Heç unutmadıq: "Komissar Kattani" indi də gül kimi həyat yaşayır


Mikele Plaçidonun şəxsi həyatı da filmlər kimi rəngarəngdir, 3 dəfə rəsmi nikahda olub

Kommunist ideoloji filmlərindən bezmiş sovet vətəndaşları qərb filmlərini hava-su kimi “ciyərlərinə çəkirdi”lər. “Kölə İzaura” yadınızdadır? Bəs Komissar Kattani? Nəinki yaşlılar, uşaqlığı, gəncliyi sovet dönəminə təsadüf edənlərə bu adlar yaxşı tanışdır. O zaman serial anlayışı SSRİ üçün yad idi. 

Çox zaman 2, uzaqbaşı 3-4 seriyalı filmlər olardı. “Baharın 17 anı”nı çıxmaq şərtilə. Belə vaxtda tamaşaçının serial izləyə bilməsi əsl xoşbəxtlik idi. İtaliya kinematoqrafının uğurlu işlərindən daha biri, “Sprut” serialı o zamankı boz ekranlara əməlli-başlı həyat gətirdi. Serialın baş qəhrəmanı  Komissar Kattani – Mikele Plaçido isə nəinki qadınların, qızların, kişilərin, gənc oğlanların da kumirinə çevrildi. Milyonların sevimlisi oldu. Bəs hazırda Mikele Plaçido necə yaşayır, hansı işlə məşğuldur? Sözsüz, qocalıb, yaşlanıb. Amma şəkillərdən görünür ki, cazibədarlığını o qədər də itirməyib. “Şərq” xarici mediaya istinadən Mikele Plaçidonun həyatına nəzər salır.  

M.Plaçido İtaliyanın cənubunda, 1946-cı ildə  kasıb italyan ailəsində dünyaya gəlib. Teatr aktyoru olmaq, tamaşaçı qarşısında çıxış etmək onun uşaqlıq arzusu olub. Amma adətən olduğu kimi valideynləri onun daha “mötəbər” ixtisaslara yiyələnməsini, yaxşı vəzifələrdə çalışmasını istəyirdilər. Buna görə də Mikele karyerasına polis idarəsindən başlayır. Bir müddət işlədikdən sonra anlayır ki, aktyor olmaq arzusunu buxovlamaq mümkün deyil və o, Teatr Akademiyasına qəbul olur. Qaməti, xarici görünüşü, cazibədarlğı rol almaqda Plaçidonun həmişə köməyinə çatıb. Belə cazibəli xarici görünüşə malik aktyor rolsuz qala bilməzdi. Plaçido əvvəlcə komediya filmlərində yaratdığı obrazlarla məşhurlaşır. Getdikcə isə belə rollar onu yormağa başlayır, o, daha ciddi obrazlar yaratmaq istəyir. Məhz bu qərarı onu dünya ulduzları səviyyəsinə yüksəltdi, dünya şöhrəti qazandırdı. “Sprut” serialında canlandırdığı Komissar Kattani rolu ilə Mikele Plaçido şöhrətin zirvəsinə yüksəldi. “Sprut” serialı 4 mövsüm populyarlığını qorudu.  Və bunda Mikele Plaçidonun xüsusi əməyi vardı. Seriala məhz Komissar Kattaniyə görə baxırdılar.  Amma o, hər şeyin sonu olacağını bilirdi və tamaşaçını artıq bezdirmədən serialdan getməyə qərar verdi. “Sprut” serialı Kattanisiz yarım mövsüm də dayana bilmədi. Mikele Plaçido isə yenə də özünü kəşf etməyə başladı. Rejissor kimi özünü sınadı. Qanqsterlərlə bağlı filmlər çəkməyə başladı. Bu filmlər İtaliyada populyar oldu. Mikele Plaçido həyatda da güclü, bacarıqlı insan kimi tanınıb. Tacikistanda çəkilişlər zamanı mühasirəyə də düşüb. Silahlı dəstə ilə danışıqlara gedib və mühasirəyə alınmış çəkiliş qrupunun azad edilməsinə nail olub. M.Plaçidonun şəxsi həyatı da filmləri kimi rəngarəngdir. O, 3 dəfə rəsmi nikahda olub. Nikahdan kənar əlaqələrinin sayını isə yəqin ki, özü yaxşı bilir. Onun ilk rəsmi həyat yoldaşı İlariya Letsi olub. Bu evlilik qısa sürüb. M.Plaçido Simonetta Stefanelliyə aşiq olub. Bu nikahdan aktyorun 3 övladı dünyaya gəlib. 

Evlilikləri sürərkən Plaçidonun başqa bir qadından daha bir oğlu dünyaya gəlib. Buna görə də cütlük boşanıb. Uzun müddət M.Plaçido yalnız yaşayıb. Sonra isə özündən 37 yaş kiçik Federika Vinşçetti ilə evlənib. 

Bu evlilikdən də Plaçidonun daha bir oğlu dünyaya gəlib. Hazırda onlar birlikdə yaşayırlar. Və xoşbəxtdirlər. M.Plaçido filmlərə çox az çəkilir. Bir neçə il M.Plaçido Moskvaya səfər edib. Rostov-Donda keçirilən film festivalında isə ona rejissoru olduğu “Seçim” filminə görə “Ən yaxşı rejissor işi” mükafatı təqdim edilib.