Bu, jurnalist taleyidir!- “Belə yerlərə hərbçilərin müşayiəti ilə getmək...”

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Bu barədə AZTV-nin sözçüsü Nigar Etibar öz "facebook” səhifəsində paylaşım edib. Hadisənin dəqiq hansı ərazidə baş verdiyi məlum deyil. Konkret bilinən isə odur ki, hər iki həmkarımız təxminən mərhum jurnalist Çingiz Mustafayevin taleyini yaşadılar. Ümumiyyətlə, media işçilərinin taleyi aşağı-yuxarı eynidir...

 BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli fors-major hadisələr zamanı “Dördüncü hakimiyyət” nümayəndələrinin fəaliyyəti barədə “qızıl qaydaları” “Sherg.az”a açıqladı: 

“Əlbəttə, məlum hadisəyə görə kədərlənir, həmkarlarımızın ailələrinə baş sağlığı verirəm.  Bu, jurnalist taleyidir. Həmin müxbirlər xidməti vəzifələrini yerinə yetirərkən düşmən qəsdi ilə üzləşdilər. Təəssüf ki, gözəgörünməz müharibə gedir. Hər addımda təhlükə var. Odur ki, qəbul olunmuş beynəlxalq qaydalara əməl etmək lazımdır. Belə yerlərə hərbçilərin müşayiəti altında getmək və onların müəyyənləşdirdiyi marşrutla hərəkət etmək labüddür. Bütün hallarda kimsə təhlükədən tam sığorta olunmayıb”.