Yeni media qanununun ortaya çıxması bir reallıqdır


Qulu Məhərrəmli: "Ancaq sənədin ciddi müzakirəsinə və cəmiyyətdən gələn təkliflərin nəzərə alınmasına ehtiyac var"

Müşfiq Ələsgərli: "Qanunda müəyyən boşluqların olması istisna deyil və bunu inkar edən yoxdur"

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanıb və ictimaiyyətə elan olunub. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qəzet və veb saytların baş redaktorlarının, media ekspertlərinin iştirakı ilə müzakirəsi təşkil olunan yeni qanun layihəsi Milli Məclisin iki komitəsində də gözdən keçirilib. Gözlənildiyi kimi “Media haqqında” qanun layihəsi ilə bağlı müəyyən tənqidi fikirlər də gündəmə gəlməkdədir. Düzdür, əksər media təmsilçiləri hesab edirlər ki, Vətən müharibəsindən sonra dövlət-media, media-cəmiyyət münasibətlərində yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük tələbat yaradıb. Onlar xatırladırlar ki, Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilsə də, hələ müasir çağırışlarla uzlaşmır. 

Ona görə də yeni qanun layihəsinin qəbulu şərtdir. Təbii olaraq, layihədəki bəzi məqamlarla bağlı tənqidlər də səslənir. Bir sıra ekspertlər isə layihənin geniş müzakirəyə çıxarılmadan tələm-tələsik Milli Məclisə göndərilməsini doğru saymadıqlarını deyirlər. 

Layihə ətrafında gedən gərgin müzakirələrlə bağlı fikirlərini “Şərq”ə bölüşən media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, “Media” haqqında qanunun cəmiyyətdə fərqli reaksiyalar doğurması, bəzilərində hətta həyəcan və təşviş yaratması təbiidir. Professorun sözlərinə görə, belə bir qanunun ortaya çıxması təkcə mətbuatın, jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin məsələsidir:

 “Hər bir vətəndaş informasiya istehlakçısıdır. Məlumatlar alırıq, oxuyuruq, yeni proseslərdən xəbərdar olmağa çalışırıq. İnformasiyanın bizə necə çatması, onun arxasında dayanan ictimai münasibətlər, onların tənzimlənməsi önəmlidir. Faktiki olaraq, yeni qanunun ortaya çıxması bir reallıq, həyati zərurətdir. Çünki “KİV haqqında” qanun 20 il bundan əvvəl qəbul olunub və dəfərlərlə dəyişiklik edilərək tanınmaz hala salınıb. Digər tərəfdən informasiya texnologiyaları, internet meydanının genişlənməsi cəmiyyətdə informasiya və hüquq münasibətlərinin tənzimlənməsini tələb edir. Əvvəlki qanunlarda olmayan şeylər, yəni onlayn medianın, internet jurnalistikasının ortaya çıxartdığı rəqəmsallaşma, konvergensiya, qloballaşma, diversifikasiya və s. problemlərin hamısını özündə ehtiva edən hüquqi normalar olmalıdır. Qanun layihəsi üzərində müəyyən əziyyət çəkilib və artıq ictimaiyyətə təqdim olunub. Adını “ictimai müzakirə” qoysalar da, bu, heç bir halda ictimai müzakirə deyil. Sadəcə cəmiyyətə məlumat verilib ki, parlamentə belə bir qanun daxil olub. Əlbəttə, qanunda bir sıra vacib müddəalar var. Media sferasının bir çox sahələrini əhatə edir, hətta "KİV haqqında" qanundan fərqli olaraq burada həm də teleradio fəaliyyətinin tənzimlənməsi nəzərdə tutulur. Çox geniş bir qanundur. Amma qanun layihəsinin ciddi müzakirəsinə və cəmiyyətdən gələn təkliflərin nəzərə alınmasına ehtiyac var. Mübahisə doğuran məqamların aydınlaşdırılmasına ehtiyac var. Bəzi məqamlar mütləq şəkildə beynəlxalq konvensiyalara uyğunlaşdırılmalıdır. İctimaiyyətə təqdim olunan qanun layihəsinin kəm-kəsirləri həddindən artıq çoxdur. Sanki “çiy” və alayarımçıqdır. Qanun qəbul edərkən elə etmək lazımdır ki, ölkə Konstitusiyasının 50-ci maddəsinə və qanunun işlənməsi ilə bağlı 71-ci maddəsinə əks olmasın. Eyni zamanda Avropa İnsan Haqları Konvensiyasına və BMT-nin qəbul etdiyi sənədlərə uyğun olsun. Yəni qanun üzərində çox ciddi hüquqi proses getməlidir”. 

Q.Məhərrəmli layihədə mübahisə doğuran bəzi məqamlara aydınlıq gətirib: 

“Layihədə jurnalist anlayışının izahından tutmuş, jurnalistlərin reyestrdən keçməsinədək bir çox mübahisə doğuran məsələlər əksini tapıb. Media qurumlarının reyestri normal haldır. Düzdür, bəziləri buna etiraz edir, amma bilməliyik ki, cəmiyyətdə nə qədər mətbuat orqanı var, bu saytın sahibi kimdir, o qəzet haradan maliyyələşir və s. Amma jurnalistlərin reyestrdən keçməsi gülünc olmaqla yanaşı, insan hüquqlarına da ziddir. Necə ola bilər ki, mən 5 gün bir qəzetdə işləyib, başqa sayta keçəndə dərhal reyestrə məlumat verməliyəm. Belə xırda prosedurların qanun layihəsinə salınmasına ehtiyac yoxdur. Yeni informasiya texnologiyalarından və internetin gətirdiyi problemlərdən danışanlar düşünürlər ki, internet sahəsi tənzimlənməlidir. Amma beynəlxalq qanunlara görə internet və media profili heç bir halda tənzimlənə bilməz. O baxımdan internet televiziyalarının lisensiyalaşdırılması və onun lisenziyaya cəlb olunması ciddi narahatlıq yaradır. Hazırda media mühitində rənglər və strukturlar çoxdur.

 Azərbaycanda yutub kanalı və internet televiziyaları bir növ özünün inkişaf dövrünü yaşayır, dinamik proseslər gedir. Yaxşı cəhət odur ki, bunun bir çoxu ilə peşəkarlar məşğul olur. Nəticədə bu sahəyə media prinsipləri gəlir. Bunları qapatmaq və hansısa lisenziya tətbiq etmək gələcəkdə ciddi əngəllər yarada bilər. Hesab edirəm ki, qanunun üzərində media hüququ üzrə mütəxəssislər işləməlidir. Söhbət məlumat və ifadə azadlığı ilə bağlı qanundan getdiyi üçün üzərində ciddi şəkildə işlənməlidir. Elə etməliyik ki, sabah ortaya mükəmməl bir qanun qoya bilək. Tələskənlik və cəmiyyətdən gələn mesajların nəzərə alınmaması media sistemimizə ciddi ziyan vura bilər. Həmçinin, ölkəmizin beynəlxalq imicinə zərər gətirər”. 


Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli isə “Şərq”ə açıqlamasında vurğulayıb ki, qanun layihəsinin müzakirəyə çıxarılmasında məqsəd odur ki, media ictimaiyyəti, ekspertlər, hüquqşünaslar baxsınlar. Əgər ciddi boşluq varsa, öz təkliflərini versinlər. M.Ələsgərliyə görə, yeni qanun layihəsində müəyyən boşluqların olması istisna deyil və bunu inkar edən yoxdur: 

“Müzakirə şəraitini Milli Məclis özü yaradıb. Qanun layihə halını alıb, parlamentə gələnə qədər ilkin formatda bir neçə müzakirəsi aparılıb. Mən də müzakirələrdə iştirak etmişəm. İstənilən adam internetdə axtarış versə, təqribən 6-7 ay müddətində layihənin müzakirələrini görə bilər. Həm çap mətbuatı, həm də onlayn media strukturlarının rəhbərləri ilə ayrıca görüşlər keçirilib. İndi də parlamentdə şərait yaradılıb ki, ictimaiyyət nümayəndələri qanun layihəsi ilə tanış olsunlar, fikir və rəylərini bildirsinlər. Nəzərə alaq ki, qanun hələ layihə formasında və müzakirə mərhələsindədir. Yəni zəruri boşluqlar olarsa, onları düzəltmək, dəyişiklik etmək mümkündür. Gedişat göstərir ki, təkliflər nəzərə alınır. Bu qədər şəraitin içərisində ortalığa çıxan iradlara baxanda görürsən ki, ancaq tənqid var, real, ağlabatan təklif yoxdur. Yəni ortalıqda sadəcə tənqidi danışanlar var. Əgər kiminsə təklifi varsa, qanun layihəsinin daha yaxşı olmasını istəyirsə, onun üçün hər cür imkan yaradılıb. Qanun layihəsini bəri başdan tənqid edənlərin bəziləri özləri etiraf edirlər ki, hələ mətnlə tanış olmayıblar. Qanun layihəsini oxumayıbsa, nəyi tənqid edir?! Bu detalın özü göstərir ki, tənqidçilərin çoxları konseptual tənqidlə çıxış etmirlər. Sadəcə tənqid xatirinə tənqid edirlər”. 

Ekspertin fikrincə, iradların çoxu aidiyyəti üzrə deyil və lazımsızdır: “Media reyestrinin aparılmasını tənqid edirlər. Vurğulayım ki, media reyestri Azərbaycanda ilk dəfə tətbiq olunmur. İndiyə qədər onsuz da çap media qurumları Ədliyyə Nazirliyində uçota götürülürdü. Onlayn media qurumları da vergi xidmətlərində uçota alınırdı. Qanun layihəsində göstərilir ki, artıq bu proses vahidləşmiş qaydada həyata keçiriləcək. 

Bu da yeni imkanların yaranması deməkdir. KİV-lərin dəqiq sayı məlum olmalıdır ki, müəyyən inkişaf proqramları hazırlansın. Əgər media reyestri ilk dəfə tətbiq olunsaydı, danışmağa yer olardı. 

Media reyestri illərdir aparılır, sadəcə burada bu işlə məşğul olan qurumun adı dəyişdirilir və mərkəzləşdirilmiş formaya keçilir. 

Tənqidlərin bunun üzərində qurulmasını başa düşmək olmur. Hiss olunur ki, hansısa şəxsi maraqlarına görə, yaxud gündəmə gəlmək və müəyyən qrupa xoş görünmək üçün bu cür hərəkət edirlər. Təbii, bu fikrim hər kəsə aid deyil. Normal, mahiyyəti üzrə təkliflər verənlər, konkret maddələri göstərərək, onların düzəldilməsi istiqamətində öz təkliflərini irəli sürənlər var. Son olaraq qeyd edim ki, layihədə müəyyən korrekturalara və terminologiya üzərində işləməyə ehtiyac var. 

Amma bu məqamlar layihənin ümumi mahiyyətinə xələl gətirmir. Layihə medianın inkişafını stimullaşdıran bir çox yeniliklərlə zəngindir”.