2021-ci il media sahəsində nə ilə yadda qaldı? – Baş yazar danışır

2021-ci ilin sonlanmasına və 2022-ci ilin gəlməsinə çox az qaldı. Bu il ölkəmizdə bir sıra mühüm hadisələr baş verib. Pis, yaxşı bu ili də geridə qoymaq üzrəyik. Öküz ilində ölkəmizdə maaşlarla, təqaüdlərlə bağlı artım, inflyasiya və digər mühüm hadisələrə şahid olduq. Media sahəsində də xüsusi yeniliklər edildi. Media haqqında qanun layihəsi təklif edildi. Layihəyə münasibət bildirənlər arasında dəstəkləyənlər də oldu, dəstəkləməyənlər də...

Azərbaycan mediasının 2021-ci ildə keçdiyi yol və 2022-ci ildən gözləntilər barədə “Sherg.az”a danışan “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı bildirib ki, bu il media üçün çox önəmli il olub:

“2021-ci ildə mediamız üçün çox mühüm hadisələr baş verdi. Bu il ərzində Medianın İnkişafı Agentliyinin (MEDİA) aktiv fəaliyyətini gördük. 

Mətbuat üçün yeni qanun layihəsi təklif edildi. Qaydalarla bağlı müsbət və mənfi rəylər var. Lakin layihəni mütərəqqi addım kimi dəyərləndirirəm. Ümid edirəm, bununla bağlı gələcəkdə də nikbin fikirlər söyləyə biləcəyik.

Qeyd etmək istəyirəm ki, bu il ən çox televiziyanın inkişafını gördük. Xüsusilə internet televiziyasının tərəqqisi diqqət mərkəzində oldu. Sosial medianın inkişafı göstərdi ki, artıq yazılı xəbərlərə maraq azalıb, vizual xəbərlərə tələbat var. 

Digər tərəfdən artıq medianın sosial şəbəkələrə inteqrasiyasının şahid oluruq.  Xüsusilə, Tiktokda xəbərlər kütləvi izlənilir”.

 Xanlar ƏLİBƏY