"Həmrəylik bizi daha da ruhlandırdı"

"Türkiyə-Azərbaycan və bütövlükdə türk dünyasının media platformasının real məzmun alması sevindiricidir"


Dünən Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub. Təqdimat mərasimində Azərbaycan və Türkiyə media qurumlarının rəhbərləri, Türkiyənin və digər türkdilli ölkələrin səfirləri, diplomatlar, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Vurğulanıb ki, ilk dəfə həyata keçirilən layihənin məqsədi türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və dil dəyərlərini əsas götürərək, türk dünyasının ortaq kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirməkdir.

Nadir proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir. Qeyd olunub ki, rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafının və təkmilləşməsinin əsasını təşkil edəcək. Eyni zamanda, nadir proqram təminatı sayəsində gələcəkdə türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.

Diqqətə çatdırılıb ki, türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət mərkəzindədir. Təqdimat mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bəyan edib ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir. İcraçı direktor vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycana Türkiyə qədər dəstək olan ölkə olmayıb:

“Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu həmrəylik bizi daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi, iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı prioritet hədəfimizdir. Burada ən əsas amil birgə atacağımız addımlardır. Ölkələrimizin rəhbərlərinin verdiyi qərarlarla ötən ilin sentyabr ayında Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi və bizim də tərkibində olduğumuz nümayəndə heyəti qardaş ölkənin mediası ilə birgə media platforması yaratmaq, hər bir ölkənin sosial mediası vasitəsilə dünyaya daha yaxından tanıdılması məqsədilə İstanbula səfər edib.

Səfər çərçivəsində hər iki ölkə arasında ortaq media platforması yaradılması ilə bağlı qərar qəbul edildi. Cəmi bir neçə ay sonra isə Azərbaycanla Türkiyə arasında media səhəsində strateji əməkdaşlıq haqqında memorandumun qəbul edilməsi haqqında qanun layihəsi təsdiqləndi. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təstiq edildi”. 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Şərq”ə vurğulayıb ki, Türkiyə-Azərbaycan media platformasının yaradılması ilə bağlı bir sıra istiqamətlərdə ciddi tədbirlər görülür. Baş redaktorun sözlərinə görə, Türkiyə-Azərbaycan və bütövlükdə türk dünyasının media platformasının real məzmun alması sevindiricidir:

“Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin bir sıra üstünlükləri var. Həmçinin, gələcək üçün daha böyük imkanların yaradılması nəzərdə tutulub.

Şübhəsiz ki, bundan sonra da yeni platformalar yaradılacaq. Sevindirici haldır ki, “Türk Dünyası” layihəsi ilk gündən peşəkar, ciddi platforma kimi formalaşır. Qarşıya qoyulan hədəflər də bütövlükdə Türkiyə və Azərbaycanın, eyni zamanda bu iki dövlətin ideya birliyi üzərindən formalaşan türk dünyasının birliyinə, bütövlüyünə xidmət edir.

Uğurlu bir addımdır, davamlı olmasını arzulayırıq”.