“Bu toplantının Bakıda keçirilməsi çox yaxşı haldır” – Baş redaktor


 Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib.

Mərasimə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıb.

Tədbirdə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak ediblər.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilatların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış ediblər.

Mövcud sahədəki tendensiylarla bağlı fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələrin getməsi də nəzərdə tutulur.



Keçirilən tədbirin əhəmiyyəti ilə bağlı “Sherg.az”a danışan “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirdi ki, Bakıya 20-yə yaxın ölkədən 35 nümayəndə gəlib:

“Onlar artıq bir neçə gündür ki, Bakıdadırlar. Keçirilən tədbir qonaqlara həm Azərbaycan mətbuatının vəziyyətini nümayiş etdirmək, həm də Azərbaycan reallıqlarını, Qarabağ problemini yaxından tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.

Eyni zamanda gələn qonaqlar mətbuat sahəsində təcrübəsi olan insanlardır. Onların fikirlərini dinləmək, bir yerdə olmaq, onlarla təcrübələri bölüşmək xoşdur. Toplantının Bakıda keçirilməsi olduqca yaxşı haldır. Bu il Bakıda Azərbaycan mediası rəhbərlərinin iştirakı ilə toplantı keçirildi.

Belə toplantıların davamı da olacaq. Tədbirin keçirilməsində əməyi olanlara uğurlar arzu edirəm. Sevinirəm ki, Bakıda belə qonaqlarla görüşdük”.