Gənclər bilik yolunda ayaqyalındırlar

Ona görə Üzeyir bəyin heykəlinə ayaqqabı atırlar

  Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakıdakı heykəlinin üzərinə ayaqqabı atan iki gəncin hərəkəti sosial şəbəkələrdə qınaq obyekti olub.
Hadisəni pisləyən ictimaiyyət nümayəndələri günahkarların tezliklə tapılıb cəzalandırılmasını tələb edirlər.
  Gənclərin hansı səbəbdən bu hərəkəti etdiyi məlum olmasa da, ictimaiyyət nümayəndələrinin fikrincə,  o ayaqqabı adi bir daş heykələ yox, Azərbaycan mədəniyyətinə, Azərbaycan kimliyinə atılıb. Bu kimi tərbiyəsizlik ən azı ictimai qınaqla üzləşməlidir. 

  Bir qrup şəxsə görə gənclərin şəxsiyyəti müəyyən edilərək həbs olunmalı, əgər təhsil alırlarsa təhsil ocağından qovulmalı, tiktok və bütün məşhur sosial şəbəkələrdə biabır edilməlidir. Elə bir müddətə həbs edilməlidirlər ki, heç bir zaman arayış alıb işə qəbul ola bilməsinlər. Ancaq o zaman Üzeyir Hacıbəylinin kim olduğunu dərk edəcəklər.
Bir çoxları isə hesab edir ki, dünyasını dəyişmiş biri üçün,dünyaya təzə göz açan birinin həbsini istəmək ədalətli deyil. 
  
Millət vəkili Etibar Əliyev isə hesab edir ki, bütün dahilərin həyatı gənclərə öyrədilməlidir. Bunu öyrətməyə borclu olanlar özlərindən danışırlar: 

“Gənclər bilik yollarında ayaqyalındırlar. Məktəb və universitetlərin bilik və tərbiyə verməyə gücü çatmır. Nəsillər arasındakı uçurumu gördünüzmü? Görsənməyən uçurumu! Heykəlin qarşısına gül qoyan nəsil yetişməlidir. Universitetlərin qarşısında durub bir anlıq gənclərin davranışlarına diqqət edin. Yaxınlaşıb  söhbətlərini də dinləyin... Dəftərsiz, kitabsız,  çantasız, telefonlu gənclik”.
  
  Yazar Şərif Ağayarın fikrincə, Üzeyir bəyin heykəlinə ayaqqabı atılmasını böyük problemə çevirmək lazım deyil. Ayaqqabı zarafatla atılıbsa, sadə bir nəzakətsizlikdir. Mədəni şəkildə başa salmaqla məsələni bitmiş saymaq olar: 

“Daha ciddi problemlərə diqqət etmək lazımdır. Üzeyir bəy sağ olsa, bu hadisə onu heç 8-ci dərəcəli iş kimi də maraqlandırmazdı. Gənclikdən şikayət etmək asandır, lakin bir balaca dərinə gedəndə zurna fırt eləyir. Oxuyan, kitabla tərbiyə olunan adamların aqibətini görüb, haqlı olaraq həvəsdən düşürlər. Problem gənclikdə deyil. Nəticələrlə mübarizə aparmaq nəticə verməz. Səbəblərə baxmaq lazımdır. Bu  məmləkətdə şəxsən mən gənclərə ağıl verməyə utanıram”.
  
  Şair Aqşin Yenisey isə “Şərq”ə açıqlamasında deyib ki, ictimai qınağın özü də cəzalandırma formasıdır. Əsas niyyətə baxmaq lazımdır, o gənclərin niyyəti Üzeyir Hacıbəylinin heykəlini aşağılamaq olubsa hansısa cəzadan danışmaq olar. Amma niyyət o deyilsə, istənilən cəzalandırma cəmiyyətin barbar mahiyyətini ifşa edər:

“Sosial şəbəkələrdə hamı hakimiyyəti günahlandırır ki, Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan gəncliyi mövcud hakimiyyət formalaşdırıb. Mövcud müxalifətin heçmi günahı yoxdur? Guya, müxalifət düşərgəsi gecə-gündüz Karl Popperin kitablarının müzakirəsini keçirirmiş, xəbərimiz olmayıb".

  A.Yenisey bildirib ki, ölkədə hər il kitab sərgiləri, cürbəcür mədəni tədbirlər olur: 

"Yaxşı, deyək ki, mədəniyyətin inkişafı hakimiyyəti maraqlandırmır, axı bu tədbirlərdə müxalif simalara da rast gəlmək çox nadir hadisədir. Axı mədəniyyətin inkişafı müxalifətə də sərf etmir. Cəmiyyət mədəniləşdikcə sıralar seyrəlir axı. Mübarizə, inkişaf anlayışını yalnız siyasi düşərgənin maraqları ilə məhdudlaşdırmaqla hansı mədəni, intellektual gənclikdən, hansı böyük gələcəkdən danışmaq olar?”.

Tanınmış jurnalist Jalə Mütəllimovanın fikrincə, aqressiyanı aqressiya yox, sevgi azaldır:

- Sevgi, söhbət, anlatmaq, bu, gəlirsiz ideoloji işdir. Amma ən böyük gəlir, kapital məhz o olanda gəlir, insan yetişir. Mənəviyyatlı, intellektli, yaxşı vətəndaş və gələcəyin qarantiyası olan insan. Odur ki, hər kəs dövlətə "ağıllı" məsləhət verməkdənsə, bir İNSAN yetişdirsin, bir insana səhvini sevgi ilə anlatsın, bir insana doğruları başa salsın. Yoxsa hər kəsi qolundan tutub qanun qarşısına, müttəhim kürsüsünə çıxarıb, haqqında ən ağır fərmanlar verməyə nə var ki?!.
  Üzeyir bəyin heykəlinə ayaqqabı atan uşaqlardan əl çəkmir adamlar. Məncə, Üzeyir bəy sağ olsaydı, o ayaqqabını yerdən götürər, o gəncə çevrilər və deyərdi ki, oğlum, gəl geyin ayağını, sənə soyuq olar, bir də belə eləmə. Və çevrilib daha qlobal işlərin dalıyca gedərdi. 

Məsələn, düşünərdi ki, milli dəyərləri bilməyib yetişən belə gəncləri, dəyərli insan kapitalına necə çevirmək olar?..