“Lüğət Adam”ın  şifrəli kitabı- Naxış içində reportaj-FOTOLAR

 Naxışların qapılarını döyərkən…

 Nəinki hər bir xalçada, eləcə də o xalçaların hər naxışında, ilməsində bir qapı  var. O sehrli qapını açandan sonra  sanki  milli şüurun gizli, kodlaşdırılmış aləminə qədəm qoyursan. Gerçəkdə yalnızca sərgi salonunda gəzir, sənət nümunələrini seyr edirsən.  Amma əslində, ilmələrin, naxışların bağlı qapısı arxasında ulu bir keçmiş üzünə gülümsəyir. Əsrlərin o tayından işıq sürətilə keçib gələn, doğmadan da doğma görünən, lakin hər halı ilə sirli qalan səsləri sənin üçün pıçıldayır.

 İndi mən olduğum yerdə naxışların qapısını döymək lazım idi… Qapıların o üzündəki yaddaşı salamlamaq üçün… İlmələrin danışdığı fəlsəfi dili anlamaq üçün…  

İndi mən olduğum yerdə - “Xalq” Bankının əsas binasındakı sərgidə-divarlardakı sənət nümunələrini bir-bir gözdən keçirərkən fərqinə vardım ki, buradakı hər kəs bir-birilərilə naxış dilinin, yəni, muğam dilinin şifrələrini çözərək danışırlar. Əks halda, elə həmin sərgi salonunda hər tərəfdən onlara boylanan Lətif Kərimov işığının istisini hiss etməzdilər…

“Lətif Kərimov işığının istisi” demişkən, bu işıq öz doğmalığı ilə birlikdə elə naxışlara, ilmələrə hopub və  “Xalq” Bankının “Xalq Əmanəti” layihəsinin 22-ci nəşri olan Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabında bir arada toplanıb.

 “Lüğət Adam”ın şifrələnmiş dildə yazılan kitabı

 “Xalq” Bankı tərəfindən nəfis tərtibatla hazırlanan “Azərbaycan xalçası” kitabını elə tanışlıq məqsədilə vərəqləyəndə görürsən ki, yox, bu nəsə gizli mənalarla zəngin, şifrəli bir dildə yazılıb, elə o dildə də səninlə danışır. Sərgi salonunun divarlarından boylanan əsərlərin hamısının ana mərkəzi elə bu kitabdır. Hansı ki, hər birinin fəlsəfi qatlarla, mübhəm mənalarla zəngin naxış dili var.

Böyük xalçaçı-rəssam, Azərbaycan Elmlər Akademiyasının yaradıldığı gündən ta ömrünün axırına kimi bu qurumun Memarlıq və İncəsənət İnstitutunda xalça şöbəsinin müdiri işləyən, bu istiqamətdə dünyada bir çox ilklərə imza atan Lətif Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb.Onların əksər hissəsinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilmiş və bu elementlərin xalçalar arasında işlənən adları və müəllifin şəxsi fikirləri qeyd edilib. Daha doğrusu, müəllif şifrəli xalça dili üçün  özünəməxsus lüğət rolunu oynayıb. Amma yox, sənət nümunələrinə yenidən diqqətlə baxdıqca anlayırsan ki, Lətif Kərimov təkcə bu kitabın deyil, eləcə də Milli Yaddaş “kartı”mızın lüğətçisi olub… Həqiqətən də onun ərsəyə gətirdiyi xalçaların hər biri genetik kodumuzu bizə anladan lüğət sistemi olub…

 “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “İslimi”, “Butalı”, “Bahar”, “Şəbi-hicran”, “Zərxara” ( “Xətai”, “Əsrlərin nəğməsi” (1985), “Əcəmi” “M.Füzuli” , “İ.Nəsimi” “S.Urməvi”  “M.Əcəmi” və başqa neçə-neçə süjetli xalçalar milli yaddaş sistemimizin lüğət fondu deyilmi?!

 (İnanmırsınızsa, gedib baxın:Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiyası “Xalq” Bankının Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar pr., 22L) fəaliyyət göstərir və  iş günləri saat 18:00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir)

 Oxuyan xalçalara üz tutmaq

 Amma əvvəlcədən deyim, Lətif Kərimov işığının istisi sizi nə qədər mehriban qarşılasa da, onunla dil tapmaq, yəni, salondakı əsərlərin dilini anlamaq, şifrələrini çözmək bir o qədər çətin olacaq. Məsələn, ingilis dilini bilməyən bir adam Londonda necə gəzərsə, mən də bu xalçaların arasında eləcə gəzə-gəzə (dillərini bilmirəm axı)durub qalmışdım. Amma yenə də qaynayan sərgi salonundakı söhbətlər, mülahizələr içərisində tək tutanaq kimi bu rəsmlərə baxırdım. Və… Birdən fərqinə vardım ki, bu xalçalar həm də oxuyur. Özü də Zaman və Məkan məfhumlarını yara-yara oxuyur. Ola bilsin, XVI əsrin Təbriz şivəsində, yaxud, XV əsrin şirin Ərdəbil ləhcəsində, XII əsrin doğma Gəncə üslubunda və.s.

Dünyaca məşhur alim, mərhum mineroloq-kristolloqraf Xudu Məmmədovun xalçadakı naxış və ilmələrin, kiçik minerallardakı harmonik rənglərin insanla danışa bilmək qabiliyyətində olması fikri bəs edir ki, bu ilahi “musiqi”yə sığınaq…

Eyni zamanda, dahi Lütfi Zadə davamçısı olan böyük professor Rafiq Əliyevin “Segahı görürəm” konsepsiyası içində də gəzişmə zamanı yaxşı yol xəritəsi ola bilər, bu xalçalar və bu  rəsmlər… Allah Xudu Məmmədov və Lətif Kərimova rəhmət eləsin, Rafiq müəllimə isə can sağlığı versin, deyəsən, biz öz dilimizi xalçaların səsini eşidəndə, muğamın isə rənglərini görəndə daha düzgün başa düşəcəyik…

Yalnız özümün eşitdiyi(əslində, orada hərə öz musiqisini eşidirdi) musiqidən ayrılıb, ətrafa diqqət edirəm. Lətif Kərimovla bağlı eşitdiyim xoş sözləri həmin sədaya ilmə kimi bağlayırıq(Yox,deyəsən, yavaş-yavaş bu xalçalarla da dil tapırıq):

 
Xalq rəssamı Fərhad Xəlilov: “Lətif Kərimov kimi istedadlı insanlar barmaqla sayılacaq qədər olardı. O, eyni zamanda xalça sənətini incəsənətin və elmin ayrıca bir sahəsi olaraq ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim idi...".
Nəvəsi Əfşan Rzayeva: "Onun kimi insanla təmasda, ünsiyyətdə olmaq, ailə üzvü olmaq mənim üçün çox qürurvericidir. Bu kitabın nəşrinə kömək edən bütün insanlara, layihə rəhbərlərinə təşəkkür edirəm".

Xalq rəssamı Aydın Rəcəbov: "Onun xatirəsini əziz tutduğu, belə bir nəşri reallaşdırdığı üçün "Xalq" Bankın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Lətif Kərimovdan sonra xalçaçı alim yetişdirmək çox çətindir”. 

Gecədə çıxış edən başqa çıxışçılar  kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışdılar.


L.Kərimov Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda xalça sənətini, incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olub.

 Onu da qeyd edək ki,  “Azərbaycan xalçası” əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlayıb. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi təyin edilir. Əsərdə müəllif yenə də ilk dəfə Azərbaycanın ayrı-ayrı xalça məktəblərini “növ” və “qrup” adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra ayrı-ayrı qruplara bölmüş, bu qruplara daxil olan xalçaların, qısaca da olsa, bədii və texniki xüsusiyyətlərini təhlil edilib.

Təqdimatda təbii ki, maraqlı  çıxışlar çox  oldu. Amma Xalq rəssamı Aydın Rəcəbovun sözlərinə qüvvət olaraq özüm-özlüyümdə elə oradaca əlavə etdim ki, yox, Lətif Kərimov təkcə xalçaçı-rəssam deyildi, o, bizim milli, mənəvi və ən əsası fəlsəfi yaddaş sistemimizin lüğətçisi idi…
Elə müsahibələrinin birində (“Kommunist” qəzeti, 1983.) dediyi bu sözlərlə özü də bunu təsdiqləmiş olur: “Uzun illərdən bəri görmək arzusunda olduğum məşhur “Şeyx Səfi” xalçasının qarşısında dayanıb gözümü ondan çəkə bilmirdim. XVI əsrdə Təbrizdə toxunmuş bu nadir xalının hər bir xırda detalını, ilməsini gözdən keçirdikcə, onu yaradan virtuoz rəssamın ustalığı, bu bədii əsərin toxucularının məharəti qarşısında öz heyrətimi və sevincimi gizlədə bilmirdim. Təbriz rəssamlarının bu ölməz işini davam etdirmək üçün həmin rəssamların xatirələrinə yeni bir Şeyx Səfi xalçası yaratmağı qərara aldım”.

 Son olaraq… Yaxud, rəngli çağırış…

Şeyx Səfini, Xətaini, Füzulini ilmələnmiş sistem olaraq qarşımıza qoyan Lətif Kərimov “Azərbaycan xalçaları” kitabındakı hər bir nümunə ilə bizi özümüzə çağırıb… Bu nəfis  kitabdan hər bir qonağa olduğu kimi, mənə də hədiyyə etdilər… Ondan lüğət kimi istifadə edəcəyəm: muğamı seyr edəndə (dinləyəndə yox), xalçalarımızı dinləyəndə və ən əsası ÖZÜMÜZƏ qonaq getmək istəyəndə…