Hibrid müharibə... - Raya Əliyeva yazır 

Azərbaycanın enerji kommunikasiyaları və informasiya təhlükəsizliyi məsələləri
   
Soyuq müharibədən sonra beynəlxalq nizamın formalaşdığı dövrə nəzər salsaq görərik ki, bu dövrdə enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Bu səbəblə, enerji təhlükəsizliyinin beynəlxalq siyasətdə dövlətlərin əsas maraq sahələrindən biri olaraq önə çıxmasını vurğulaya bilərik. Müasir informasiya cəmiyyətində bu sahənin müdafiəsi ənənəvi hərbi gücdən fərqli olaraq qarşılıqlı informasiya mübarizəsi şəklində həyata keçirilir.

Enerji kəmərlərinin və tranzit yolların informasiya təhlükəsizliyinin təmini isə bu infrastrukturların həyata keçirilməsinə maneə ola biləcək, geniş çərçivədə baxsaq bütövlükdə dövlətin imicinə, beynəlxalq arenada nüfuzuna mənfi təsir göstərəcək, iqtisadi inkişafının qarşısını alacaq aktların önlənməsi və müdafiəsi kimi başa düşülür. 

Azərbaycanın neft kəmərlərinin informasiya təhlükəsizliyi problemləri

İnformasiya təhlükəsizliyi prinsiplərindən çıxış edərək Azərbaycanın enerji kommunikasiyalarının informasiya təhlükəsizliyinin təmini sahəsində görülən mövcud təhlükələri iki yerə ayırmaq olar:

• İnformasiyanın məxfiliyi prinsipinin pozulması – müəyyən məqsəd güdən istifadəçi tərəfindən serverə daxil olaraq orada icazəsiz dəyişiklik aparmasını nəzərdə tutur. Burada əsasən dəyişiklik edərək, bədbəxt hadisəyə səbəb olmaq, layihəyə maddi ziyan vurmaq hədəflənir.
• İnformasiyanın dürüstlük prinsipinin pozulması – əldə olunan informasiyanın əsl mənasından başqa formada əks olunmasını, süni problemlərin yaradılmasını nəzərdə tutur. Burada əsas məqsəd layihəyə mənəvi ziyan vurmaq, onun imicinə mənfi təsir göstərməkdir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin iştirakçısı kimi çıxış edən Azərbaycan Respublikası üçün hazırda enerji kommunikasiyalarının informasiya təhlükəsizliyi məsələsi kifayət qədər aktualdır. Zaman-zaman bu məsələ ətrafında bir sıra problemlər meydana çıxıb; müxtəlif dezinformasiyalar yayılıb, kiber hücumlara cəhdlər edilib. Belədə ortaya obyektiv bir sual çıxır: - Bu hərəkətlər kimlər tərəfindən edilir və hansı məqsədlərə xidmət edir?

Məsələnin daha aydın izahı üçün problemin mabədinə nəzər salaq. 1991-ci ildə müstəqilliyini yenicə əldə edən Azərbaycan Respublikası üçün əsas məsələ dünya sistemində öz yerini müəyyənləşdirmək və möhkəmlənmək idi. Müstəqilliyin, inkişafın davamlı olması yolunda bir sıra addımlar atılmalı idi. Beynəlxalq arenaya inteqrasiya ilə kifayətlənmək olmazdı, eyni zamanda, böyük dövlətlərin diqqətini də öz üzərinə çəkmək lazım idi. Sahib olduğu enerji resursları və əlverişli coğrafi mövqe ölkəmiz üçün böyük avantajlar yaradırdı. Lakin bu, Rusiya, İran, Ermənistan kimi bəzi dövlətləri narahat edirdi.
Enerji sektorunda Rusiya Azərbaycanı əsas rəqibi kimi görür. Çünki Rusiya Avropa bazarını enerji ilə təmin edir. Nəticədə Avropanın əli ilə iqdisadi cəhətdən güclənir və söz sahibinə çevrilir. 

Azərbaycanın dünya enerji bazarına müdaxiləsi və mövcud düzəni pozması onun uzunvədəli planlarına ciddi təhlükələr vəd edirdi. İlk növbədə bu konkret regionda Rusiyanın enerji nəhənglərinin monopoliyasına son qoyacaq və enerji daşıyıcılarının şaxələnməsinə gətirib çıxaracaq ki, bu da gücün bölünməsi və  Avropa iqtisadi coğrafiyasında Şimal qonşumuzun diktəsinin zəifləməsi anlamına gətirib çıxarır. Çünki heç bir dövlət qonşuluğunda güclü dövlətin mövcudluğuna razı olmaz. Eyni zamanda, bəzi Avropa dövlətləri və ABŞ  Rusiyanı hansısa "xoşagəlməz" hərəkəti  olduqda rəqibinin dəstəklənməsi şəklində onu nəzarətdə saxlaya bilərlər. Həmçinin Azərbaycanın enerji sektorunda  mövcudluğu və inkişafı, eləcə də Rusiyadan enerji asılılığını əhəmiyyətli dərəcədə azaltması ölkəmizə olan marağı daha da gücləndirir. Rusiya bunun fərqindədir. Lakin rəqibini sıradan çıxarmaq üçün ona qarşı birbaşa hücumları həyata keçirməyin də imicinə mənfi təsir edəcəyini çox yaxşı bilir. Buna görə də müasir informasiya cəmiyyətində “hibrid müharibə” adlanan informasiya müharibəsinin imkanlarından istifadə edərək dezinformasiyalar vasitəsilə məqsədinə çatmağa çalışıb. Faktlara müraciət edək. 

1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri" və "Çıraq" yataqlarının birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanan müqavilə – “Əsrin müqaviləsi” imzalandı. Bu, Rusiya üçün gòzlənilməz oldu. Buna görə də bəzi faktlar Rusiya tərəfindən bilərək qabardıldı. Müqavilənin imzalanmasından bir neçə gün sonra Rusiya Xarici İşlər Nazirliyi Xəzərin hüquqi statusunun hələ tam müəyyən olunmadığı və bu səbəbə görə də burada işlərin aparılmasının mümkün olmayacağı barədə bəyanat verdi. Məqsəd aranı qarışdıraraq müqaviləni deaktiv etmək idi. Həmçinin, bu dövrdə Rusiya "Əsrin müqaviləsi"nin iştirakçılarına Azərbaycandakı vəziyyətin gərgin olduğu, hər an hakimiyyət çevrilişi ola biləcəyi haqda yalan məlumatlar yayırdi ki, layihəni bacardığı qədər ləngitsin. Lakin elə Rusiyanın öz daxilində olan problemlər səbəbilə onun bu planları baş tutmayıb və Azərbaycan rəhbərliyi tərəfindən qarşısı uğurla alınıb.

Bütün bunların nəticəsidir ki, 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısının gedişində xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair  Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl arasında saziş imzalandı. 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. 

2018-ci il 14 sentyabr tarixində imzalanmış "Yeni Əsrin müqaviləsi" ilə isə “Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. "Yeni Əsrin müqaviləsi" 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır.  

Eyni zamanda xatırlada bilərik ki, 2008-ci ildə Türkiyədə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini hədəfləmiş bir kiber hücum olub. Hakerlər boru kəmərinin təhlükəsizlik kamerası şəbəkəsinə sızdıqdan sonra şəbəkənin təhlükəsizlik əlaqələrini pozmuş  və stansiyasının nəzarət avadanlığına giriş əldə edərək boru kəmərindəki təzyiqi artırmışdılar. Nəticədə boru kəməri partladı və 30 3 min barrel neft ətrafa yayıldı. Virtual müstəvidə həyata keçirilmiş terror sayəsində həm ətraf mühitə böyük ziyan dəydi, həm də neft kəmərinin fəaliyyətində 19 günlük axsama   yarandı.

Azərbaycanın qaz layihələrində informasiya təhlükəsizliyi...

Azərbaycan neftlə yanaşı, eyni zamanda, öz təbii qazını da dünya bazarına Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə çıxarır. Bu istiqamətdə həyata keçirilən layihələr beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə müsbət töhfəsini verməkdədir. Hələ 2003-cü ildə danışıqlar aparılan zaman Rusiyanın Xəzər məsələləri üzrə səfiri Viktor Kalyujnı Bakı-Ərzurum qaz kəmərindən imtina etməyi və Azərbaycan qazının Qara dənizin dibindən “Mavi axın” borusu ilə Türkiyəyə nəqlini təklif edib. Lakin amerikalı nümayəndələr bildirdilər ki, öz ixrac potensialı üzərində nəzarəti saxlamaq və digər təchizatçıların inhisarlaşdırılmış boru kəmərlərinə ümid etməmək Azərbaycan üçün daha yaxşı variant olardı.

2012-ci ilin iyununda Türkiyə ərazisində partlayış səbəbindən qaz nəqli dayandırıldı. BOTAŞ partlayışı texniki nasazlıqla əlaqələndirdi, lakin Türkiyə rəsmiləri bildirmişdilər ki, partlayıcı qurğunu PKK yaraqlıları qoyublar.

Məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaq olan Nabukko layihəsi Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın "Qazprom" şirkətinin həyata keçirmək istədiyi "Cənub axını" layihəsinə rəqib qismində çıxış edirdi. Nabukkonun əsas məqsədi Avropa Birliyi ölkələrini Xəzər hövzəsi və Yaxın Şərqin təbii qaz ehtiyatları ilə birləşdirmək idi. Bununla Qərb ölkələri təbii qaz üzrə təchizat mənbələrini şaxələndirmiş və Avropanın əsas təbii qaz tədarükçüsü olan Rusiyadan enerji asılılıqlarını azaltmış olacaqdılar. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misir olması planlaşdırılırdı. 

Lakin layihə həyata keçirilmir və TANAP bir növ bu layihənin əvəzləyicisi oldu.

Rusiyanın Nabukkoya və digər variantlara cavabı "South Stream" – Qara dənizin dibi ilə Rusiyadan Bolqarıstana qədər 1200 km. uzunluğunda 15 milyard dəyəri olan Cənub axını layihəsidir.

Ermənistan enerji sahəsində Azərbaycanın rəqibliyinə iddia edə bilməsə belə  aralarında davam edən müharibə səbəbilə daim yalan məlumatlar, ziddiyyətli xəbərlər yayaraq ölkəmizin nüfuzuna ziyan vurmağa çalışır. Təcavüzçü ölkənin   məqsədi nədir? Əvvəla, dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi imic formalaşdırmaq, onu qeyri-demokratik və qeyri-stabil ölkə kimi tanıtmaqla dünya dövlətlərini ondan uzaqlaşdırmaq. İkincisi, güclü enerji siyasəti güclü iqtisadiyyat deməkdir. Güclü iqtisadiyyat isə güclü ordu deməkdir. Bu isə Ermənistanın hazırkı vəziyyəti daxilində istəyəci ən son amildir.

Yeni transmilli nəqliyyat dəhlizləri

Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Həmin nəqliyyat dəhlizi Azərbaycanla Türkiyəni birləşdirir.    
       Bəzi ekspertlərin fikrincə, Azərbaycan tərəfinin Bak-Tbilisi-Qars layihəsini həyata keçirməkdə əsas məqsədlərindən biri Bakının bölgədəki geosiyasi əhəmiyyətini artırmaq və müharibə şəraitində olduğu qonşusu Ermənistanı daha çətin izolyasiya şəraitinə salmaq məqsədi daşıyır. Tbilisi və Qarsı Ermənistanın Gümrü şəhəri ilə birləşdirən Tbilisi-Gümrü-Qars  dəmir yolu xətti Dağlıq Qarabağ müharibəsindən sonra fəaliyyətini dayandırdı, çünki Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik münasibətləri kəsdi və Ermənistanla sərhədlərini bağladı. Bakı-Tblisi-Qars dəmiryol xətti Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərlərindən sonra növbəti və böyük əhəmiyyətə malik regional geoiqtisadi layihə kimi çıxış edir. Buna görə Avropa Birliyi və ABŞ həmin xəttin hətta Rusiyaya alternativ yol kimi çıxış etməsinə baxmayaraq, dəmir yolunun tikintisini maliyyələşdirməkdən imtina etdilər. ABŞ Konqresinin  2006-cı il dekabr tarixli aktında layihənin maliyyələşdirilməsi qadağan edilib. Aktın təşəbbüskarları Ermənistanın izolyasiya və qeyri-leqal iqtisadi blokadaya düşəcəyi məsələlərini  qaldırdılar.

        Nəticədə tikinti xərcləri 1 milyard dollardan çox olan dəmir yolu xəttinin Türkiyə öz ərazisində bütün tikinti xərclərini qarşılasa da Azərbaycan Gürcüstana dəmir yolu keçidinin tikintisi üçün 775 milyon dollar dəyərində uzunmüddətli kredit verdi. Layihənin əsas donoru statusundan istifadə edən Azərbaycan tərəfi yüklərin daşınmasında  Ermənistanın dəmir yol infrastrukturundan istifadənin mümkünlüyünü birmənalı olaraq rədd etdi.

Erməni mediası və siyasi ekspertləri dəmiryolunun açılışını hiddətlə qarşılayb. Arman Vaneskegyan Bakı-Tiblisi-Qars dəmir yolundan Türkiyə, Azərbaycan və Gürcüstanın Ermənistanı təcrid etmək üçün bir cəhdi kimi istifadə etdiyini önə çəkərək layihənin iqtisadi maraqlardan öncə siyasi məqsədlərə xidmət etdiyini iddia edir ki, "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini və mənasını anlamaq üçün Cənubi Qafqazın coğrafi xəritəsinə baxmalıyıq. Aydın görünür ki, Azərbaycanın dəstəyi ilə başlanan dəmir yolu layihəsi birmənalı olaraq siyasi layihədir və heç bir iqtisadi, maddi-texniki və ya başqa məqsədlər güdmür.

       BTQ-nin Asiya və Avropa arasında yükdaşımada əsas rəqibi Çindən Rusiya və Qazaxıstan vasitəsilə Avropaya keçən Yivu-London dəmir yoludur. Lakin BTQ-dən fərqli olaraq, bu alternativdə dənizdən (Xəzər dənizi) keçid tələb olunmur və artıq bir neçə ildir ki, Yivu-London dəmir yolu Çinlə Avropa arasında ticarət üçün istifadə edilir. Rusiyada mövcud olan digər dəmir yolları da BTQ üçün ciddi rəqib olmaq potensialına malikdirlər. Transsibir və Baykal-Amur magistralları ticarət üçün Yivu-London dəmir yolu qədər əhəmiyyət daşımasalar da Rusiya Dəmir Yolları bu tranzit xətlərinin inkişafı üçün investisiya ayrılması və lazımlı addımlar atılmasını hədəfləmişdir. 

       Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əsas problemi Orta Asiya və Uzaq Şərqdən gələcək yük vaqonlarının Xəzər dənizindən bərələr vasitəsilə keçirilməsidir. Bu isə bahalı prosesdir. 

       Qars-İqdır-Aralıq-Dilucu dəmiryol xətti tikintisinin Naxçıvan Muxtar Respublikası istiqamətində davam etdirilməsi  də düşünülür. Yeni nəqliyyat layihəsinə əsasən, tikintisi nəzərdə tutulan iki yoldan ibarət dəmiryol xəttinin uzunluğu 224 kilometr olacaq. Bu xətt Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdiriləndən sonra Şərqdən Qərbə tərəf bütün Türkiyə ərazisindən keçən Qars-Qapıqala xəttinə, daha sonra Avropaya doğru uzanacaq. Beləliklə, Qapıqala-Ədirnə-İstanbul-Əskişəhər-Ankara-Yozqat-Sivas-Ərzincan-Qarsdəmir yolu İqdır əyalətindən keçməklə Azərbaycan və İran dəmir yollarına birləşdiriləcək.

         Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə sərnişin daşınmasının 2019-cu ildən həyata keçiriləcəyi planlaşdırılır. Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərirlər.
Yuxarıda sadalanan faktları dəyərləndirərək söyləmək mümkündür ki, ölkəmizin enerji kommunikasiyalarının informasiya təhlükəsizliyinin təmin edilməsi tək həmin layihələrin iqtisadi səmərəliliyinin təmini baxımından deyil, eyni zamanda, xarici siyasətimizlə bağlı məsələlər kontekstindən böyük önəm kəsb edir. Ölkəmizdə bu sahənin aktuallığını nəzərə alaraq media və informasiya texnologiyalarının mühafizəsi və bu prosesdə iştirak edən subyektlər arasında münasibətlərin tənzimlənməsi və hüquqlarının qorunması məqsədilə konkret işlər görülüb, informasiya və informasiya təhlükəsizliyi sahəsində müəyyən qanunlar qəbul olunub. 

         Müasir dövrdə beynəlxalq münasibətlər müstəvisində olan proseslər dinamik olaraq dəyişir. Çünki hər şey maraqlara xidmət edir və onlar üzərində qurulub. Ölkəmizdə olan enerji kommunikasiyalarınn mövcudluğu müsbət və ya mənfi mənada  digər dövlətlərin maraqlarına toxunması onların hərəkətlərinin əsas istiqamətləndirici amili rolunda  çıxış edir. Azərbaycanın neft-qaz ölkəsi kimi tanınması və enerji-kommunikasiya xətlərinin şaxələndirməsi nəinki regionda, bütövlükdə qlobal enerji bazarında tərəfdaş və rəqiblərinin sayını artırıb. 

      Böyük güclərin çarpazlaşan maraqlarının cəlb olunduğu bu məkanda müvazinəti saxlamaq, çoxmilyardlıq layihələri qaralama kampaniyalarından müdafiə etmək üçün səmərəli informasiya təhlükəsizliyi sisteminin yaradılmasına ehtiyac vardır. Müasir kiberməkanda ölkənin həm milli, həm də iqtisadi maraq və mənafelərini qorumaq zərurəti həm də informasiya müstəvisində etibarlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini diktə edir.

     Hazırda siyasi arenada bu proses müasir dövrün tələblərinə uyğun olaraq  yeni şəkil almış və informasiya mübarizəsi, kiber hücumlardan və yayılmış yalnış informasiyalardan müdafiə formasında özünü göstərməktədir. Dövlətlər və ya terror təşkilatları  tərəfindən həyata keçirilməsindən asılı olmayaraq belə aktların əsas məqsədi maddi və ya mənəvi formada layihə sahibinə ziyan vurmaqdan ibarətdir.

         XXI əsrin dünya xəritəsində özünə layiqli yer tutmağa çalışan Azərbaycan Respublikasının həyata keçirdiyi enerji layihələri də müxtəlif vaxtlarda kiber hücumların və informasiya kirliliyi fəaliyyətlərinin hədəfi olub. Ölkəmizə qarşı həyata keçirilən belə tədbirlərin əsasını dezinformasiyaların yayılması təşkil edir ki, burada da əsas hədəf  enerji layihələrinin həyata keçirilməsinin qarşısını almaq və ya imicini korlamaqdır. Çünki Azərbaycann enerji sektorunda mövcudluğu və inkişafı beynəlxalq arenada ölkəmizə olan diqqəti artırır və eyni zamanda rəqiblərimizi də iqtisadi gəlirlərdən məhrum edir. Buna baxmayaraq planlı şəkildə həyata keçirilən belə hərəkətlərin qarşısı dövlətimiz tərəfindən uğurla alınır və bu istiqamətdə bir sıra tədbirlər görülür.

Raya Əliyeva, AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi