Diana ilə bağlı açıqlama...


“Anamın ölümüylə bağlı açıqlanmayan çox şey var”

  Kral ailəsi üzvlüyündən imtina edərək ABŞ-də müstəqil həyat yaşamağı seçən Şahzadə Harri və həyat yoldaşı şahzadə Megan Markl barələrində çəkilmiş sənədli filmdə şahzadə Diana ilə bağlı açıqlamalar da yer alıb.  Şahzadə Harri sənədli filmdə müsahibəsi zamanı anası – şahzadə Diananın ölümüylə bağlı hələ də açıqlanmayan bir çox məsələlər olduğunu deyib. Şahzadənin bu açıqlaması ciddi mübahisələrə və müzakirələrə yol açıb. Şahzadə Diana 1997-ci il avqustun 31-də Parisin “pont d.Alma” tunelində avtomobilin qəzaya uğraması nəticəsində həyatını itirib. Şahzadə 36 yaşındaydı. “Xalqın şahzadəsi” adını qazanmış Diananın ölümü nəinki britaniyalıları, dünyanın əksər ölkələrində ən sadə insanları yasa boğdu. Şahzadənin ölümündən illər keçməsinə baxmayaraq bu müəmmalı ölüm zaman-zaman yenə gündəmə gəlir, məlum avtoqəzadakı müəmmaların üzərindən sirr pərdəsi isə heç cür ortadan qalxmır. Şahzadə Harri də verdiyi müsahibədə anasının ölümüylə bağlı hələ də beynində sual işarələrinin qaldığını etiraf edib. Şahzadə Diana vəfat edərkən Harri 12 yaşındaydı. “Spare” adlı kitabının işıq üzü görməsindən sonra şahzadə Harri televiziya kanallarından birinə verdiyi müsahibəsində diqqət çəkən açıqlamalarla çıxış edib. Şahzadə “anamın ölümüylə bağlı açıqlanmayan çox şey var. Lakin buna rəğmən yeni  bir istintaq aparılmasna lüzum görmürəm”, - deyib. Şahzadə deyib ki, hadisənin baş verdiyini əks etdirən fotolara dəfələrlə baxıb. Diana can verərkən ona yardım etmək əvəzinə paparasitlərin avtomobilə yaxınlaşıb foto çəkməyə çalışdıqlarını da yaxşı xatırlayır. Onlar Diananın ölümündən təsirlənmirdilər, cəld işlərini başa vurmağa tələsirdilər: Hər kəs özünü Diananın ölümündən kədərlənirmiş kimi göstərirdi. Lakin onun ən çox sevdiyi 2 nəfər o anda heç bir insani duyğu sərgiləmədi”, - deyən şahzadə Harri anasının vəfatı ilə əlaqədar yalnız 1 dəfə - cənazə mərasimində ağladığını söyləyib. “Anamın öldüyü gecə harada olduğunu və nə etdiyin hər kəs bilir”, - deyən şahzadə Harri öz həyatı və həyat yoldaşı Megan Marklın həyatı üçün də qorxu hissi keçirdiyini bildirib: “Anamın ölümünü yadıma salanda öz həyatımız üçün dəhşətli qorxu hissi keçirirəm”.