"Əgər yarışma varsa, burada razılar da, narazılar da olacaq"

Medianın İnkişafı Agentliyi tərəfindən çap və onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində növbəti 6 ay üçün elan edilən müsabiqənin nəticələri açıqlanıb.
Bu barədə MEDİA-dan məlumat verilib.
Müsabiqədə iştirak edən 16 çap və veb-saytlardan 40-ı qalib olub.

Müsabiqənin qaliblərindən biri də “Editor.az” saytı seçilib. Bu barədə “Şərq”ə danışan saytın baş redaktoru Fərid Şahbazoğlu bildirib ki, dövlət dəstəyinin onlayn media subyektlərini əhatə etməsi olduqca mühüm bir addım idi. 

“Çünki indiyədək ancaq qəzetlər maliyyələşirdi və etiraf etməliyik ki, ölkədə ictimai rəyin formalaşmasında internet medianın mühüm əhəmiyyəti var. Təəssüf ki, bu haqda irəli sürülən təşəbbüslər Media İnkişaf Agentliyinə qədər olan mərhələdə görməzdən gəlinmişdi...
Bu ilk addımın atılması ideya və prinsip etibarilə mühüm idi. Xüsusən bu gün açıqlanan siyahıdakıların əksəriyyəti məhdud imkanlarla, kiçik kollektivlə müstəqil fəaliyyət göstərməyə çalışan xəbər saytlarıdır. Bu da həmin media quruluşlarının fəaliyyətinə verilən ciddi qiymətdir.  Bu mənada müsabiqənin nəticələrinin kifayət qədər uğurlu olduğunu düşünürəm. Əlbəttə, əgər yarışma varsa, burada razılar da, narazılar da olacaq. Bu, təbiidir. 
Ancaq Medianın İnkişafı Agentliyinin internet medianın fəaliyyətinə dəstək vermək ideyası və bunun məntiqi davamı olaraq müsabiqələrin keçirilməsi Azərbaycan mətbuatında keyfiyyətcə yeni mərhələdir. Həqiqətən ötən müsabiqənin qaliblərinə baxanda gördük ki, həmin qəzetlər və saytlarda özəl, keyfiyyətli materialların sayı kifayət qədər artır. Bütün bunlar Azərbaycan mətbuatında keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. 
Buna baxmayaraq, bir müsabiqə ilə mətbuatda uzun illər yığılıb qalmış problemləri həll etmək mümkün deyil. Qısa müddətdə MEDİA-dan bunu gözləmək reallıqdan kənardır. Əsas odur ki, keyfiyyətcə dəyişikliyin olması üçün iradə var. Mən bütün qalibləri təbrik edirəm və qalib ola bilməyən digər həmkarlara qarşıdakı müsabiqələrdə uğurlar arzu edirəm”.

Qaliblərdən biri olan “Azpost.az” saytının baş redaktoru Xaqani Səfəroğlu isə qeyd edib ki, bizim prinsiplərimiz peşəkar media ənənələri və jurnalistlərin etik davranış kodeksləri çərçivəsində fəaliyyət göstərmək olub.

“Fəaliyyət göstərdiyi 2 il ərzində sayt Azərbaycan mediasında müəyyən qədər öz yerini tuta bilib. Eyni zamanda ölkə mediasında fərqli yazılarla çıxış edib. 
Hesab edirik ki, media sahəsində aparılan islahatlar çərçivəsində hər hansı yardım layihələri varsa biz də müraciət etməli və bundan yararlanmalıyıq. Biz saytı açarkən müəyyən layihələrimiz, planlarımız var idi. Bunun üçün də büdcə olmalıdır. Ancaq bizim məhdud büdcəmiz ilə bunları həyata keçirmək mümkün olmurdu. 
Keçən dəfə də iştirak etmişdik, ancaq müəyyən səbəblərə görə maliyə yardımı ayrılmadı. Biz də bu barədə tənqidlərimizi, fikirlərimizi bildirdik. Anlayışla qarşılandı və  eyni zamanda biz də ruhdan düşmədik. 
Ölkədə işgüzar rəqabət mühiti olmalıdır və hər bir sayt reklamdan, abunələrdən, oxucu ianələrindən maliyyələşən media şəbəkəsinə çevrilməlidir. Bu baş verdikdə dövlət yardımı ancaq ikinci, üçüncü dərəcəli rol oynaya bilər. MEDİA-nın da niyyəti budur. Biz də onunla həmrəyik.        
                                Son 10 ildə Azərbaycan mətbuatının düşdüyü böhran mühiti ağır zərbələr vurub. Bu məsələnin tədricən həllini tapması üçün kompleks şəkildə görülən işlərə ehtiyac var. Bunlardan biri də dövlət yardımının səmərəli təqdimatı və istifadəsidir. 
Bütün maliyyə yardımı alan saytları təbrik edirəm, digərlərinə də gələcək layihələrdə uğurlar arzulayıram”.

Məsələyə öz münasibətini bildirən “Rupor.az” saytının baş redaktoru Ceyhun Musaoğlunun sözlərinə görə, yeni dövrün jurnalistika mühitinin formalaşması prosesi uğurla aparılır: 

“Jurnalist bir cümləsindən, jurnalistika bir qərarından bəllidir. Azərbaycan cəmiyyətinin demək olar bütün sferaları bir-biri ilə təmas müstəvisində fəaliyyət göstərir. Belə olduğu üçün peşəkarlığı və qeyri-peşəkarlığı anındaca görmək, qiymətləndirmək mümkündür. Jurnalistika birbaşa söz sənətidir. Ədəbiyyatdan fərqli olaraq, jurnalistika sözü deyilmədən, yazılmadan öncə min ölçülməli, bir biçilməldir. Yeni dövrün jurnalistika mühitinin bu həqiqət çərçivəsində formalaşması prosesi uğurla aparılır. Davamlı olsun”.

Sənan İsmayıl