Azər Həsrət: "Onların heç biri həmin pulların mənbəyi haqqında məlumat verə bilməyəcəklər"

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov xaricdə fəaliyyət göstərən siyasi mühacirlərlə bağlı feysbuk hesabında paylaşım edib.  O, bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır:

“Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.

Maraqlıdır, ölkəmizə qarşı təbliğat aparan mühacirlərin sahibi olduğu internet televizyalarının maliyyə mənbəyi haradan qaynaqlanır? Sualımızı cavablandıran siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət Sherg.az-a bildirdi ki, bu cür internet televiziyalarının ayaqda durması üçün böyük mərkəzlər maliyyə yardımı göstərirlər. Ekspert qeyd edib ki, həmin mərkəzlər xüsusilə ermənilərə yaxındır:

“Xaricdəki mühacirlərin internet televiziyası yaratmaqlarında məqsəd Azərbaycanın daxilində ictimai rəyi çaşdırmaq, xalqla-hakimiyyət arasında uçurum yaratmaq idi. Bu məqsəd üçün konkret mərkəzlər tərəfindən maliyyələşdirilən və tapşırıqlar əsasında yaradılan internet televiziyaları fəaliyyət göstərir. Təəssüf ki, həmin televiziyalarda çalışan və yaxud onu işlədənlər azərbaycanlılardır. Onlar bir qayda olaraq ruhunu şeytana satmış, vətəninə arxa çevirib xəyanət etmiş adamlardır. Həmin insanlar faktiki olaraq dövlətimizin əleyhinə fəaliyyət göstərməklə məşğuldurlar. 

Bəzən bu adamlar iddia edirlər ki, guya öz imkanları hesabına həmin televiziyaları ayaqda tuturlar. Bu, nağıl və cəfəngiyyatdır. Şəxsən özüm yeni texnologiyalarla iç-içə olan birisi kimi bilirəm ki, ən adi internet saytını belə saxlamaq böyük məbləğdə maliyyə hesabına başa gəlir. Televiziya kanalına gələndə isə onu saxlamaq həqiqətən böyük maliyyə tələb edir. Kimsə durub iddia edirsə ki, internet televiziyasını öz hesabına saxlayır, bu, nağıldır”.

A.Həsrət bildirdi ki, həmin internet televiziyalarını maliyyələşdirən mərkəzlər azərbaycanlıların əli ilə Azərbaycana qarşı dağıdıcılıq fəaliyyətini həyata keçirirlər:

“Ona görə də cəmiyyətimizdə xüsusən də ictimai fikrin önünüdə gedən insanlarımız diqqətli olmalı və bu cür adamların cəfəng təbliğatlarına uyumamalıdırlar. Yəni, vətəndaşlarımız həmin adamlara ilk olaraq belə bir sual verməlidir ki, “siz siaysi mühacirsiz, Azərbaycandan qaçıb getmisiz, guya siyasi problemləriniz olub. Elədirsə, hansı pullar hesabına internet televiziyalarını ayaqda tutursuz? Gəlin maliyyə hesabatı verin ki, bu pulların mənbəyi haradan gəlir”. Onların heç biri həmin pulların mənbəyi haqqında məlumat verə bilməyəcəklər. Çünki verəcəkləri təqdirdə dərhal ifşa olunmuş olacaqlar. Buna görə də düşünürəm ki, Azərbaycan cəmiyyəti o cür adamlara, xüsusən də internet televiziyası qurub anti-Azərbaycvan təbliğatı aparanlara diqqətli yanaşmalıdırlar”.