Media və ictimai nəzarət sahəsinə xeyli sayda insan təsadüfi "soxulub"lar

Sui-istifadəçilər fonunda həqiqi medianın xidmətləri gözə dəymir
"Ölkədə ictimai nəzarət institutu həqiqətən özünü təsirli şəkildə göstərə bilmir və bu sahədə ciddi problem var"

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində media və ictimai nəzarətin əhəmiyyətini vurğuladı. Dövlət başçısı eyni zamanda ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik də təqdim edib. Ölkə rəhbəri vurğulayıb ki, cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin:

 “Dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Media və ictimaiyyət nümayəndələri qeyd ediblər ki, ölkə rəhbərinin ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı söylədiyi fikirlər vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyub. Ona görə də ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməyin zamanıdır.

Media eksperti, tanınmış jurnalist Azər Həsrət “Şərq”ə açıqlamasında bildirib ki, Prezidentin növbəti dəfə medianın və ictimai nəzarətini roluna diqqət çəkməsi təqdiredicidir. Ekspertin sözlərinə görə, normal, demokratik və insan haqlarına sayğılı ölkələrdə mediaya böyük önəm verilir:

 “Prezident bu məsələlərdə hər zaman həssas olub. Görünür, yenidən zərurət yaranıb ki, ölkə başçısı bunu növbəti dəfə ayrıca vurğulayıb. “Mediamız ictimai nəzarət funksiyasını necə yerinə yetirir” sualına birmənalı cavab vermək qeyri-mümkündür. Çünki hamını eyni cür qiymətləndirmək olmur. Azərbaycanda həm mediada, həm ictimai nəzarətdə sui-istifadə edən ünsürlər qalmaqdadır. Ona görə də keyfiyyətli ictimai nəzarətin həyata keçirilməsi mümkünsüzdür. Media nümayəndələrinə etimad olmalıdır. Etimadın olması üçün isə bu sahədə olan şəxslər, qurumlar bəyan etdikləri amallara vicdanla xidmət etməlidirlər. Media və ictimai nəzarət sahəsinə xeyli sayda insan təsadüfi “soxulub”lar və hərc-mərclik yaradırlar. Belə olan halda medianın keyfiyyətli ictimai nəzarət funksiyasından danışa bilmirik”.

A.Həsrət problemin çıxış yollarından da söz açıb: “Qəbul edilmiş və Prezidentin təsdiqini gözləyən “Media haqqında” qanunda müəyyən müddəalar nəzərdə tutulub. Həmin müddəalar medianın keyfiyyətinin yüksəlməsinə xidmət edir. Elə bir ortam yaratmalıyıq ki, media həqiqətən keyfiyyət dəyişikliyinə getsin. Normal media fərqlənsin və etimadı artsın. Ondan sonra media ictimai nəzarəti istənilən səviyyədə həyata keçirə bilər. Əlbəttə, ölkədə missiyasının fərqində olan, vicdanlı jurnalistikaya xidmət edən media qurumları var. Amma sui-istifadəçilər fonunda həqiqi medianın xidmətləri gözə dəymir. Medianın keyfiyyətinin yüksəlməsi və ictimai nəzarətin yeni mərhələyə daşınması zərurətdir. Dövlət başçısı iradəsini təkrar ifadə etdi. Məsələnin digər vəzifələri isə bizim kimi media nümayəndələrinin üzərindədir”.

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bildirib ki, Prezident məmur neqativləri ilə mübarizədə tək inzibati tədbirlərin kifayət etmədiyini deyərək ictimai nəzarət məsələsini xüsusi qeyd etdi. Baş redaktor vurğulayıb ki, ölkə başçısı ictimai nəzarətin hansısa institusional formatının tətbiqinin vacib olduğunu dedi: 

“Ölkədə ictimai nəzarət institutu həqiqətən özünü təsirli şəkildə göstərə bilmir və bu sahədə ciddi problem var. Belə hiss etdim ki, Prezident ictimai nəzarətin çoxsaylı subyektlərinin arasında nisbətən medianın işində səmərəlilik göstəriciləri görür. Bəs dövlət strukturları yanında xüsusi bir coşqu ilə formalaşdırılan İctimai Şuralar nə edir? Saysız-hesabsız QHT-lərin reaksiyası hanı? İctimai iştirakçılıq haqqında qanunda nəzərdə tutulmuş digər subyektlər necə? Bu qanunun tam şəkildə işləyə bilməsinə nə mane olur? Məncə, Prezident Azərbaycanda yeni struktur - İctimai Nəzarət qurumu yaratmaq fikrindədir. Qurumun dövlət və ya geniş səlahiyyətlərə malik ictimai qurum olacağını isə hələlik demək çətindir. Ancaq ölkədə həqiqi ictimai nəzarətə böyük ehtiyac var”.

“QHT.az” saytının baş redaktoru, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də bəyan edib ki, ictimai iştirakçılığın və ictimai nəzarətin inkişafı etdirilməsi dövlət başçısının diqqətindədir. QHT rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyev ictimai nəzarətə xüsusi önəm verməklə yanaşı, bu sahəsinin inkişaf edərək davamlı və daha səmərəli forma almasını istəyir:

 “Ötən illərin təcrübəsini təhlil etdikdə bir daha uğurların və çatışmazlıqların olduğunu görə bilərik. 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanunun icrasında müəyyən dövrdə problemlər yaranıb. Bu istiqamətdə yeni mərhələ 2021-ci ildən başlayıb. 2021-ci ilədək mərkəzi icra hakimiyyətləri yanında 12 ictimai şura fəaliyyət göstərib. Ötən il isə digər 8 mərkəzi icra hakimiyyəti yanında ictimai şura yaradılmaqla, ümumilikdə mərkəzi icra hakimiyyəti yanında ictimai şuraya seçkilər keçirilib. Hazırda 20 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar fəaliyyət göstərir. İctimai şuralara keçirilən seçkilər, həmin qurumların fəaliyyətində olan müəyyən qeyri-davamlılıq və digər məqamlar ictimai şuraların vahid mərkəzdən koordinasiya olunması ehtiyacını gündəmə gətirir. Həmçinin, bəzi dövlət qurumlarının ictimai şura yarandıqdan sonra ictimai iştirakçılığın digər formalarına az diqqət göstərməsi də müşahidə olunur. İctimai nəzarətin həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən ideya kimi irəli sürülən yeni institusional formatın meydana gəlməsi çatışmazlıqların aradan qaldırılması baxımından mühüm mexanizm olacaq”.

C.Hüseynzadə qeyd edib ki, ictimai nəzarət adı altında fərdi və korporativ maraqlar güdən bəzi qeyri-qanuni qurumların yaranması tendensiyası da mövcuddur: “Yeni institusional format bu mənfi tendensiyanın aradan qaldırılması üçün əhəmiyyətli rol oynaya bilər. Prezidentin çıxışından sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə bu sahədə ixtisaslaşmış QHT-lərin iştirakı ilə "dəyirmi masa" keçirildi. Tədbirdə dövlət başçısının ictimai nəzarətin institusional formatının işlənib hazırlanması ilə bağlı ideyasını dəstəklədiyimizi bildirdik. Eyni zamanda, mümkün mexanizmlər və fəaliyyətlər haqqında fikir mübadiləsi aparıldı və səmərəli təkliflər səsləndirildi. Hesab edirəm ki, müzakirələr ekspertlər səviyyəsində davam etdirilməli, ictimai nəzarətin daha səmərəli və davamlı keçirilməsi üçün institusional format işlənilib hazırlanmalıdır”.