Qənirə Paşayevadan Yaqub Zurufçunun səhhəti ilə bağlı paylaşım

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti ilə bağlı Feysbuk hesabında paylaşım edib.
Axşam.az-ın məlumatına görə, o bildirib ki, hazırda reanimasiyada olan sənətçi intensiv müalicə alır:

"Tez-tez Yaqub Zurufçunun dəyərli xanımı Aynur xanımla da danışırıq. Müalicənin gedişi Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın şəxsi nəzarətindədir. Anar Ələkbərov Yaqub müəllimin ailəsi ilə də danışıb və müalicənin Mehriban xanımın nəzarətində olduğunu bildirib. Yaqub Zurufçu hazırda reanimasiyadadır və həkimlər onun yaşaması, sağalması üçün bütün imkanları səfərbər ediblər. Sənətkarın həyat yoldaşı ilə bir qədər öncə telefonla danışdıq, inşallah həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, o, tezliklə öz sağlamlığına qovuşsun".

Qeyd edək ki, Əməkdar artist hazırda qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Onun ağciyərlərində koronavirusla bağlı ikitərəfli pnevmoniya, 80% buzlu şüşə və hipoksemik tənəffüs çatışmazlığı qeydə alınıb.