İdeya ADAMI...

Hər dəfə onu görəndə XX əsrin əvvəllərində yaşayıb-yaradan ziyalılarımız yadıma düşür. O da Azərbaycan Xalq Cümhuriyyəti dövründəki aydınlarımız kimi vətənini, xalqını dərindən sevən insanlardandır...

“Yaxşı yadımdadır, illər öncə “Altun bitik” adlı kitabım işıq üzü görəndə çox yaxşı qarşılandı, hətta ona görə mənə Rəsul Rza Mükafatı da verdilər. Bizim ustad şairimiz Sabir Rüstəmxanlının iş otağında masaüstü kitab olduğunu gördüm. Rəhmətlik Robert Minnulinin timsalında Tatarıstanda belə rezonans doğurduğunun şahidi oldum. Bir çox insanların o kitaba münasibətindən demək olar ki, ortaq dillə bağlı ehtiyacı ifadə edə bilmişdik. Çox şadam ki, indi bu, fərdlərin yox, artıq ortaq türk qurumlarının qayğısına, vəzifəsinə çevrilib. İndi Türk Dövlətləri Təşkilatının yan qurumları kimi təqdim edə biləcəyimiz Beynəlxalq Türk Akademiyası var, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu var, həmin qurumların, onlarla əməkdaşlıq edən alimlərimizin çalışmaları var. Belə başa düşürəm ki, ortaq dil, ortaq əlifba mövzusu adını çəkdiyim qurum, quruluşlar və bizim qardaş ölkələrdəki elm-təhsil ocaqları da öndə olmaqla onların araşdırma mövzusudur. Bu məsələlər yalnız ədəbiyyatçılar, şair, yazıçılar tərəfindən həll oluna bilməz. Bizlər töhfə verə bilərik. Bu, elə məhz elmi və akademik münasibət tələb edir. Düşünürəm ki, sevda və peşəkarlıq hal-hazırda yanaşı getməlidir. Burada nə tələsə bilmərik, nə gecikə bilmərik. Bax, belə səssiz və sakit bir şəkildə bu prosesin irəliləyəcəyinə inanıram”, - söyləyir...

Nə işlə məşğul olduğunu, hansı ideyaya qulluq etdiyini yaxşı bilir. İdeya uğrunda çalışmağın nələrə qadir olduğundan, gördüyü işlərin necə nəticələyindən də xəbərdardır. Yaradıcılıq deyəndə o, yalnız şeir, hekayə yazmağı nəzərdə tutmur, ümumiyyətlə, ədəbiyyata, ədəbi əlaqələrdə bəlli bir tarix yaratmağa çalışır...

Deyir ki, - “Dil mövzusunda orta asiyalı qardaşlarımızın bəzi məsələlərdə şansı bizdən daha çoxdur. Bilirsinizmi, bizim coğrafiyada- Anadoluda, otaylı bu taylı Azərbaycanda, Özbəkistanda ərəb-fars sözləri dilin ritmini pozan elementlərlə daxil olub. Ancaq qazaxlarda, qırğızlarda, Rusiya Federasiyasında yaşayan türk xalqlarında dil daha özünəməxsus şəkildə və öz ilkinliyini qoruyub saxlayıb. Əlbəttə, dünyada başqa dillərdən söz almamış dil yoxdur, bütün dillər söz alış-verişində olublar. Ancaq biz bu gün görürük ki, öz türkcəmizdə başqa alternativ özgə sözlərdən istifadə edirik. Ortaq türkcə mövzusunda təkcə bizim respublika deyil, ondan öncəki dövrlərdə Anadoluda və başqa ölkələrdə türkologiya üzrə araşdırmalar da olub. 1926-cı ildə birinci türkologiya Qurultayı da Bakıda keçirilmişdir. Hazırda Beynəlxalq Türk Akademiyası dil mövzusunda çox yaxşı təhsil vəsaitləri və dərsliklər üzrə ciddi çalışır. Son vaxtlar görürük ki, bu bayraqdarlıq Azərbaycanın və Türkiyənin əlindədir. Biz bu məsələdə universal ortama gəlib çıxmışıq. Biz yeni bir dil yaratmırıq, hələlik ən çox daşıyıcısı olan, təsərrüfat baxımından Türkiyə türkcəsi faktiki olaraq ortaq dil statusuna malikdir. Ancaq digər türkcələrimizin də zaman-zaman bir birinə söz alış-verişinin intensivləşməyinə, yeni söz yaradıcılığına, arxaikləşmiş sözlərin lüğət tərkibimizdən çıxarılmasına ehtiyac var. Bu məsələdə şairlərimizin, medialarımızın, filmlərimizin rolu çox böyükdür. Gəlin etiraf edək, türkiyəli qardaşlarımızın sayəsində türk sineması türk ölkələrinə xeyli yeni adlar, deyimlər, üslüblar bəxş edir. Biz o kino sənayesindən faydalanmalıyıq. Biz bu ortaq türkcə ideyamızı ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuza inkişaf etdirməliyik…”.

Maraqlı və məzmunlu insandır. Özünü daha çox, məhz türkçülüyə həsr edib və bu yolda xeyli əziyyətlərə də qatlaşıb. Mehriban, səmimi, təvazökardır. Sürətli düşünə bilir, hadisələrə obyektiv yanaşmağı bacarır. Araşdırma məsələlərində pərgardır, real faktlara istinad etməyi xoşlayır. Necə deyərlər, boş-boş şeylərə vaxt ayırmağa onun nə zamanı var, nə də həvəsi. Cəmiyyət içində rəftarı və davranışı ilə örnək adamlardandır...

“Biz türk dünyası deyəndə son illərə qədər Güneydən açıq danışılmırdı. Bəlkə də, bizim əlimizə çatmayan informasiyalar var. Ancaq bilgimiz daxilində Güney Azərbaycan yazarlarını türk dünyası yazarları sisteminə aid edən əsas qurumlardan biri Dünya Gənc Türk Yazarlar Birliyi olub. Ola bilər ki, Güneydəki mövcud ictimai-siyasi durumlardan dolayı bəzi yazarlarımızı təzyiqə məruz qoymamaq üçün belə addımlar da atılırdı, mən kiminsə işinə kölgə salmaq istəmirəm, ancaq, nəhayətdə, bu iş olmalıydı. Güney Azərbaycansız, Təbrizsiz, Ərdəbilsiz, Savalan ruhu olmadan, nə türk dünyası birliyi? İndi güney və türk dünyası mövzusu bir çox öyrəşmədiyimiz adreslərdən də tirajlanmaqdadır, əlbəttə, mən daha çox yazarlar dünyasını nəzərdə tuturam. Ancaq bunu da təqdir edirəm, bir zaman biz Türk Dünyası deyəndə, Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxan, lağlağı edənlərə, indi görürəm ki, daha çox güneyçi, türkçüdürlər. Qoy olsun, bu ziyanlı deyil, nəticə etibarilə, bəlkə, bir faydaları oldu, amma kaş ki, daha səmimi bir ortamda bu işi görsünlər. Hazırda bizi daha ruhlandıran, güc verən ən əsas amil dövlətin münasibətidir…”, - söyləyir...

Bəli, haqqında söhbət açdığım Əkbər Qoşalı maraqlı və məzmunlu aydınlarımızdandır. Bir söhbətlə onun fəaliyyətini əhatə etmək qeyri-mümkündür. Onun barəsində danışarkən, gərək həyatını, yaradıcılığını, xidmətlərini hissələrə bölüb saatlarla ərz edəsən...

Əkbər Qoşalı 1973-cü ildə Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə, sonra isə Çatax kənd orta məktəbində alıb. 1995-ci ildə indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsilə yiyələnib. 15-dən çox kitabın müəllifidir. Xidmətləri müxtəlif mükafatlara layiq görülüb...

Aprelin 3-ü yazıçı, publisist, şair Əkbər Qoşalının növbəti ad günüdür. Ona möhkəm can sağlığı, firəvan həyat, fəaliyyət və yaradıcılığında uğurlar arzulayıram...

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu