UNESCO-ya müraciət çox önəmlidir


Ermənilərin Azərbaycana məxsus tarixi abidələrə olan qəddar və vəhşi münasibəti yerindəcə araşdırılmalıdır

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;


   Fevralın 4-də Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatdakı görüşünün nəticəsi olaraq razılıq ifadə olunub ki, UNESCO-nun Ermənistana və Azərbaycana missiyası həyata keçiriləcək. Bunu nəzərə alan Azərbaycanın nüfuzlu Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. QHT nümayəndələri Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırım haqqında beynəlxalq təşkilata məlumat veriblər. Vurğulanıb ki, məhz Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunub.

XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Beləliklə Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silib. Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirib. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib. Qeyd olunub ki, UNESCO-ya ünvanlanmış öncəki müraciətlərdə bir çox dəqiq faktlar da təqdim edilib. Vurğulanıb ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o, tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb. Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıdıb. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarətdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Məhz bütün bunları əsas gətirərək QHT rəhbərləri Azərbaycan xalqının çoxəsrli tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edib. Təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı olub: “Ümidvarıq ki, bu görüş zamanı öz üzərinə öhdəlik götürən Ermənistan UNESCO missiyasının reallaşmasına maneələr yaratmayacaq və bu missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının çoxəsrlik irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Ermənistan isə öz əməllərinə görə məsuliyyət daşıyacaq”. Müraciətə 30 QHT rəhbəri imza atıb. 

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında UNESCO-ya müraciətin çox önəmli olduğunu deyib. QHT rəhbəri bildirib ki, müraciətin əsasında sadəcə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər dayanmır: 

“Həmçinin, tarixi torpaqlarımızda, Göyçə mahalı, Zəngəzur, azərbaycanlıların əsrlər boyu yaşadığı İrəvanda ermənilərin xalqımıza məxsus mədəni irsi məhv etməsi ciddi araşdırılmalıdır. O baxımdan tələb etmişik ki, xüsusi ekspert qrupu bu işi araşdırmaq üçün Ermənistana getsin və tədqiqatlara başlasın. Sovet dövründə Azərbaycan xalqına, mədəni irsimizə qarşı həyata keçirilən fəaliyyət də ifşa olunmalıdır. Ermənilərin Azərbaycana məxsus tarixi abidələrə olan qəddar və vəhşi münasibəti yerindəcə araşdırılmalıdır. Ümid edirik ki, müraciətimiz nəzərə alınacaq və Ermənistanda obyektiv tədqiqatlara imkan yaradılacaq.

  Azərbaycan türklərinə aid olan mədəni irsin dağıdılması, məhv edilməsi faktları mütləq sənədlərdə öz əksini tapmalıdır”.