Reyestrə daxil olmuş jurnalistlərə vahid vəsiqələr veriləcək


“Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir

"Cibində jurnalist vəsiqəsi gəzdirən 25 mindən çox şəxs var. Yeni qanun qəbul olunandan sonra vəsiqələrin sayı heç 2000-dən çox olmayacaq"

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, deputatlar, media qurumlarının rəhbərləri və digər şəxslər iştirak ediblər. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Media haqqında” qanun layihəsinin qanunvericilik baxımdan mükəmməl hazırlandığını deyib. Komitə sədri bildirib ki, yeni layihə ilə bağlı işçi qrupları çərçivəsində bir çox görüşlər və müzakirələrin keçirilməsi nəzərdə tutulub: “Əsəs hədəf odur ki, yeni qanun layihəsi qanunvericilik və hüquqi baxımdan, eləcə də cəmiyyəti qaneedəcək səviyyədə olsun”. 

“Media haqqında” qanun layihəsi 9 fəsil və 78 maddədən ibarətdir

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, “Media haqqında” qanun layihəsi 9 fəsil və 78 maddədən ibarətdir. Komitə sədri qeyd edib ki, layihədə prinsipial məsələlərdən biri media subyektlərinin dairəsidir: “Mühüm məsələlərdən biri də media subyekti sayılmaq üçün tələblərlə bağlıdır. Layihədə informasiya oğurluğunun qarşısını almaq üçün müddəalar əksini tapıb. Layihəyə əsasən, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə biləcək. Reyestrdə olmayan jurnalistlərin jurnalist sayılmayacağı ilə bağlı layihədə heç bir müddəa yoxdur. Jurnalistin azad fəaliyyəti layihədə əsas müddəalar sırasındadır. Jurnalistlərin nəqliyyatdan pulsuz istifadəsi, ipoteka və sosial kreditlərdən yararlanması yaxşı olardı. Dünyada medianın qanuni yolla maliyyələşməsinin bir çox yolları var”.

“Yeni qanun media mühitini sağlamlaşdıracaq”

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov isə vurğulayıb ki, yeni qanun media mühitini sağlamlaşdıracaq. Onun sözlərinə görə, Azərbaycanda yeni hazırlanan “Media haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi informasiya təhlükəsizliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır: “Media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək”. 

“Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur”

Əhməd İsmayılov qanun layihəsinə əsasən Media Reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Reyestr jurnalistlərin və media subyektlərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verməyə imkan verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək”.

Copy-paste” jurnalistikasıyla mübarizə aparılacaq”

Medianın İnkişafı Agentliyinin icraçı direktoru bəyan edib ki, hazırda “KİV haqqında” qanunda mövcud olan və müasir çağırışlara cavab verməyən anlayışlar yenidən işlənib: “Yeni layihə xidmət müqaviləsi ilə fəaliyyət göstərən jurnalistləri də jurnalist hesab edir. “Media haqqında” qanun layihəsi “copy-paste” jurnalistikası ilə mübarizə aparmaq yolları da ehtiva edilib. Beləliklə, “copy-paste” jurnalistikasıyla da mübarizə aparılacaq”. 

“Media barəsində qanunvericiliyin qəbulundan 20 il keçib”

Mətbuat Şurasının sədri Əflatun Amaşov da “Media haqqında” qanun layihəsini dəstəkləyib. Vurğulayıb ki, yeni qanun layihəsi özündə yenilikləri ehtiva edir: “Cənubi Qafqaz ölkələrinin və bir sıra dövlətlərin qanunvericiliyinə bələdəm. İndiki qanun layihəsi onlara bərabər və ən yaxşı qanunvericilik olacaq. Hətta onları da qabaqlayacaq. Media barəsində qanunvericiliyin qəbulundan 20 il keçib, müəyyən dəyişikliklər olsa da, bir sıra məqamlar açıq qalıb. Yeni layihə həmin açıq məqamları nəzərə alıb. Bir sıra hallarda Mətbuat Şurasına müraciət olurdu və müzakirələr zamanı bəzi məqamları hüquqi baxımdan mübahisələndirə bilmirdik. Çünki bir çox saytların nizamnaməsində xəbərlə bağlı müəyyən müddəalar yox idi. Yeni sənəddə onlayn media geniş anlamda media subyektlərinə daxil edilib. İndiyədək Mətbuat Şurasına 16 mindən çox şikayət daxil olub. Onların hamısı məhkəməyə ünvanlansaydı, medianın vəziyyəti necə ola bilərdi?!”. 

MŞ rəhbəri bildirib ki, bəzi şəxslər öz mənafelərinə görə qəzet və ya sayt açırdı və onlara təzyiq göstərmək mümkün deyildi: “Ona görə də çap mediası ilə bağlı qanun layihəsinə əlavə edilən hissə alqışa layiqdir. Hətta ayrı-ayrı dövlət qurumlarının da öz saytları olurdu. Buna görə də öz xəbərlərini hansısa qəzetə reklam qarşılığında vermək istəmirdilər. Özləri qəzet çap etdirib xəbərlərini məhz orada dərc etdirirdilər. Yeni layihədə dövlət qurumlarının özlərinin hər hansısa sayt yarada bilməmələri ilə bağlı müddəa yer alıb”.

Ə.Amaşov əlavə edib ki, qanunun əsas mahiyyəti reyestrin yaradılmasının qabarıq formada göstərilməsidir: “Rəsmi statistikaya görə, ölkədə 6000-ə yaxın KİV fəaliyyət göstərir: Dəqiq araşdırma isə göstərir ki, bu rəqəm 8000-dir. Ayrı-ayrı insanlar özləri üçün sayt və qəzet açıb ayda bir dəfə xəbər yayırlar. Həmin qəzetləri də qoltuğuna vurub qapı-qapı gəzirlər. Reyestrin yaradılması bu kimi halların qarşısını almış olacaq. Digər mühüm məqam vəsiqələrin verilməsi ilə bağlıdır. Bu gün Azərbaycanda cibində jurnalist vəsiqəsi gəzdirən 25 mindən çox şəxs var. Yeni qanun qəbul olunandan sonra vəsiqələrin sayı heç 2000-dən çox olmayacaq”.

“Jurnalistlərin çoxu bu işə biznes sahəsi kimi yanaşır”

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bəyan edib ki, Azərbaycanda 28 minədək jurnalist adı altında fəaliyyət göstərən şəxs var: “Halbuki, onların çoxu bu işə biznes sahəsi kimi yanaşıb işləyir. Həmin şəxslər bu işə öz metodologiyaları ilə yanaşır. Onlar bu sahədə öz birjalarını qurub, bizneslərini yaradırlar. Yeni layihənin bir çox üstünlükləri olsa da, bəzi narahatlıq yaradan məqamlar da var. Misal olaraq, media barəsində hazırkı qanunvericilikdə media üzərində senzuranın yolverilməzliyi barədə müddəa var. Lakin bəzi istisna məqamlarda senzuranın olması qəbulediləndir. Bu hal ölkənin fövqəladə və hərbi vəziyyət zamanına aiddir. Ona görə də belə istisna hallar mütləq qeyd olunmalıdır ki, Avropada qınaq obyektinə çevrilməyək”. M.Ələsgərli eyni zamanda, media sahəsində cinayətə yol verib tutulan və azadlığa çıxan şəxslərin yenidən bu sektorda fəaliyyət göstərməsi üçün qoyulan məhdudiyyəti məqbul hesab edib: “Məhdudiyyətlərin qoyulması üçün bu istisna halın olması qeyd olunmalıdır”.

“Jurnalistlər test yolu ilə yoxlamadan keçirilsin”

Millət vəkili Qüdrət Həsənquliyev jurnalist vəsiqəsinin test yolu ilə verilməsini təklif edib. Deputatın sözlərinə görə, jurnalistlərə dair tələblər ciddiləşdirilməlidir: “Vəkillər test verir, sonra vəkillik hüququ qazanır: “Eyni zamanda, jurnalistlər də test yolu ilə vəsiqə ala bilsin. Ən azından test yolu ilə onların ilkin bilikləri yoxlanılsın. Bundan başqa, ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin media subyekti olmayacağı ilə bağlı layihədə maddə var. Amma məhkumluq üzərindən götürüləndən sonra o adam azad insan sayılır. Bu maddəni götürməliyik. Digər tərəfdən, siyasi partiyalar çap mediası istisna olmaqla media subyekti yarada bilməyəcək. Amma burda bir məntiq görmürəm, çünki bütün media subyektləri informasiya yaymaqla məşğuldurlar”.

“Mətbuat nümayəndələri attestasiyadan keçirilməlidir”

Deputat Elman Nəsirov da deyib ki, mətbuat nümayəndələri attestasiyadan keçirilməlidir: “Media haqqında” qanun layihəsinin yaradılması zəruri idi. Çünki köhnə qanunun qəbul edilməsindən uzun zaman keçib. Artıq ölkədə yeni reallıqlar yaranıb. Odur ki, qalib dövlətin informasiya sistemi qalib dövlətin adına layiq olmalıdır”. O, mətbuat nümayəndələrinin attestasiyadan keçirilməsinin məqbul olduğunu bildirib: “Jurnalistlərdən bəziləri müəyyən yollarla bu peşəyə gəlib. Bu gün həm ölkədaxili, həm də beynəlxalq arenaya ölkə həqiqətlərini çatdıran kifayət qədər mətbuat nümayəndələri var. Lakin beynəlxalq auditoriya üçün çalışan xarici dilləri bilən jurnalistlərə böyük tələbat var”.

“Regionlarda reket jurnalistikaya qarşı mübarizə aparılmalıdır”

Millət vəkili Naqif Həmzəyev bildirib ki, regionlarda reket jurnalistikaya qarşı mübarizə aparılmalıdır. O qeyd edib ki, bölgələrdəki ali məktəblərə Jurnalistika fakültəsi yoxdur: “Bu, regionlarda medianın inkişafına mənfi təsir göstərir. 

“Media haqqında” qanun layihəsinə regionlarda jurnalistikanın inkişafı ilə bağlı müddəanın əlavə edilməsi yaxşı olardı. Regionlarda reket jurnalistikaya qarşı mübarizə aparılmalıdır. 

Regionlarda yalançı jurnalist vəsiqsi ilə gəzən kifayət qədər şəxslər var. Onlara qarşı tədbirlər görmək zəruridir. 

Düşünürəm ki, qanun layihəsi media üçün çox faydalı olacaq”.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.