“Milli Mətbuat Günü bizə minnət hissi ilə böyük ziyalımız, millətin ən işıqlı şəxslərindən biri olan Həsən bəy Zərdabini xatırladır”.
Bunu “Sherg.az”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Tanınmış jurnalist bildirib ki, Zərdabinin 1875-ci ilin 22 iyul tarixində “Əkinçi” qəzetini ortaya çıxarması Azərbaycan mətbuat tarixinin ən əlamətdar tarixidir:
“22 iyul faktiki olaraq bugünki mətbuatımızın təmələnin atıldığı gündür. Ona görə də o böyük kişini xatırlamamaq mümkün deyil. Həsən bəy Zərdabi nəşr etdiyi qəzetlə müsəlmanları, Qafqaz türklərini maarifləndirmə yolunu tutmuşdu. Onun ən böyük idealı, məqsədi insanları savadlandırmaq, yazı-pozuya öyrətmək idi.
Ötən 144 ilə və 1918-20-ci illər ərzindəki 23 aylıq dövrə, eləcə də 1991-ci ildən bu yana, 28 illik müstəqilliyə nəzər salsaq, Həsən bəy Zərdabinin ruhunun şad olduğunu deyə bilərik. Müasir Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin təsəvvür edə bilmədiyi bir səviyyədədir. Mətbuat tariximiz elə mərhələlərdən keçib ki, bəlkə də Zərdabi o mərhələləri xəyal belə etməyib. Bugün mediamız Zərdabinin missiyasından daha geniş vəzifələri icra etməkdədir”.
A.Həsrət xatırladıb ki, Zərdabi “Əkinçi”ni buraxmağa başlayanda çox ciddi problemlərlə üz-üzə qalmışdı:
“Çar imperiyasının senzurası həmin qəzetin sərbəst şəkildə nəşrinə imkan vermirdi. Ona görə də qısa bir müddətdə və çox məhdud sayda qəzet çap oluna bildi. Amma indi şükürlər oslun ki, Azərbaycan heç bir xarici dövlətin nəzarəti altında deyil. Müstəqil Azərbaycanın media siyasəti də müstəqil həyata keçirilir. O baxımdan bizim öyünmək və eyni zamanda Həsən bəy Zərdabiyə hesabat vermək üçün kifayət qədər nailiyyətlərimiz var. Əgər Zərdabi sağ olsaydı, böyük məmnuniyyətlə hesabatımızı qəbul edərdi”.
Jurnalist vurğulayıb ki, mətbuatımızın inkişaf etməsinin əsas səbəbkarı Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyevdir:
“Dövlət başçısı jurnalistlərin əsl dostu olaraq mediamızın inkişafı üçün əlindən gələni edib. Hətta jurnalistlərin sosial problemləri də dövlət tərəfindən həll edilib. Azərbaycanda müstəqil media ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bu da Həsən bəy Zərdabinin ən böyük arzusu idi. Həsən bəy Zərdabinin ruhu qarşısında alnımız açıq, üzümüz ağdır”.