EMİN SABİTOĞLU RUNUNA BƏLƏNMİŞ ÜLVİ XATİRƏM

EMİN SABİTOĞLU – 85

Mahmudov Emin Sabit oğlu (1937-2000)
 2000-ci il dekabırın 27-si qəmli günü heç unutmuram dəyərli oxucularım.
Tətil üçün Ərzurum Atatürk Universitetindən izin alıb ana Vətənimə
döndüyümdə xəbər aldım ki, məşhur bəstəkarımız Emin Sabitoğlunun həyatdan
vidalaşmasının 40-cı günüdür. Sabit Rəhmanın evində düzənlənmiş anım
mərasimində Azərbaycanın tanınmış sənət adamları, Emin bəyin ən yaxın
qohum-əqrəbaları, vəfalı dostları, tanışları bu hüzünlü gündə bir araya gələrək
ülvi xatirəsini yad etməklə son vəfa borcunu yerinə yetirir, ruhuna fatihələr
oxuyurdular. Ata ocağında bəlkə də ruhu başımızın üzərində dolaşırdı nə
biləsən? Bu duyusal gecədə gözümün önümdən çox əhvalatlar kino-lenti kimi
həzin-həzin gəlib keçdi bir anda. Emin bəylə olan bəzi xatirələrim gözyaşlarımla
birlikdə könlümə pünhanca süzülməkdə idi. Nə yazıq ki, Azərbaycanımızın
dünya çapında olan adlı-sanlı neçə-neçə məşhur alimlərimizi, tanınmış incəsənət
xadimlərimizi qeyb edirik günlərin birində. Dünyanın qədəri belə imiş sən
demə. Atam Cəmil Əkbərin “Dünya” rədifli bir gəraylısı bu məqamda necə də
yerinə düşür dəyərli oxucularım:

İnsan gəldi gedərgidi,
Sən salamat ol ay dünya.
Ömür günlər ötərgidi,
Qayğımıza qal ay dünya.
Biz köçdükcə sən azalma,
İnildəmə, nə sozalma,
Nə əksilmə, nə pozulma,
Sən yenidən dol ay dünya.

Qeyri-ixtiyari xəyallarım keçən əsrin 76-cı ilinə rəvan aldı. Emin müəllimi
Azərbaycan Dövlət Konservatoriyasının “Xalq Çalğı Alətləri Kafedrası”nda
təhsil aldığım 1-ci kursda Üzeyir Hacıbəylinin yaratdığı musiqi məbədinə dərs
demək üçün daxil olduğu zaman yaxından görüb tanımış, müəllim yoldaşları ilə
söhbət edərkən kənardan müşahidə etmək şərəfinə nail olmuşdum. Əsərlərini
mütəmadi olaraq Azərbaycanın Radio dalğalarından və televiziya efirindən
bu bəstəkarımızın zəngin melodiyalı könüloxşayan əsərlərini məşhur
müğənnilərimizin, ələlxüsus SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın,
Azərbaycanın Xalq Artistləri Şövkət Ələkbərovanın, Mirzə Babayevin, Gülağa
Məmmədovun, Flora Kərimovanın, Hüseynağa Hadıyevin, Akif İslamzadənin,
möhtəşəm ifalarını dinləməklə heyran qaldığımı səmimiyyətimlə etiraf
etməliyəm. Necə heyran qalmayasan? Çünki Emin Bəyin hər bir musiqiləri
insanları heyranedici, dinləyiciləri cəzbetmə qüvvəsinə malik idi. Lakin əsl bir
pedaqoq olmasını da özüm üçün kəşf etməklə yanaşı, həm də təbii bir şəxs kimi
insannlığın ali məqamında alicənablığı ilə yer alırdı söhbətində, sözündə,
rəftarında dəyərli oxucularım. Çünki Sabit Rəhman kimi ustadımızın təlimtərbiyəsi ilə pərvəriş tapmış, bəxş olunmuşdu Azərbaycan musiqi
mədəniyyətimiz üçün. Tələbə ikən bir əlimdə tar, digərində Azərbaycan aşıq sazının olduğunu
müşahidə etməsi diqqətindən yayınmadı. Konservatoriyanın fərqli bölümlərində
oxuyan tələbələrin bizim də iştirakımızla 31 dekabr tarixində düzənlədikləri
“Kapustnik” adlı yeni il şənliyində, xarici əsərlərdən bəzi nümunələri sazda
çala bilməyimi görmüşdü. Yaxından tanımağa başladığım zamandan Emin
Bəyin Azərbaycan sazına marağının çox böyük olduğunu dərk etmiş oldum.
Sən demə milli xalq alətimizin səsindən öz əsərlərində yararlanmasını,
tembrindən faydalanmasını da nəzərdə tutmuşdu irəli zamanda Emin müəllim.
İllər keçdikdən sonra bu sevdanın haradan gəldiyini özüm üçün anlamağa
başladım. Məlumdur ki, saz alətinə və saz musiqisinə münasibətin təməlini
Azərbaycan klassik musiqimizin banisi, dahi Üzeyir bəy Hacıbəyli atmışdır.
1908-ci ildə bəstələdiyi “Arazbarı” adlı kamera əsərinin timsalında və illər
keçdikdən sonra (1939) “Koroğlu” operasının bir çox məqamlarında “Osmanlı
Divani”dən “Aşıq şikəstəsindən” və s. Daha sonralar Qəmbər Hüseynli, Səid
Rüstəmov, Hacı Xanməmmədov kimi bir çox bəstəkarlarımız da saz motifləri
əsasında xalq mahnılarımıza çox yaxın olan bir çox vokal əsərlərlə zamanzaman xalqımızın ruhunu oxşamışlar. Hətta tanınmış bəstəkarımız Azərbaycanın Xalq Artistləri Fikrət Əmirov və Süleyman Ələsgərov da saz motifləri və ritmi
əsasına “Aşıqsayağı” adlı əsərini, daha sonra 1983-cü ildə “Saz və xalq çalğı
alətləri orkestri üçün “Aşıqvarı” əsərini bizim ifamızla Azərbaycan Radio və
Televiziyasının “Qızıl fondu” üçün lentə yazdırmış olduq. Məşhur bəstəkarımız
Azərbaycan Respublikasının Xalq artisti, Professor Aqşin Əlizadənin 70-ci
illərin ortalarında “Dəmir ağac” televiziya filmi üçün bəstələdiyi musiqi
nümunələri arasında “Cəlalı-Xalıq” adlı qədim saz havasının melodiyasından
orijinal tərzdə istifadə etdiyini xatırlatmaq istərdim. Bu musiqidə həm qədimlik
həm də çağdaşlıq eyni müstəvidə uyum içində yenilik kimi səslənməklə
ruhumuza fərəhlik gətirirdi. Daha sonralar Aqşin Bəy saz alətindən
yararlanmaqla 1991-ci ildə bəstələdiyi “V simfoniya”da bu sətirlərin
müəllifinin iştirakı və müşayiəti ilə “Dilqəmi” adlı aşıq havasının
səsləndirilməsi (https://www.youtube.com/watch?v=TPVe0iCmBN8&t=789 saat 14.06 – 15.15)
və televiziya ekranı üçün görüntülü lentə alınması (1991-ci il 5 may tarixində
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında məşhur dirijor Rauf
Abdullayevin şefliyində lentə alındı) ilə daha bir yeniliyə imza atmış oldu.
1981-ci ildə Azərbaycanın məşhur saz-söz ustadı Aşıq Alının 180 illiyi
münasibəti ilə əlaqədar görkəmli bəstəkarımız, Xalq Artistimiz, SSRİ dövlət
mükafatı laureatı Cahangir Cahangirovun məxsusi olaraq bu əlamətdar tədbir
üçün yazdığı “Aşıq Alı Kantatası”nda da bu sətirlərin müəllifinin iştirakı ilə saz
partiyasını çalmağım təbii ki, Emin bəyin nəzərini bir daha cəlb etmişdi.
Bu minvalla 1982-ci ildə Azərbaycan musiqili komediyası üçün yazıçı
Xalidə Hasilovanın librettosu əsasında “Nəğməli könül” adlı əsərinə Emin
Sabitoğlunun simfonik orkestr üçün bəstələdiyi musiqilər arasında “İstəməm”
adlı ritmik xarakterli, “Şur”ladına təməllənən gözəl bir vokal əsərdə saz
partiyasını çalmaq üçün musiqili komediya teatrına, müəllifin xoş məramı ilə
dəvət edildim. Əməkdar İncəsənət Xadimi Həsənağa Qurbanovun
(Konservatoriyadan 1976-1981-ci illərdə olan tələbə yoldaşım idi. Məkanı cənnət olsun)
dirijorluğu ilə “İstəməm” adlı musiqini çalaraq o dönəmdə populyar olan məşhur
müğənnimiz (SSRİ Xalq Artisti Rəşid Behbudovun rəhbərliyindəki musiqi kollektivinin
üzvü) Xədicə Abbasovanı müşayiət etməyimi də xalqımıza bildirmək istərdim.
Bu səbəblə də “Nəğməli könül” tamaşasında olan Emin Bəyin o xüsusi
əsərini çalmaq üçün ayda bir neçə dəfə Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının tamaşasına gedərdim. Onu da qeyd etməliyəm ki, simfonik alətlərin
müşayiətində sazın orijinal səslənməsi həm də o dönəmdə bir yenilik kimi teatr
seyirçiləri tərəfindən rəğbətlə qarşılanması alqışlardan bəlli idi.
Azərbaycan aşıq sazına, musiqisinə və zəngin ritminə olan məhəbbətinin
nəticəsi idi ki, Emin Bəy 1984-cü ildə rejissorlar Həsənağa Turabov və Əbdül
Mahmudov tərəfindən ekranlaşdırılan “Qanlı zəmi” (sovetlər dönəmində bu filmin
adı bir neçə dəfə dəyişdi: “Qaçaq Nəbi”, “Atrları yəhərləyin”) filminin musiqilərini
bəstələyərkən saz melodiyalarını xatırladan fərqli ahəngindən istifadə etmişdir.
Hətta bu musiqinin lentə yazılması üçün, saz və ud alətimi, səsləndirmək
(Bax: https://www.youtube.com/watch?v=yqXzjum0qKM saat 24.51 – 25.54 ) məramı ilə
Moskvaya, (“Mosfilm” studyasına səs yazısını qeyd etmək üçün ) rəsmi olaraq Emin
Sabitoğlunun başqanlığında ezam olunmuşduq. Xatırlatmaq istərdim ki, 1986-cı
ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülən bu filmdə səsləndirilən
“Qaçaq Nəbi” (digər bir adı “Dərbəndi”) adlı klassik aşıq havasını oxumaq üçün
Xalq Artistimiz Niyaməddin Musayevi sazımla müşayiət etmişdim. (Bax:
https://www.youtube.com/watch?v=yqXzjum0qKM saat 14.40 - 17.09)
Yeri gəlmişkən Emin Bəylə bağlı bir xatirəm məhz bu filmin musiqisinin
simfonik partiyasının nota yazılması ilə bağlıdır qiymətli oxucularım. O
dönəmdə Moskvanın məşhur “Rossiya” mehmanxanasında qaldığımız zaman
Emin Bəyin istirahət etdiyi otağa bir məramla qədəm qoyduğum zaman masa
üzərindəki not vərəqlərinə filmin musiqisini yazdığına şahid oldum. Kiçik otağa
nəzər salarkən fortepiano alətinin olmadığı diqqətimi çəkdi. Fortepiano olmadan
partituranı necə yazdığına, heyrət etdim. Filmin kadrlarına istinad edərək bütün
musiqinin mətnini öz duyğularına və ilhamına təməllənərək, düşüncəsinin
süzgəcindən keçirərək filmdə cəryan edən hadisələrə münasib, mövzunun
ruhuna uyğun harmonik səslərlə birbaşa bəstələyərək, eyni zamanda partitura
halında nota köçürə bilməsi, mənim üçün Emin Bəyin istedadının ən yüksək
dərəcədə olduğunun göstərgəsi idi. Bütün filmin musiqisini gecə sübhə qədər
təcili nota yazıb bitirdikdən sonra növbəti gün “Mosfilm” studyası nəzdində
fəaliyyət göstərən simfonik orkestr heyyətinin rahat çalabilməsi (hər bir alətlər
üçün yazılmış pariyaların çoxaldılıb məşqlər edə bilməsi üçün) üçün yekunlaşdırması
Emin Bəyin bəstəkarlığın fanatiki və sənətinin fövqəladə dərəcədə vurğunu
olduğunun təcəllisinin isbatı idi. Məhz Emin Bəy bu hadisə ilə ömrümə nəqş
olundu ki, 38 il aradan sonra bu gün də bu unudulmaz xatirəmlə könül
dünyamda yaşamqdadır əziz oxucularım.
1985-ci ildə Emin müəllimlə bağlı daha bir xatirəmi də oxucularımızla
paylaşmaq istərdim. Günlərin birində yeni əsəri üzərində məşqimizi
gerçəkləşdirmək üçün məni ata evinə sazımla dəvət edərkən çox sevinmişdim.
Sabit Rəhmanın ocağına qədəm qoyub böyük otağa daxil olduğumda qədim
fortepiano aləti diqqətimi çəkdi. Fortepianoya tərəf yaxınlaşdığımda Emin Bəy
mənə dedi ki, “sənə bir kaset quracam, dinlə! Sonra yeni əsərim üzərində
məşqlərə başlayaq”. Ev şərayitində yazılmış 60 dəqiqəlik kaseti maqnitafona
yerləşdirib düyməsinə toxunduğu zaman tanımadığım bir xanım müğənninin
məlahətli tembrə malik gözəl səsini, ifaçılıqdakı özünəməxsus fantaziyalarını
dinlərkən heyrətlər içində qaldım. Öz dəst-xətti, öz üslubu ilə heç kimsəyə
bənzəməyən bu oxuyan sənətçi xanıma Emin müəllimin verdiyi qiymət idi ki,
mənimlə ilk dəfə paylaşdı. Nəhayət bir neçə ifanı zövq ala-ala dinlədikdən sonra
oxuyan müğəninin kim olduğunu xəbər aldım. Dedi ki, Brilliant Dadaşova.
Anladım ki, Emin müəllimin kəşf etdiyi neçə-neçə məşhur sənətkarlar,
müğənnilər arasında Brilliant xanım da yer almışdır. Məhz bu kəşfindən sonra
iki musiqinin ilk ifaçısı Brilliant xanım olduğunun şahidiyəm qiymətli
oxucularım. Təxminən 1986-cı ildə yazıcı Məmmədiyyə Yusifzadənin ssenarisi
əsasında quruluşçu rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Aşığın arzuları”
adlı televiziya filminin iki musiqisindən birinin adı “Aşıq Gəncəli Dağlar” idi.
Bu əsərin səs yazısı kiçik tərkibdə olan musiqi qrupu ilə Bakı şəhərinin
“Fioletov” adlı küçəsənidə yerləşən səsyazma studyasında Brilliant Dadaşovanın
oxuması ilə və bizim saz müşayiətimizlə nəticələndi. Etiraf etməliyəm ki, qısa
bir zamanda bu mahnı Azərbaycanın gənc müğənnilərinin repertuarında o
dönəmdə yer almaqla yanaşı həm də toy-düyünlərimizdə populyarlıq qazandı.
Bu möhtəşəm ifadan az bir vaxtdan sonra bir çox müğənnilər də onları sazımla
müşayiət etməyi arzulasalar da bu təklifi qəbul etmədim. Çünki Brilliant xanım
şahanə ifası ilə Emin bəyin bu gözəl musiqisinə öz qeyri-adi səviyyədə olan
professionallıq möhrünü vurmuşdu.
Dəyərli oxucularım çox təəssüf edirəm ki, ikinci müşayiət etdiyim
musiqinin adını unutsam da Emin Bəyin bu əsərinin melodiyası hələ də
xatirimdədir. Musiqisevərlərə sadəcə olaraq notunu yazıb çatdırmaqla Emin
Bəyin bu əsərinin unudulmaması üçün vəfa borcumu vermək istərdim:
Emin Bəy Azərbaycan və Türk sevdalı bir şəxsiyyət-bəstəkar idi ki,
əsərlərində Azərbaycançılıq və Türkçülük abı-havası bir çox əsərlərində
sezilirdi. Xüsusən də sazla müşayiət etdiyim musiqilərində.
Bu məhəbbət idi ki, bir zamanlar (1994-2000) da İstanbul Texnik
Universiteti Konservatoriyasında kompozisyon, nəzəriyyə üzrə dərs dediyi
tələbələr Emin Bəyi heç unutmamışlar. Və kövrək xatirələrlə Süleyman Şenel,
Sərkan Erdəm, Oğuzxan Balçı və neçə-neçə tələbələri indi də əziz müəllimlərini
yad etməkdədirlər.
Musiqisevərlərimizə bir maraqlı məlumatı da çatdırmaq istərdim Emin
Bəyin yaradıcılığı ilə əlaqədar. Konservatoriyada çalışdığı dönəmdə Professor
Cahangir Tərzi adlı şairin sözlərinə İstanbul Texnik Universiteti üçün xüsusi bir
əsər də yazmışdı Emin müəllim. Konservatoriyanın bağlama müəllimi Cahangir
Tərzinin professorluq üçün “Yüksək Okul Kurumu”ndan (YÖK) 2015 ilində
rəsmi olaraq mənə göndərilən çalışmalarına rəy verdiyim zaman, sənədlərin
arasında Emin Bəyin partiturasını da görmüş oldum. Sonralar bu partituranı
musiqişünas alimimiz, 700 məqalənin 53 elmi kitabın müəllifi, Fəlsəfə Elmləri
Doktoru Professor Babək Qurbanova təqdim etdim ki, ana vətənimiz
Azərbaycana gedərkən özü ilə götürsün. Bu məramla da tədqiqatçımusiqişünaslarımızın diqqətinə çatdırılsın. Ələlxüsus da gözünün nuru vəfalı
qızı, musiqişünas alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru Professor, Ceyran xanım Mahmudovanın arxivində
yerini alsın.
Nurlu xatirən ürəyimdə yaşamaqda, gözəl tembrə malik səsin, danışığın
mənalı tövsiyələrin, sözlərin-söhbətlərin xəyalımda daima səslənməkdədir Emin
müəllim. Xalqımız üçün ərməğan etdiyin neçə-neçə möhtəşəm əsərlərinlə
millətimizin ruhunda, könül dünyasında hər zaman, hər an yaşamaqdasan. Çünki
sən Azərbaycanımızın özüsən, səsisən, nəfəsisən, gələcəyə səsləyən ecazkar
musiqlərinin nəcib ruhu ilə. Bununla belə musiqilərinin sədası Azərbaycan
sərhədlərini çoxdan aşmaqla qədim türk ellərində sevilərək Türksoylu sənətcilər
tərəfindən daima ifa olunmaqdadır. Qaziantep Universiteti Türk Musiqisi Dövlət
Konservatoriyadakı gələcəyinə inandığım tələbələrim: Dünya Təkin (TRT
sənətcisi), Leyla Telçəkən (TRT-nin 19 oktyabr 2022 tarixində düzənlədiyi səs yarışının 3-
cü dərəcəli diplomunun sahibi), Nəşə Dəmir, Buket Kılınçoğlu, Hivda Taş, Canan
Işık, Həvva Koroğlu, Zeliha Kaplan, Dərya Busə Maral, Fatoş Kil, Könül
Taksoy, Ebru Erol, Yazgül Altun bizim yönləndirməmizdə Sizin vokal
incilərinizi böyük məhəbbətlə öyrənib şövqlə oxumaqla ruhunu şad
etməkdədirlər. “Azərbaycan”, “Nə gözəldir”, “Nə gözəldir Azərbaycan”,
“Neyləyim”, “Dərələr”, “Dağlar”, “Sən olmuşam”, “Əsən yellər” və s. bu kimi
qüdsiyyət simgəsi şahanə əsərlərinizin timsalında.
Məkanın cənnət, ruhun şad olsun, ey mübarək insan Emin müəllim!


İLQAR CƏMİLOĞLU İMAMVERDİYEV,
Sənətşünaslıq Elmləri Doktoru,
Gaziantep Universiteti Türk Musiqisi
Dövlət Konservatoriyasının Professoru.
Türk Xalq Musiqisinə Xidmət Mükafatçısı