Susduqca çoxalırlar

Şantaj və dələduzluq yolu ilə yaşayanların aqibəti betər olacaq

Azərbaycan mediası hər kəsin etimad göstərdiyi məkana çevrilməlidir


“Jurnalistikanın verdiyi hüquq və imkanlardan şantaj və dələduzluq yolu ilə başqalarından pul qoparmaq üçün istifadə edən şəxslər, artıq əməllərinin qarşılığını almağa başlayıblar”. Bu barədə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Baş redaktor bildirib ki, şəhid ailələrindən pul qoparmaq kimi heç ölçüyə uyğun gəlməyən, mənəviyyatsızlığın dibi sayılacaq bir davranış sərgiləyən - Azər Kərimov və Rübabə Vəliyeva adlı talançılar barəsində məhkəmə müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçib: “Haqqında həbs-qətimkan tədbiri seçilən başqa bir “media mənsubu” isə özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının “baş redaktoru” kimi təqdim edən Namik Əmrahovdur.

Bu qondarma baş redaktor Sabunçu rayonu, 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü sözügedən “xəbər portalları”nın  rəhbəri kimi təqdim etməklə, barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Şübhəsiz ki, Namik Əhmədov öz layiqli cəzasını alacaq. Amma Sabunçu rayon Prokurorluğunun Namik Əhmədovun əməli ilə bağlı yaydığı məlumatda diqqəti çəkən bir məqam var. Bu da jurnalistikadan öz çirkin əməlləri üçün istifadə edən Əhmədovun 2018-ci ildən, yəni 3 il ərzində baş həkimi hədələməklə ondan, ümumilikdə 2 min manat pul almasıdır.

Ramidə İbrahimova 3 il ərzində Namik Əhmədovun hədələrinə “dözüb”. Hüquq-mühafizə orqanlarına jurnalistikanın verdiyi hüquq və imkanlardan sui-istifadə edən bu şəxslə bağlı məlumat verməyib. Çox güman ki, Namik Əhmədovun əməllərinin qurbanı olan başqa şəxslər də var və onlar susmağa davam edirlər. Jurnalistikadan şantaj və dələduzluq yolu ilə başqalarından pul qoparmaq üçün istifadə edən şəxslərin sayının gündən-günə artmasının səbəblərindən biri də, şübhəsiz ki, bu susqunluqdur”. 

E.Mirzəbəyli vurğulayıb ki, tutduğu vəzifədən, statusundan asılı olmayaraq, ölkənin informasiya məkanının cinayətkarlığa meyilli şəxslərdən təmizlənməsini arzulayan hər kəs qarşılaşdığı neqativ əməllərlə bağlı hüquq-mühafizə orqanlarına dərhal məlumat verməlidir:

“Onlar Azərbaycan mediasının hər kəsin etimad göstərəcəyi bir məkana çevrilməsinə öz töhfəsini verməlidir. Digər tərəfdən, belə halların mümkün qədər məhdudlaşdırılması üçün hüquqi mexanizmlər təkmilləşdirilməlidir. Hər yoldan ötənin “media resursu” yaradaraq, jurnalistikanı urvatdan salmasına, informasiya məkanının cinayət yuvasına çevrilməsinə imkan verilməməlidir”.