndaş müharibəsi ilə bağlı abidə kompleksi və s. kimi məkanları misal gətirə bilərik.  Bilirsiniz ki, bu günləri 1986-cı ildə baş vermiş Çernobl qəzası ilə bağlı turistlər həmin əraziyə aparılırlar və onlar burda hadisənin baş verməsi ilə bağlı qeydlər edirlər". 

Ekspert diqqətə çatdırıb ki, bu turizm həm də genosidin baş verdiyi hadisəni də özündə tərənnüm edir:

"Qeyd edim ki, Yaponiyaya atılan atom bombası ilə bağlı ölən insanlar üçün Xirosima şəhərinin "Memorial parkı" salınıb, Kambocada isə "Tuolslenq". Azərbaycanda belə bir nümunə hazırda var. Misal olaraq, Qubada baş verən genosid üçün abidə kompleksi. Qarabağda yaradılacaq kompleks sırf şəhərin və şəhər ətrafında qəbiristanlıqların viranə qoyulması ilə bağlı olacaq. Türkiyənin özündə Çanaqqala şəhəri özü də qara turizmi tərənnüm edir. Ümumiyyətlə, bu turizm ölkə ideologiyası üçün çox əhəmiyyətlidir. Burda iqtisadi, siyasi, tarixi əhəmiyyətdən ən öncül ideologiyadır. Azərbaycan vətəndaşı fərq etmir gəncdir, uşaqdır, düşmənini tanımalıdır ki, sonra onunla gələcəkdə birgə yaşasa belə, daim ehtiyatlı olsun. Bizə bunu unutdurmağa çalışanlar görünür ki, bizə qarşı düşmən mövqedə olublar. Hadisələrin baş verməsi isə unutqanlığımız, humanistliyimizlə əlaqədardır. Tariximizi unutmamalı, keçmişimizdən dərs çıxarmalıyıq. Ona görə də "dark turizm"in yaradılmasını çox təqdirəlayiq hesab edirəm".