"Soruşuram ki, kimdir satqın?"

Flora Kərimova: "Şuşasının, Ağdamının, Qarabağının qayıtmasına sevinməyimə, gözümün yaşının qurumağına  satqınlıq deyirsinizsə, sizsiniz satqın!"

"Məndən yarım addım qabağa gəlsinlər, deyim ki, Vətəni məndən çox sevirlər"

 
Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən müharibəsi qaziləri arasında bölüb. Sənətkar təqaüdünü erməni əsirliyindən qaytarılan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizova bağışlayıb.
Çox təəssüf hissi ilə qeyd edirik ki, Flora xanımın bu gözəl təşəbbüsünə qulp qoşanlar, ona ağız büzənlər də var. Biz də sənətkarla əlaqə saxlayıb, mövzu ətrafında həmsöhbət olduq.

Bu jurnalist həyatımda, mənim Flora xanımla ilk söhbətimdir. Gərəksiz insanlardan, onların sosial şəbəkələrdə özlərinə uyğun şərhlərindən danışmaq istəməzdim. Amma neyləyək ki, gündəmin mövzusu budur. Nə isə.. Zəng etdim Flora xanıma, əvvəlcə hal-əhval tutdum. Səsindən hiss etdim ki, o da məlum rəylərdən xəbərdardır. Və sənətkar “Şərq”ə kütlənin  yersiz linçindən,  mənfi şərhlərdən danışdı.

 - Növbəti dəfə örnək addım atdınız. Amma buna da irad bildirdilər. Sizin onlara münasibətiniz necə oldu, incimədiniz?

- Qızım, fikirlərim sizin onlara cavabınızdır. Məni o təhqirlərə layiq bilirsinizsə, varlığım sizin üçün heç nədirsə, onların sözü ilə razısınızsa, həyat, mübarizə yolumu satqınlıq hesab edirsinizsə, həmin insanların səsinə səs verin. Belə deyilsə, bunu öz yazınızda əks etdirin. Özüm haqda nəsə deməyəcəm. Lakin görürsünüz ki, bu, bilərəkdən edilir, qərəzdir, böhtandır, məni gözdən salmaq üçündür.

- Sizcə, səbəb nədir?

- Çünki mən Vətənimi bütövləşdirən bir insana  “çox sağ ol” deyirəm. Satqın deyiləm! Ali Baş Komandanın səyi, zəhməti, şücaəti nəticəsində dəmir yumruğun altında özlərini təhlükəsiz hiss edirlər, başlarına bombalar yağmır.  Bunlar nankordurlarsa, onlara nə deyim? Cənab İlham Əliyevə  münasibətimi dilə gətirmişəm, ona quruca çox sağ olumu mənə çox görürlər. Soruşuram ki, kimdir satqın?  Mənəm, ya onlar? Vətənin rifahına, bütovlüyünə, Şuşasının, Ağdamının, Qarabağının qayıtmasına sevinməyimə, gözümün yaşının qurumağına  satqınlıq deyirsinizsə, sizsiniz satqın! Bunları görmürsünüzsə, sizsiniz kor! Bu nailiyyətlərə qiymət vermirsinizsə, zavallısınız, vətəndaş deyilsiniz. Gərək başınızın üstündə bomba partlasın? Necə ki, Bakının yaxınlığına raket atıldı, dərhal zərərsizləşdirildi.  O raket sizin başınızda partlasa,  Ali Baş Komandana dəyər verərdiniz, Bakı Gəncəyə dönsə, onun qədrini bilərdiniz. İndi başınız sağdır deyə qudurmusunuz? Vətənin rifahını görüb gözünüz  götürmür, amma mənə “satqın” deyirsiniz.  Əldə olunan uğurlarda sevinməyə, öyünməyə nəsə tapmadınız?  Gərək dövlət başçısını təhqir edim ki, məni satqın adlandırmayasınız?

- Ötən günlərdə “Daha müxalifətçiliyə yer qalmayıb” açıqlamanıza görə də tənqid olundunuz...

- Əslində müxalifət iqtidara yol göstərmək üçündür. Yoxsa söysün, yer davası etsin?! Özünüz nə istədiyinizi başa düşmürsünüz, məndən nə tələb edirsiniz? Gördüyümə sevinirəm, onu qiymətləndirirəm. Yüz qırx beş manata satılmışam? İndiyə qədər yarı tox, yarı ac, oğlumun himayəsində  yaşamışam. Bir qapını döyüb kiməsə şikayət etməmişəm, durumum pisdir deməmişəm.  Kimsə zəng edəndə ki, sizə gəlirik, qarşılayıb, süfrə açmışam.  O 145 manatı da Kamil Zeynallıya tapşırdım ki, adım çəkilməsin. Budur satqınlıq? Tankın qarşısında duranda, anan-atan harada idi? Yalnız bir hədəfləri var ki, dövlət başçısını  gözdən salsınlar və mənə yaltaq desinlər. İkisinə də əl uzada bilməyəcəklər. Çünki dövlət başçısının azad etdiyi torpaqlar gözlərinə girər. Biri deyir ki, gərək pulu götürməzdin. Mənim halal pulumdur, millətin sevgisidir. Sonra yazırlar ki, “Şərəf” ordeni verdilər ki, şərəfli olasan. Ay kütlə, bəsdir də! “Kütlə”  “küt” sözündən yaranıb. Kütü də çəkiclə vur, ya öləcək, ya da  eləcə də qalacaq. Mən onlara nə deyim? Xoşlarına  gəlmək üçün dövlət başçısını təhqir edim? O, düşmənləri  qatlayıb ayağının altına qoyanda, əzəndə sizdə vətənpərvərlik hissi oyanmır? Demirsiz ki, mənim millətimin oğludur?  Millət ona Vətən oğlu deyib.  Artıq gecdir, gec ayılmısınız.

- Özünüz də qeyd etdiniz ki, bu, kütlədir. Amma sevənləriniz onların sayından qat-qat çoxdur.

- Qızım, təkrar edirəm, bir qapı döyməmişəm, kimdənsə nəsə  xahiş etməmişəm. Bu münasibət ayıb deyilmi? Hörmət qazanan insanları sıradan çıxarmaq istəyirsiniz? Desinlər, görək, nə ediblər. Elə bir-birlərini yox edə-edə durublar. Deyirlər, sən çəkil, mən yerinə gəlim. Bir də söyləyirlər ki,  rusları qovmuşduq, yenə gəldilər. Bəli, bu, siyasətdir. Rusları çıxardıq və 27 il Qarabağa həsrət qaldıq. Siyasət ağılla, başla  idarə olunmursa, axırı belə nəticələnir. 27 il biz ağladıq, bu qədər cavan itirdik. 145 manatım sənin gözünə  girirsə, məndən çox şücaət göstər, millət üçün yan. Azərbaycan millətinə xidmət edən adamları, dövlətə önəm, qiymət verənləri, yalan danışmayanları sıradan çıxarmaq istəyirsinizsə, əbəsdir. Çox əbəs yerədir. Tərifləmə, düzünü de, haqqın gözünə bax, haqqı dilə gətir.  Şuşanın torpağına ayaq basanda, Cıdır düzünü gəzəndə, o qüruru mənim kimi hiss edəndə başa düşəcəksən ki, vətənpərvərlik  nədir. Orada göz yaşı tökəndə anlayacaqsan. Allah yaratdığı bəndəyə qarğış edib, ona pis xasiyyət verir, gözünü kor qoyur, nahaq sözləri danışmağa vadar edir. Çünki tanrı o bəndəni sevmir. Onda insana  özündən başqa düşmən lazım deyil.  

- Sizin düşmənləriniz varmı?

- Çoxdur... Bir yerə yığılırlar, ya da bir-birlərindən xəbərsiz Flora Kərimovadan danışırlar. Bundan sonra hamısı ilə məhkəmədə danışacam. Nəsə deyən kimi məhkəməyə verəcəm. Bağışladığımı bağışlayacam, bağışlamadıqlarımla da məhkəmədə hesablaşacam. Orada da dil çıxarsınlar görək. Məndən yarım addım qabağa gəlsinlər, deyim ki, Vətəni məndən çox sevirlər.

- Yazıçı Kəramət Böyükçöl də sizinlə bağlı status yazmışdı. Hətta siz də feysbuk profilinizdə cavab verdiniz.  

- İndi Kəramət dinmir ki... Allah saxlasın. Amma ona da səslənirəm. Oğul, söyləyirsən ki, zəhmətimin qarşılığını vermirlər. Mən də səni başa düşürəm. Deyirsən ki, yazıçıyam, əziyyət çəkirəm, niyə kitablarımı  parkda satmalıyam? Birincisi, elə yaz ki, kitablarını alan olsun.  Dahi yazıçıların kitabları əldən-ələ gəzirdi.  Bacardığını edirsən, çox sağ ol, bu da vətəndaş mövqeyidir. Ancaq  deyirsən, mənim zəhmətimin müqabili olmalıdır. Haqlısan, düzdür. Lakin 80 yaşım var, sevgimin, vətənpərvərliyimin, fədakarlığımın müqabilini indi almışam. Bunu mənə çox görürsən? Özün deyirsən ki, əziyyətimi görsünlər, bəhrəsini alım. Hələ 40 yaşın belə yoxdur. Dava edirsən ki, ailənin, övladının yanında  başıaşağı olmayasan. Bəs niyə mənə deyirsən ki, gərək təqaüdü almayaydı? Burada  tələb edirsən ki, verin, sonra da bildirirsən ki, veriblər almazdın. İllər öncə evimə adam göndərdilər ki, filankəsi tənqid edin və sair. Söylədim ki, olmaz belə, özümü satmış sayılaram. İndi mənə satqın deyirsən?  Dövləti  ziyalısını  pisləməklə gözdən salmaq olar.  Hamı pisdirsə, dövlət də, ölkə də, mədəniyyət də, insan da, millət də yoxdur ki... Bu yalnız Kəramətə şamil olunmur. 

- Sizi sosial şəbəkələrdə tənqid, hətta təhqir edənləri nəzərdə tutursunuz...

- Bəli. Yenə deyirəm ki, canlarına əziyyət verməsinlər. Onların damğasını götürmərəm.  Kim ağzını açsa, məhkəmədə cavab verəcək. İki vəkilim var.  Biri Şəfiqə Nağıyevadır. Mənim İlhamə Quliyeva ilə məhkəmə işimə baxırdı. Digəri  Fuad Kərimovdur. Təmkinli, savadlı, ağıllı, mədəni vəkildir. Hamısını məhkəməyə verəcəm və udacam. Çünki həqiqət mənim tərəfimdədir.