Jurnalistlərin vaksinasiya prosesi davam edəcək

Müşfiq Ələsgərli: "Növbəti prosesin sentyabrın 5-8-i aralığında keçirilməsi nəzərdə tutulur"


"Mətbuat Şurasında jurnalistlərin vaksinasiya prosesi cari ilin aprel ayından başlayıb və bu gün də davam edir". 
Bu sözləri "Şərq"ə açıqlamasında Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, bugünədək Mətbuat Şurasında 70-dən artıq redaksiyadan, təqribən min nəfərdən çox jurnalistin vaksinasiya prosesi həyata keçirilib: "Jurnalistlər daima ictimaiyyət və kütlə arasında işləyir.

Bilirsiniz ki, daim ictimaiyyət arasında olmaq koronavirusa yoluxma riskini artırır. Bu baxımdan Mətbuat Şurası bunu nəzərə alaraq jurnalistlərin növbədənkənar vaksinasiyanı həyata keçirtmək üçün bu təşəbbüsü qaldırdı.

Qeyd edim ki, bu proses aprel ayından başlayıb və bugünədək də davam edir. Nəzərinizə çatdırım ki, Mətbuat Şurasında sonuncu dəfə vaksinasiya prosesi cari ilin avqustun 5-də  həyata keçirilib, yəni biz də vaksinasiya prosesi dayanmayıb.

Sadəcə olaraq məsələ belədir ki, biz qruplar şəklində siyahı tuturuq və ayda bir dəfə TƏBİB işçiləri jurnalistlərin vaksinasiyasını həyata keçirir. Mətbuat Şurasında növbəti vaksinasiya prosesinin sentyabrın 5-8-i aralığında keçirilməsi nəzərdə tutulur. Sadəcə burada bir məsələ var. İstərdim ki, onu jurnalistlərimiz nəzərə alsınlar.

Biz əvvəldən elan vermişdik ki, vaksin vurdurmaq istəyən şəxslər öncədən Mətbuat Şurasının katibliyinə xəbər versinlər. Əvəz Rüstəmovun nömrəsini də orda qeyd etmişik.

Jurnalistlərimizdən xahişimiz budur ki, onlar  vatsap və ya email vasitəsilə ad və soyadlarını göndərsinlər ki, biz onları qabaqcadan qeydə alaq. Vaksin olunacaq günü və saatı əvvəlcədən onlara xəbər edək. Biz TƏBİB-in işini pozmaq istəmirik. Çünki TƏBİB briqadasını göndərir və onlar səhərdən axşamacan vaksinasya edirlər. Ona görə də biz qabaqcadan siyahını onlara təqdim etməliyik ki, onlar nə zaman və nə qədər vaksinlə gələcəyini öncədən bilsinlər.

Kimki Mətbuat Şurasına müraciət etmir, biz onları çağıra bilmirik.  Ona görə də bu yalnız jurnalistlərin özündən asılıdır. Fürsətdən istifadə edərək, Mətbuat Şurasının bu çağırışına operativ şəkildə cavab verdiyi üçün TƏBİB-ə təşəkkürümüzü bildiririk".