Azərbaycan öz hədəflərini böyüdür

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Rəsmi Bakı azərbaycanlıların öz tarixi torpaqlarına Zəngəzura, İrəvana, Göyçəyə qayıdışını beynəlxalq müstəvidə qaldırmağa hazırlaşır


Azərbaycan və Ermənistan arasında müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması gələcək sülh üçün ən vacib nüans sayılır. Vaxtilə Avropanın bir çox dövlətləri də bu mərhələdən keçiblər. Əsrlər boyu bir-birinə düşmən kəsilən ölkələr tarixi səhvlərini unudaraq gələcəyə baxıblar. İndi Ermənistan da keçmişdəki səhvlərindən dərs çıxarmalı, bir daha Azərbaycan torpaqlarına göz dikməməlidir. Rəsmi Bakı 44 gün ərzində torpaqlarımıza edilən qəsbkarlığın nəticəsinin necə ağır olacağını hərbi əməliyyatlar vasitəsilə göstərdi. Bundan sonra ərazilərimizlə bağlı erməni revanşistlərin hansısa xəyala düşməsi bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər. Bu reallığı Ermənistanın indiki və gələcək siyasi hakimiyyəti nəzərə almalı, sülh sazişinin imzalanmasının ilkin mərhələsi olan üçtərəfli Bəyanat və digər razılaşmalara əməl etməyin qaçılmaz olmasını məsuliyyətləri ilə dərk etməlidir. 

Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə çıxışında növbəti dəfə Ermənistana sülh çağırışı etdi. Dövlət başçısı vurğuladı ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Lakin ölkə rəhbəri bəyan etdi ki, Ermənistan tərəfdən buna rəsmi reaksiya yoxdur: “Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Bu, çox böyük səhv olacaq. Bizim təklifimiz real vəziyyətə əsaslanır. Hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər”. 

Prezident qeyd edib ki, Azərbaycan bundan sonra ancaq və ancaq irəli gedəcək: “Bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Heç kim bizi dayandıra bilməz”. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Prezident zaman-zaman Zəngəzur, Göyçə və İrəvana qayıtmaqdan bəhs edir. Lakin ilk dəfədir ki, bunu konkret sənədə istinad edərək vurğulayır. Analitikin sözlərinə görə, bu o deməkdir ki, Bakının qaçqınların qayıdışı ilə bağlı gündəminə təkcə Qarabağ yox, Zəngəzur, İrəvan və Göyçə də daxildir:

İstisna deyil ki, məsələ qapalı danışıqlarda masaya qoyulub. Rəsmi Bakı azərbaycanlıların öz tarixi torpaqlarına Zəngəzura, İrəvana, Göyçəyə qayıdışını beynəlxalq müstəvidə qaldırmağa hazırlaşır. Azərbaycan öz hədəflərini böyüdür. Qarabağ məsələsi artıq bitib. Hədəf tarixi torpaqlara - İrəvana, Zəngəzura, Göyçəyə qayıdışdır. Bu həm də Qarabağ məsələsinin bitdiyini qəbul etdirmək üçün strateji gedişlərdən biri hesab oluna bilər”. 

Digər siyasi şərhçi Aqşin Kərimov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev 10 noyabr bəyanatının bəzi müddəalarının işləməməsini aydın görür və güclü tərəf kimi Zəngəzur kartından istifadə edir. Ekspertin fikrincə, 10 noyabr bəyanatının imzalanması ərəfəsində Azərbaycan Ermənistan qarşısında Zəngəzur məsələsini də qoyub.

İrəvan şifahi şəkildə boyun əysə də, sonradan vaxt qazanıb əvvəlki mövqeyinə qayıdıb: “Bəyanatın bazasında, ona istinad edilərək, üçüncü bir sənəd hazırlanıb və Ermənistan burada yeni güzəştlərə getmək məcburiyyətində qaldığını sənəd üzərinə köçürüb. Xatırlayırsınızsa, bundan əvvəl Ermənistan mətbuatı Nikol Paşinyanın 10 noyabr və 11 yanvar bəyanatlarından əlavə, üçüncü bir güzəşt sənədinə razılıq verdiyini yazırdı. Ölkə rəhbəri İlham Əliyev hələ işğal müddətində səsləndirdiyi bəyanatlarda İrəvan, Göyçə və Zəngəzurun adlarını çəkib. Bu, prinsipcə yeni bir bəyanat sayılmır. Yeni olan 10 noyabr bəyanatına istinadən həmin açıqlamaların bir daha təkrarlanmasıdır. Bu isə onu göstərir ki, Azərbaycan tarixi torpaqların qaytarılmasını qarşısına məqsəd qoyub. Türkiyə ilə keçirilən birgə təlimlər daha böyük hədəflərə hesablanıb. Prezident bir neçə dəfə Ermənistanla imzalanması planlaşdırılan sülh müqaviləsindən danışıb. Yəqin ki, dövlət başçısı ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması deyərkən 100 il öncə Ermənistana verilən torpaqları da bu bütövlüyün tərkibində görür. Ona görə də diplomatik masada hər dediyini etdirmək üçün iqtisadi rayonların yeni bölgüsündə Şərqi Zəngəzur adından da istifadə edilən fərman imzaladı. Əgər Ermənistan Azərbaycanın diktələrini qəbul etməzsə, üçüncü müharibə ehtimalı önə çıxır. Bunu dövlət başçısı İlham Əliyev də bəyan etdi”.