Ustad Rəşid babanın körpə bülbülüyəm mən

RƏŞİD BEHBUDOV HAQDA UNUDULMAZ XATİRƏM
 
Rəşid Məcid oğlu Behbudov (1915-1989)
Neçə illərdir dekabırın 14-ü yaxınlaşmağa bir neçə gün qalmış böyük sənət adamı, vokal musiqi sənətinin dünya şöhrətli fəxri, Azərbaycan professional musiqi mədəniyyətimizin iftixarı SSRİ və Azərbaycan Respublikasının xalq artisti,Rəşid Behbudov barədə bir xatirəmi yazıb xalqımıza çatdırmaq istəsəm də aciz qalmışam dəyərli oxucularım.Çünki hər zaman ürəyimdə özüm-özümə deyirdim ki, bəlkə inanmazlar.Özümdən quraşdırdığımı zənn edərlər. Fəqət bu diləyimi gerçəkləşdirə bilməməyimin mənəvi sıxıntısını yaşayırdım hər zaman.Ad günü keçəndən sonra isə peşimançılıq hissələri daima məni çuğlayardı. Etiraf edim ki, hər illərim bu fikir-xəyallarla keçirdi. Bununla belə Rəşid Behbudov haqda xatirəmi yazmaq diləyindən də əl çəkə bilmirdim. Çünki mənimlə bağlı kimsənin bilmədiyi gerçəklikləri millətimizə çatdırmağı mənəvi borc sanırdım. Axırda qərara gəldim ki, yayımlanmış olarsa xalqımıza Rəşid Behbudovla bağlı müşahidə etdiyim əziz günlərimizin bəzi anlarını bu məqaləmlə xalqıma açıqlarsam, görkəmli şəxsiyyətinbəzi insani və sənətkarlıq məziyyətlərinə də işıq tutmuş olaram. 
1976-cı ildə Gəncə şəhər Qəmbər Hüseynli adına Musiqi Texnikumunu fərqlənmə diplomu ilə tamamlayıb Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Xalq Çalğı Alətləri” fakultəsinə tar ixtisası üzrə daxil olduqdan sonra qərarlaşdırdım ki, bu yüksək qurumu da fərqlənmə diplomu ilə tamamlayım. Və bunun üçün bütün dərslərimə ciddi çalışıb hər gün tar ifaçılığımı daha da artırmaq üçün saatlarla məşq edirdim. Bununla belə uşaqlıqdan çaldığım aşıq sazını da unutmamaq üçün həriki aləti paralel ifa etməkdə mənim niyyətimdən biri idi. İfaçılığımı geniş arenada göstərmək gənclik həvəsimdən irəli gəlirdi. Xor dirijor müəllimim dosent Namiq Mikayıl oğlu Nəbiyev (Məkanı cənnət olsun)bu həvəsimi görüb Rəşid Behbudovun qızı Rəşidənin məndən bir kurs yuxarıda təhsil aldığını dediyi zaman ürəyimdən böyük ustadımızın orkestrində tar çalmaq həvəsi yarandı. Çünki bir zamanlar tanınmış tarzənlər Əliağa Quliyev, Əhsən Dadaşov və Firudin Yarməmmədov da bukollektivdə bir müddət fəaliyyət göstərmişlər. Bu niyyətimi Namiq müəllimə bildirdiyimdə dedi ki, “qızı Rəşidə xanıma deyərəm Rəşid Behbudov sənə vaxt ayırıb dinləyər”. Bu minvalla aradan dörd il keçdi. Artıq 4-cü və 5-ci kurslarda oxuduğum zaman “Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri”ndə də saz ifaçısı olaraq işə başlamışdım.  1981-ci ildə yanvar ayının ortalarında bir xoşxəbərlə tarımı və sazımı götürüb o dönəmdə (Rəşid Behbudov adına Mahnı Teatrının binası hazırolmadığı üçün) dəniz kənarında yerləşən “Kukla teatrı”nda fəaliyyət göstərən, hər gün məşqlərini davam etdirən, peşəkar ifaçıları biraraya gətirən, SSRİ məkanında tanınmış məşhur musiqi kollektivinin çalışdığı məkana gedərək tar və sazımı çalıb göstərməyimi Namiq müəllimin xoşməramlı niyyəti sayəsindənəhayət ki, gerçəkləşdirə bildim. Dünyanın 35 ölkəsindəki konsertlərlə fərqli millətlərdən olan dinləyicilərivalehedici səsi ilə heyranedib böyük alqışlarla Vətənə dönən Rəşid Behbudovun rəhbərliyi altında fəaliyyət göstərən əfsanəvi musiqiçilərinmüsbət rəyini qazanmağımın həyəcanını, təlaşını yaşayırdım 25 yaşımda. İki alətlə bu müqəddəs musiqi məbədinə daxil olduğumda məni qarşılayan məşhur pianoçu-cazmen, aranjimançı Azərbaycanın xalq artistiRafiq Babayevi ilk gördüyümdə  tanıdığım üçün həyəcanlandım. Daha sonraqarmon sənətcisi Kamil Vəzirovu, müğənni Səttar Nəsirovu, rəqqaslar Zitta Babazadəni və Xanlar Bəşirovu da gördüyüm zaman məsuliyyət hissim daha da artdı. Çünki bu tanınmış sənətçilərin televiziya ekranlarında göstərilən ifalarını çox seyr etmişdim. İndi isə məşq sırasında yaxından müşahidə etdiyimə inana bilmirdim. 
Rafiq Babayev məni sanki bir ata nəvazişi ilə gülərüzlə həm də mehribanlıqla,qarşıladığı üçün bu nəcib insanın alicənablığını,nurlu surətini bu gün belə unuda bilmirəm. Səmimi olan bu ilk görüşüm  məni bir qədər ürəkləndirdi. Bir müddət gözlədikdən sonra sanki Dövlət Konservatoriyasının ixtisas fənnindən verdiyim imtahan kimi indi də həm tarla həm də sazla imtahan verməli idim. Bu minvalla damünasib bir otağa daxil oluböncə tarımın sonra da sazımın akord sistemini kontrol edərək çalacağım musiqilər üstündə nizamladım. “Orta mahur”, “Cahargah” muğamını və Süleyman  Ələsgərovun texniki cəhətdən mükəmməl olan “Daimi Hərəkət”əsərini tarda, “Misri Koroğlu”nu, “Yanıq Kərəmini” və “Ürfani” havalarını sazda çalmağı nəzərdə tutmuşdum. Və adlarını zikr etdiyim böyük musiqiçilərin qarşısında Rəşid Behbudovun komissiya başqanlığında imtahan verib tarımı sazımı ən yüksək səviyyədə səsləndirməyə çalışdım. Bu məsuliyyətli imtahandan sonra, komissiya heyyəti öz qərarını həmən vermədiyi üçün bir müddət gözləməli oldum. Gizli məsləhət məşvərət prosesindəiki alətdə çala bilməyim deyəsən komissiya heyyətinin nəzərini cəlb etmişdi. Qərara gəlmişlər ki, xarici səfərlərə iki nəfər musiqiçinin yerinə bir ifaçının olması daha məqsədə uyğundur. Bu xoş xəbər təbii ki, məni həddindən artıq çox sevindirmişdi.Mən təkcə ifaçılıq imtahanından keçmişdim hələ ki.Rəşid Behbudovun bir çox imtahanlarının olduğundanheç xəbərim belə yox imiş. İrəli günlərdə mən bu imtahanları da müvəffəqiyyətlə verməli idim. Günlərin birində yenə Rəşid Behbudovun məşq etdiyi musiqi kollektivinə getməyimi Konservatoriyada dərs zamanı Namiq müəllim mənə bildirdi. Tarsız, sazsız getdiyimdə yenə musiqiçilər qurupunun mərkəzində yer alan Rəşid müəllim mənə sual verdi:
- İçki içirsənmi? 
Bu gözləmədiyim sual məni heyrətləndirdi. Anidən çaşıb qaldım. Bir qədər keçdikdən sonra özümə toxdaqlıq verib dedim:
- Atam Cəmil Əkbərümumiyyətlə alkollu içkilər içməməyimi qəti şəkildə qadağan edib Rəşid müəllim. Bu cavabım qarşısında dediyi sözü heç unutmuram əziz oxucularım. Rəşid müəllim qeyri ixtiyari etiraf edərək dedi:
- “Dünyanın əksər ölkəsində olmuşam. Bu qastrol səfərlərimdə hər zaman önümə fərqli içkilər qoysalar da səsimi qorumaq üçün heç birini də içmədim. Dünyanın minbir çeşiddə olan əl-əlvan boyalı hər cür içkilərini boğazıma qurban etmişəm”.
- Rəşid müəllimin mənə ünvanladığı ikinci bir sual belə idi:
Siqaret çəkirsənmi?
- Dedim:
Atam Cəmil Əkbər siqaret çəkmədiyi üçünmən də siqaret çəkməmişəm və tüstüsündən də heç xoşum gəlmir Rəşid müəllim.
- Bu cavabım müqabilində marağını gizlətməyib dedi:
Atan kimdir, nə sənətin sahibidir?
- Dedim:
 Rəşid müəllim atam Cəmil Əkbər şair təbli alimdir. Gəncə şəhərində Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təssərrüfatı institutunda Siyasi-İqtisad elmi sahəsində 30 ildir tələbələrə dərs deməklə xalqımız üçün mütəxəssislər yetişdirməktədir.
- Bu cavabımdan məmnun qalan Rəşid müəllimdedi ki, “atanla görüşüb tanış olmaq istəyirəm.”
- Rəşid müəllimin bu məramını atam Cəmil Əkbərə çatdırdım. 
Nəhayət günlərin birindəCəmil müəllim Gəncədən Bakıya gələsi oldu. Və bir mübarək gündə Rəşid müəllimi teatrdakı məqam otağında ziyarət edib, görüşüb tanış oldu. Öz aralarında nə danışdılar, nə dedilər atam mənə daha açıqlama vermədi. Lakin üz-gözündə bir məmnunluq duymaqla, əhval-ruhiyyəsinin isə yüksək olduğunuhiss etdim. Bu görüş əsnasında da açıqca üzərinə həkk edilmiş rəngli şəkliniatam Cəmil müəlliməxatirə nişanəsi olaraqhədiyyə etdi. Bu əlamətdar görüşdən sonra anladım ki, Rəşid müəllimin niyyəti əsl-nəcabətimi öyrənmək,kimin övladı olduğumubilməkimiş.
Bu əhvalatdan illər keçəndən sonra Rəşid Behbudov yaradıcılığının araşdırıcısı Kamil Şahverdiyev günlərin birində mənə dedi: “Rəşid müəllimin qeyd dəftərində adını oxudum ay İlqar. Bu nə məsələdir?”. Oxucularıma anlatdığım gerçək həqiqətibir daha Kami müəllimə dəaçıqladım. Anladım ki, Rəşid müəllim atamla tanış olduğutarixi öz  xüsusi dəftərinə də qeyd edibmiş. 
Bu mübarək görüşdənbir müddət keçdikdən sonra (Konservatoriyadan məzun olmağıma az qalmış) Rəşid müəllim Təhsil Nazirliyinin məsul yetkilisinə rəsmi olaraq məktub ünvanlamış. Mənim “Rəşid Behbudov adına Mahnı Teatrı”nda işə başlamağım üçün öz imkanlarından istifadə etmiş olduğunu təyinat günü konservatoriyanın o dönəmki rəhbəri tanınmış musiqişünas alim Professor Elmira xanım Abbasovanın rektorluq etdiyi böyükotağındakomissiya üzvüləri ilə birlikdə müzakirə zamanıanladım. Təhsil nazirliyinin məsul nümayəndəsi Rəşid Behbudovun məramını Elmiraxanıma çatdırsa da rektorum Elmira xanım bu təklifi təəssüf ki, qəbul etmədi. Təhsil nazirliyinin nümayəndəsinə dediyi sözü heç unutmamışam dəyərli oxucularım:“İlqar İmamverdiyev 5 ildir bizim konservatoriyada əlaçı tələbəmiz kimi özünü göstərmiş, iki il ərzində iki dəfə tələbə elmi konfransında fərqli mövzuda məruzə ilə çıxış etmiş, birində 50 manat mükafat, ikincisində isə musiqişünaslıq sahəsində 2-ci dərəcəli diploma layiq görülmüş və fərqlənmə diplomunu almağa haqq qazanmışdır. İlqar İmamverdiyev bizim konservatoriyanın yetirməsi olmaqla uğurlu fəaliyyətləri ilə diqqətimizi çəkmiş, hətta Özbəkistanda, Leninqradda ifası ilə konservatoriyamızı digər tələbələrimizlə birlikdə müvəffəqiyyətlə təmsil etmişdir. Buna görə də sentyabrın 1-də “Xalq Çalğı Alətləri Kafedrası”nda gənc mütəxəsssis olaraq müəllim kimi Konservatoriyamızda çalışması uyğun görülmüşdür”.Etiraf etməliyəm ki, bu gözlənilməz xəbər məni həm sevindirdi eyni zamanda həm də məyus etdi əziz oxucularım.Konservatoriyada çalışacağıma sevinsəm də Rəşid Behbudov kimi nəhəng şəxsiyyətin sözünün yerə düşməsinə, mənim barəmdə olan xoş məramının gerçəkləşmədiyinə də kədərlənmişdim. Təəssüf edirdim ki, Rəşid Behbudov kimi müqtədir sənətkarınçalışma prinsipindən məhrum olmuşdum. Bu azman sənətkarın zənginifaçılıq təcrübəsindən, biliyindən faydalanmağı çox istəyirdim. Fəqət düşündüyün kimi olmur. Allahın nəsibi, qisməti demişlər.
Bu əhvalatdan bir qədər keçdikdən sonra Rəşid müəllimin yanına gedib  konservatoriyada müəllimlik fəaliyyətimlə yanaşı həmdəki bu məşhur musiqi kollektivində çalışmaq məramımı bildirdikdə konkret olaraq yarımştat çalışmağımı qəbul etmədi. Bu qəti qərardan sonra daha Rəşid Behbudovun məşqlərinə gedə bilmədim. Fəqət uzaqdan olsa da əlaqələrimi heç kəsmədim. Rəşid müəllimin musiqi kollektivində bir zaman populyar olan Xədicə Abbasovanın əlində gördüyüm fəqət deformasiyaya uğramış sazı (orkestrdə 3 saz varidi)qarmon və tar ifaçısı Kamil Vəzirovun xahişi ilə Bakıda ilk dəfə saz aləti düzəldənGədəbəyli Sazbənd Qəzənfər Tağıyevətəmir etdirib bu orkestrdə səsləndirilə bilməsinə nail olduğumu da etiraf edirəm. Sonralar bu sazlarda 1986-cı ildə Əmrah Gülməmmədovdan öyrəndiyim “Şahsevəni Müxəmməs” adlı klassik aşıq havasını 3 tonallıqda necə çalmışsa eləcə də Kamil Vəzirova dəqiq öyrətdim. 
Digər bir xatirəm bu əhvalatdan bir müddət sonra oldu. 
1982-ci ildə şair təbli ədəbiyatcı alimimiz, filoloji elmlər doktoru, professor Mustafa İsgəndərzadə ilə tanışlığım 6 yaşındakı oğlu Çinara saz öyrətməyimə vəsilə oldu. Mustafa müəllim saz-söz sevər alicənab bir insan olduğu üçün tək övladı olan Çinarın saz çalmasını çox arzulamışdı. Bu arzusunu gerçəkləşdirmək məramı ilə vaxtım olduğu zaman evlərindəki aşıq sazıyla dərs deyib Çinara saz çalmağı öyrədirdim. Klassik saz havalarını kiçik yaşlarından çala bildiyini nəzərə alıb və musiqi qabiliyyətinin çox yüksək səviyyədə olduğuna inandığım üçün, Mustafa müəllimlə məsləhətləşib nəhayət Çinarın “Bülbül adına Orta İxtisas Musiqi Məktəbi”ndə fortepiano sinfində dərs almasını qərarlaşdırdıq. Və bu məramla mənə Konservatoriyada dərs demiş “Bülbül adına Orta İxtisas Musiqi Məktəbi”nin o dönəmdəki direktoru, tanınmışbəstəkar Nazim Əliverdibəyovun məqamına gedib Çinarın saz çalmağını dinləməsini xahiş etdim. Hətta kiçik musiqilər də icad etdiyini Nazim müəllimin diqqətinə çatdırdım. Unudulmaz insan,xeyirxah niyyətli şəxsiyyətNazim müəllim də Çinarın qabiliyyətini görüb Bülbül adına məktəbdə fortepiano (Əzizə Mustafazadəninfortepiano müəlliməsi, həm də Çinarın da ixtisas müəllimi olmuşdu.) sinifində, bəstəkarlığı isə İlham Abdullayevdən təhsil almasını məsləhət bildi. İllər keçdikcə fortepianoda püxtələşən Çinarın vokal səsinin olduğu da diqqətimdən yayınmadı. Bu məramla da skripkaçı, müğәnni, professor, Əməkdar İncəsənət Xadimi  Rauf Adıgözəlov da Çinarla bir müddət xalq mahnıları və xüsusilə Azərbaycanın klassik əsərləri üzərində çalışaraq vokal sənətinin sirrlərini öyrətməyə başladı. Üzeyir Hacıbəyovun “Sevgili canan” əsərini fortepianoda profesionallıqla çalıb söyləməsi məni məmnun etmişdi. Sazda Azərbaycan aşıq havalarını çalması, fortepianoda “Həsəngəl”, “Bəri bax”  adlı xalq mahnısını və Üzeyir Hacıbəyovun “Sevgili canan” əsərini özünün müşayiəti ilə çalıb oxuması kimi çətin ifaçılığın öhdəsindən gələ bilməsi məni heyrətləndirməyə başladı. Nəhayət qərara gəldim ki, 11 yaşlı tələbəmi Rəşid Behbudova da göstərim. Ustadımız da öz qiymətini versin Çinara. Bu münasibətlə  sazı da götürüb Axundov Kitabxanasının sol yanında yerləşən, yenicə bərpasıtamamlanan“Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı”na gedəsi olduq. Birinci mərtəbədəki məmur və musiqiçilərin əhatəsində olan otaqda Rəşid müəllim ən başda əyləşmişdi. Sağ tərəfində isə ömür-gün yoldaşı Ceyran xanım oturmuşdu. Heç unutmuram qapının astanasında ikən həyəcan təlaş içərisində salam vermədənuca səslə dedim: “Rəşid müəllim gəlmişəm səhvimi düzəldəm. Əgər vaxtınız varsa Çinar adlı bu tələbəmi fortepiano olan otaqda çalıb oxumasını və sazdakı ifaçılığını dinləmənizi xahiş edirəm”. Cavabı bu oldu ki, elə bu toplantı yerində çalsın oxusun dinləyim. Məcbur qalıb otağa daxil olduq. Sazı çıxarıb “Orta kökə” sazı nizamladım. Çinar sazda “Ürfani” adlı klassik havanı çaldı. Daha sonra “Həsən gəl” adlı xalq mahnısını sazda çalıb oxudu. Sözlərimə əlavə edib: “Rəşid müəllim Çinar həm də fortepianoda Üzeyir Hacıbəyovun “Sevgili canan” əsərini oxumağı Rauf Adıgözəlovdan öyrənib” dediyim zaman heyrətləndi.“Təəssüf ki, bu otaqda fortepiano yoxdur”. Dedi ki, “sazda sən çal qoy balamız oxusun”. Çar-naçar qalıb sazda Üzeyir Bəyin “Sevgili canan” romansını “Orta kökə” nizamlayıb ilk dəfə mən çalası oldum və Çinar da oxudu. Bu sürpriz musiqidən şövqə gələn Rəşid müəllim də təkrar “Sevgili canan” romansını ahəstə səslə necə gözəl oxuması orada olan hamımızı valeh etdi.İndi də xatırladığımda təəssüf edirəm ki, o oxuma kaş yazılaydı maqnitafona. 
Nəhayət Rəşid müəllim dedi ki, “Çinarın bu çalmağını, oxumasını gördüm öz uşaqlığım yadıma düşdü”. Və mənə üzünü tutub əmr verdi:“Teatrın açılışında Çinar da iştirak edəcək!”. Bu qəfil qərardan sevincimin həddi-hüdudu yox idi. Çünki Rəşid müəllimin vokal ifaçılıq məktəbinin yetirmələrindən birinin tələbəm Çinarın olacağı ilə qürur hissi keçirirdim. Bu minvalla məşqlər başladı. Həftədə iki dəfə mahnı teatrında məşqə toplaşardıq. Çinar çalıb oxuduqca Rəşid müəllim səhvərimizi tutub iradlarını bizə bildirərdi. Ən nəhayət iki iradını diqqətimizə çatdırdı. 
İlk olaraq bir bənddən ibarət şeir yazılmalı idi. 
İkinci iradı isə Çinarın saz çalaraq hərəkət edib ayaqları ilə oyun jestlərini göstərə bilməsi idi. Bu çalmaq, oynamaq və oxumaq kimi 3 sənət alanını ifaçılıqprosesi zamanı bir aradatutmaq çox çətin məsələ idi Çinar üçün. Amma mütləq bunların yerinə yetirilməsi üçün birlikdəçalışmamız  lazım idi. Etiraf etməliyəm ki, hər məşq prosesində saz çalaraq Çinarın Şirvan aşıqlarına məxsus oynamaq şərti ilə səhnəyə daxil olması mənim üçün çox müşkül idi. Fəqət Rəşid müəllim qəti olaraq inadından vaz keçmirdi. Hər dəfə əsəbləşib yanlış hərəkətləri diqqətimə çatdırırdı ki, oynamaq məsələsini həll edə bilim.Lakin bu tövsiyəyə əməl etməyə çalışsam da heç cür alınmırdı. Nəhayət silsilə məşqlərin birində 75 yaşında özü səhnəyə çıxıb musiqinin ritminə münasib Çinarın necə oynayacağını görmək istədiyini əyani şəkildəyansıtdı. Örnək kimi son dəfə bizə göz qaş, mimiki və ayaq hərəkətləriniprofessional şəkildə necə ahəngdar,uyum içində göstərdiyi zaman heyrətimi gizlədə bilmədim.  Dedi ki,“bu hərəkətlərin hamısının bir yerdə olmasını istəyirəm sizdən. Çinar bu tərzdə səhnəyə çıxsın əlində saz çala-çala oxuyaraq oynasın!”
Rəşid müəllimin rəqqas kimiprofessionallığınaheyran qalmışdım. Anladım ki, Rəşid müəllim nəinki vokal sənətinin ustadıdır.Hətta peşəkarrəqs sənətinin incəliklərinə də vaqif mütəxəssis imiş. 
Rəşid müəllimin digər bir iradı şeirin kəlmələri üzərində idi. Çox həssas idi. Poetik kəlmələrin yerli-yerində, məntiqi bağlılıqda olmasına çox diqqət edərdi. Hər şeir, hər söz Rəşid müəllimi qane etməzdi. Rəşid müəlliministedadının bu yönünə də şahidi olduğumu etiraf etməliyəmdəyərli oxucularıma. Çinarın bir bəndlik oxuduğu şeirin yazılması üçün üç şair bu işə qatıldı.Çinarın atası şair Mustafa İskəndərzadə, Hikmət Ziya və Məmməd Aslan. Ağlımda qalan bənd belə idi:
Yazın sünbülüyəm mən,
Qönçə bir gülüyəm mən,
Ustad Rəşid babanın,
Körpə bülbülüyəm mən.
Xatirimdədir ki, “Rəşid Behbudov adına mahnı teatrı”nın  açılış gününün hansı səbəbdənsə iki ay ərzində bir neçə dəfə dəyişirildiyinə də şahid oldum. Sonuncu dəfə açılış tarixinin qərarlaşdırıldığı günlərin birində 9 iyun 1989-cu il tarixində nəhəng vokal ustadımızın anidən haqq dünyasına qovuşması bütün xalqımızı dərindən sarsıtdığı kimi Çinar ailəsinə,atam Cəmil Əkbərlə və mənə daha çox kədər hissiləri bəxş etdi. Kaş bu cür bəxşeyiş heç olmayaydı. 
Sən saydığını say, gör fələk nə sayır demişlər. Rəşid müəllim nə teatrın açılışnı görə bildi nə də Çinarımıvokal sənəti dünyasında püxtələşdirməsi  nəsib olmadı təəssüf ki... Beləcə bütün xəyyallarımız Şəhriyar babamız demişkən:“İtdi, batdı, dağıldı”.
Bu üzücü hadisədən sonra Çinar Mustafaoğlunun səsi də batdı, özü isə profesional musiqi sənətindən ayrılıb digər bir sahəyə keçməklə həyat-yaşam fəaliyyətini  başqa bir alandasürdürməyi qərarlaşdırdı...
Haşiyə: Onu da oxucularıma çatdırım ki,Rəşid müəllimlə söhbətimizin bir məqamında sözləri Fərhad İbrahimiyə, bəstəsi Əli Səlimiyə aid olan“Ayrılıq” mahnısını niyə oxumadığını sorduğumda Rəşid müəllim belə cavab verdi: “Bu mahnını İranda qastrol səfərində olarkən ilk dəfə mən oxumuşam!”. Bu cavaba heyrətimi gizlədə bilmədim. Bəs nə üçün səslənmir deyə öz özümə düşündüm uzun illər. Nəhayət aradan 15 il aradan sonra Türkiyənin TRT tar sənətcisi Murad Akçayla Ankarada görüşdüyüm zaman Rəşid Behbuovun ifasında “Ayrılıq” musiqisinin lent yazısı olduğunu təsadüfən dedi. Fürsəti qaçırmayıb xahiş etdim ki, SD-yə yazdırıb mənə versin. Elə də oldu. Dinlədiyim zaman Rəşid Behbudovun bu mahnının ilk ifaçısı olduğuna inandım. Şükürlər olsun ki, bu ifa Azərbaycan Radiosunun arxivində yer almaqdadır. Həttagünümüzdə Youtubedə də gənc nəsil vokalistlər bu ecazkar ifanı dinləyib faydalanmaqdadırlar.
1981-ci ildə gerçəkləşən ilk görüşümüzdən keçən 41 il ərzindən bəri nurlu xatirən qəlbimdə yaşadılmaqdadır Rəşid müəllim. Qaziantep Konservatoriyasında dərs dediyim tələbələrimə sənətinizin sirrləri haqda Youtubedə olan görüntülərdəki möcüzəli ifalarına isnad edərək  tutarlı bir dəlil olaraq izah etməklə yanaşı, magistr tələbələrimə Sizin yaradıcılığınızıhər zaman anlatmaqdayamey böyük ustadım Rəşid müəllim?
Xoşbəxtəm ki, əlim əlinə toxunub, gözlərim gözlərinə yaxından baxıb, müdrik sözlərin ürəyimə həkk olunub Rəşid müəllim! Sizin ruhunuz xalqımız üçün ərmağan etmiş olduğunuz əsərlərin hər birində duyulmaqdadır. İlahi façılığınızla bizimlə birlikdə yaşamaqdasınız bu fani dünyamızda Rəşid müəllim! 
Sizin fanatik çalışmanızı öz ifaçılıq və elmi fəaliyyətimlə ömrüm boyu doğrultmaqdayam Rəşid müəllim! Çünki Siz ustadlar ustadı, müəllimlər müəllimi olmusunuz musiqi mədəniyyətimizlə birlikdə dünya musiqi arenasında. 
Ruhun şad məkanın cənnət olsun Azərbaycanımızın qüruru, iftixarı Rəşid müəllim!
 
İlqar Cəmiloğlu İmamverdiyev
Sənətşünaslıq Elmləri Doktoru, 
                            Gaziantep Universiteti Türk Musiqisi Dövlət  Konservatoriyasının Professoru.
Türk Xalq Musiqisinə Xidmət Mükafatçısı
14.12 –2022 saat  22.38 Gaziantep / Türkiyə