Sənət adamlarından Birinci xanıma TƏBRİK: “İnsanların pənahı, səsi...”

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanım 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci xanım Azərbaycanda sosial və humanitar sahənin inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində misilsiz xidmətlər göstərib, göstərir. Mehriban xanım Əliyeva daim mədəniyyət sahəsinə xüsusi diqqət göstərib, sənətkarlara qayğısını əsirgəməyib. Bu üzdən incəsənət adamlarının Mehriban xanıma hörməti, sevgisi bir başqadır.


Onlar sosial şəbəkə profillərində sevgi və rəğbətlərini dilə gətirib, Mehriban xanımı təbrik ediblər.

“Allah sizi yer üzünə əli dolu, saysız savablarla göndərib”

“Sherg.az” xəbər verir ki, əməkdar artist Aybəniz Həşimova İnstaqram hesabında bu sözləri yazıb:

“1986-cı il idi, çox sevdiyim Gülarə xanım Əliyevagildəydim. Evdarlıqdan danışırdıq, bacısı Zərifə xanım Əliyevanın gəlinindən söz açdı. Dedi, baxmayaraq ki, Birinci katibin gəlinidir, köməkçiləri var, yenə də evinin xanımıdır:

“Zərifə özü də elədir. Atamgilə gələndə, baxmaz ki, işçilər var, dizini yerə qoyub əlləri ilə evi silər”.

Mən də ürəyimdə belə olacam, deyirdim. Həmişə arzu edirdim ki, kaş onu yaxından tanıyardım. Tanıdım! Özü də insanlığının, aliliyinin lap yaxından şahidi oldum. Dəfələrlə son ümidləri bir ipdən asılı qalan insanların imdadına, köməyinə Mehriban xanım yetişmədimi? Elə yaxın zamanda Tunar balamızın son anında, 1 milyon 557 min məbləğində pulu onun hesabına köçürərək körpəni bəladan xilas etmədimi? Əlbəttə, bu, bir naxışdır. Bizim naxışımız. Yaxşı ki varsınız, gözəl qəlbli mələyimiz. Allah sizi yer üzünə əli dolu, saysız savablarla göndərib. Tanrı sizi daim var eləsin. Gözləri yollarda qalanlara çıraq, ümid yeri olasınız. İnsanların pənahı, səsi olasınız, əziz bacım, gözəl ana, gözəl yar, əsl vətəndaş, vəfalı dost, insanlığı dünyada hər şeydən üstün bilən Mehriban xanım. Sizi çox sevirik. Yaxşı ki, dünyaya gəlmisiniz. Doğum gününüz mübarək”.

“Xalq üçün yüksək mərhəmət simvolusunuz”

Aktyor Bəhram Bağırzadə isə  bunları söyləyib:

“Hörmətli Mehriban xanım, sizi doğum gününüz münasibətilə təbrik edirəm. Ən çətin  yolu- mərhəməti seçməklə uzun illəri öz vətəninizə və xalqınıza xidmətə həsr etmisiniz. Problemləri ilə təkbətək qalan insanların ən çətin vaxtlarında əl uzadan, qəlbinizin hərarəti ilə ürəklərini isidən yeganə ümid olmusunuz. Müharibə dövründə xalq üçün yüksək mərhəmət simvolu oldunuz. Zəfər yolunda əziyyət çəkənlərə kömək etdiyiniz zamanlardakı  bütün xeyirxah və parlaq təşəbbüslərinizi həmişə dəstəkləycəyəm. Səyləriniz nəticəsində bir çox qazimiz şəfalı və xoşbəxt həyata ümidlər qazandılar. Şəhid ailələri sizin simanızda kömək, dəstək və təsəlli tapdılar. Ölkəmiz zəfər və yaradılış dövrünə qədəm qoydu. Qüdrətli Allahın  bu parlaq bəxşişləri doğum gününüzdə sizə ən gözəl hədiyyə olsun”.

“İncə çiyinlərinizdə ağır yük daşıyan Birinci xanımımız...” 

Xalq artisti Brilliant Dadaşova  Mehriban xanımı belə təbrik edib:

“Düşmən gözü çatladan Birinci xanımımız Mehriban Əliyeva. İncə çiyinlərinizdə  Azərbaycanın mənəvi məsuliyyətinin ağır yükünü daşıdığınızı bilən xalqımızın başının üstündə daim var olasınız. Sizinlə fəxr edirəm. Ad gününüz mübarək olsun, yaxşı ki doğuldunuz”.

“Allah etdiyiniz yaxşılıqların mükafatını versin”

Tanınmış aktrisa Firəngiz Mütəllimova da ürək sözlərini dilə gətirib:

“Əziz, hörmətli, çox dəyərli Mehriban xanım, doğum gününüz mübarək. Allah ürəyinizdəki arzuları reallaşdırsın. Etdiyiniz bütün yaxşılıqların mükafatını versin. Sizi çox sevirəm, gözəl xanım, gözəl ana, gözəl insan”.